Yeni biznes ideyanı necə uğurlu etmək olar? UX/UI dizaynın biznes inkişafında rolu (Hissə 1)

Nigar Kazimova | Digital Product Designer
PASHA Bank
Published in
7 min readJan 27, 2021

Bəhsə girirəm, hər birinizin ağlına heç olmasa bir dəfə 100% uğurlu olacağını düşündüyünüz və “bunu reallaşdıra bilsəydim, qəşəng pul qazanardım” dediyiniz bir fikir olub. Hətta ola bilsin ki, hansısa biznes ideya və ya startup layihəni başlatmısız, lakin müəyyən səbəb və ya səbəblərdən dolayı uğursuz olub. Heç də kefinizi pozmayın, necə deyərlər, “bizi öldürməyən şey bizi daha da gücləndirir”. Motivasiya üçün bəyəndiyim sitatlardan başqa birini də sizinlə paylaşmaq istəyirəm:

“Mən uğursuz olmadım. Sadəcə olaraq, işləmədiyini gördüyüm 10,000 üsul yoxladım.” — Tomas A. Edison

Bu məqalədə sizə öz təcrübəm haqqında məlumat verməyi düşündüm. Maraqlı biznes ideyanı reallaşdırmaq üçün haradan başlamalıyıq, ideyamızı necə yoxlamalıyıq və uğurlu olması üçün nələr etməliyik.

Mən bazara yeni çıxan Kvik mobil tətbiqinin UX/UI dizayneriyəm, və məhz bu layihə üzərində çalışdığım dövrdə qazandığım təcrübəni sizinlə paylaşmaq istəyirəm.

Haradan başlayım?

Deyək ki, ağlınıza çox maraqlı bir fikir gəldi və siz bu fikri biznesə çevirib gəlir əldə etmək istəyirsiniz. Ən birinci etməli olduğunuz şey — yaratmaq istədiyiniz məhsula ehtiyacın olub-olmadığını araşdırmaqdır.

Biznes ideyanı yoxlamaq niyə vacibdir?

Bilirsinizmi ki, startup-ların 42%nin bağlanma səbəbi bazarda həmin məhsula ehtiyacın olmamasıdır? Əgər siz də həmin 42%-ə daxil olmaq istəmirsinizsə, mükəmməl olduğunu düşündüyünüz məhsula insanların həqiqətən ehtiyacının olub-olmadığını mütləq yoxlamalısınız və bunu mütləq şəkildə ən başda etməlisiniz, yəni, layihənizə vaxtınızı və vəsaitinizi yatırmadan əvvəl.

“Hər bir yeni ideya fərziyyədir. Bu fərziyyə ya təsdiq, ya təkzib olunmalıdır.”

Hətta aşağıda loqotiplərini gördüyünüz dünyaca məşhur şirkətlər uğursuz biznes ideya ilə rastlaşıblar, hansısa bir məhsulu istifadəyə veriblər, lakin həmin məhsula tələbatın olmadığını görüb, layihəni bağlayıblar.

İdeyamı necə yoxlayım?

Hər bir məhsul insanların istifadəsi üçün nəzərdə tutulur, buna görə də məhsula ehtiyacın olub-olmadığını öyrənmək üçün insanlarla danışın.

Bizdə bu proses necə baş verdi? Ağlımıza işləyəcəyini düşündüyümüz bir məhsulla bağlı fikir gəlmişdi. Bu fikri yoxlamaq üçün ilk öncə insanlarla müsahibələr (user interview) apardıq. Müsahibələrə dost-tanışlarımızı, iş yoldaşlarımızı, ailə üzvlərimizi dəvət etdik. Tanışlarımızdan onların tanışlarının nömrələrini götürdük, zəng etdik, telefonla söhbət etdik.

Xüsusi heç nə soruşmurduq, gündəlik həyatlarında nə kimi ödənişlər etdikləri, həmin ödənişlər zamanı nə kimi çətinliklərlə üzləşdikləri, cari istifadə etdikləri mobil tətbiqlərinin nə dərəcədə onları qane etdikləri və s. barəsində söhbət edirdik.

“Siz öz ideyanızı yoxlamalısınız, satmalı deyilsiniz.”

Bir məqama xüsusi diqqət yetirməlisiniz: siz öz ideyanızı yoxlamalısınız, satmalı deyilsiniz. Yəni, müsahibə keçirdiyiniz insana öz ideyanız haqqında heç nə deməli deyilsiniz, çünki insanlar kiminsə xətrinə dəymək istəmirlər və bu səbəbdən, əgər siz “əla bir fikir ağlıma gəlib, istəyirəm onu reallaşdırım” və ya “sən olsan bu məhsulu alardın?” söyləsəniz, çox güman ki, qarşınızdakı şəxs sizi qırmamaq üçün fikrinizi tərifləyəcək və sizi dəstəkləyəcək. Belə olduqda isə özünüz özünüzə zərər vermiş olacaqsınız.

Yeri gəlmişkən, biznes ideyanızı yoxlamaq üçün insanlara hansı doğru sualları vermək lazım olduğunu sizə öyrədəcək bir kitabı məsləhət görmək istəyirəm: Rob Fitzpatrick — The Mom Test. Kitabın qısa xülasəsi belədir: “Biznes ideyanı yoxlamaq üçün ideyanın yaxşı olub-olmadığını anandan soruşma, çünki o səni sevir və sənə yalan deyəcək”.

Biz müsahibələrimizə başlayanda tamamilə fərqli bir biznes ideyamız var idi və həmin layihə daha çox mobil operatorlarla ödənişlərin birləşdirilməsi ilə bağlı idi. Lakin insanlarla danışdıqdan sonra onların daha fərqli şeylərə ehtiyaclarının olduğunu gördük və istiqamətimizi dəyişdik.

Rəqəmlər toplayın

Üz-üzə və telefon görüşləri sizə daha çox keyfiyyət tipli məlumat verir. Lakin potensial müştərilərin sayı çox olduqda bu şəkildə müsahibələri keçirmək çətin olur. Belə halda müştəri sorğuları əlinizdən tuta bilər.

Google Forms, SurveyMonkey, Survio kimi saytlar qısa bir zamanda onlayn sorğu yaratmağınız üçün rahat alətlərdir. Sorğunuzun uzun olmamasına diqqət yetirin. Çalışın, 5–6 sualdan çox olmasın, çünki insanlar uzun sorğuları cavablandırmağı sevmirlər.

Bizim layihə üçün insanların nağd ödənişlərə üstünlük vermələrinin səbəblərini dəqiqləşdirmək vacib idi. Buna görə biz sorğu keçirmək qərarına gəldik. Sorğumuzda 351 nəfər iştirak etdi, və nəticələr belə oldu:

Sorğunun nəticələrinə əsasən həmçinin müəyyən olundu ki, azərbaycanlılar daha çox nağd puldan nəqliyyatda (sorğuda iştirak edənlərin 54,1%), marketlərdə (53,3%), kafe və restoranlarda (52,4%) istifadə edirlər.

Beləliklə, bizə aydın oldu ki, bizim əsas fokuslanmalı olduğumuz məqam — nağd ödənişlərə öyrəşən insanların vərdişlərini dəyişmək, onlara ödəniş üçün nağd puldan daha rahat olan bir vasitə verməliyik.

Rəqiblərinizi araşdırın

Beləliklə, biz artıq hansı istiqamətdə getməli olduğumuzu müəyyən etdik, və bazarı araşdırmağa başlaya bilərdik. Daha bir statistik məlumat: startup-ların 19%-i bazardakı rəqabətə tab gətirə bilmədikləri üçün bağlanırlar.

Rəqiblərinizi yaxşı tanımaq vacibdir. Siz bilməlisiniz ki, sizin həll etməyi düşündüyünüz problemin həll yolunu kimsə artıq tapıbmı, həmin həll insanları nə dərəcədə qane edir, rəqibinizin vermədiyi hansı üstünlük sizin məhsulu daha uğurlu və tələbatlı edə bilər.

Bizim məhsul ödənişlərlə bağlı olduğu üçün yerli bank və fintech mobil tətbiqlərini araşdırdıq, təklif etdikləri xidmətlərə və tariflərə baxdıq.

Eyni zamanda, insanların sosial media kanallarında rəqiblərimiz haqqında nələr yazdıqlarını araşdırdıq. Qarşılaşdığımız görüntü çox da xoş deyildi.

Facebook sosial şəbəkəsində müştəri rəyləri
Facebook sosial şəbəkəsində müştəri rəyləri
Facebook sosial şəbəkəsində müştəri rəyləri

Yuxarıdakı şəkillərdə real müştəri rəyləridir. Bu cür neqativ rəylərin sayı həddindən artıq çoxdur, və buna əsasən deyə bilərəm ki, əhalinin bir çox hissəsi banklara güvənmir, onlardan əlavə faiz və komissiya silinəcəyi ehtimalını hiss edirlər.

Bu rəylər bizə daha bir ideya verdi: insanlarda güvən hissi yaradan, “dost” bir məhsul yaratmalıyıq və bunu göstərdiyimiz xidmət səviyyəsində də hiss etdirməliyik.

Tanış olun: MVP yanaşması

Artıq ağlımızda yaratmaq istədiyimiz məhsulun prototipi var idi. Fikirləşdiyimiz məhsulun həqiqətən uğurlu olub-olmadığını yoxlamaq üçün MVP tərtib etməyə başladıq.

MVP? O nədir?

Nə vaxtsa “Agile” (cəld, çevik) fəlsəfəsi haqqında eşitmisiniz? Bu fəlsəfə 2001-ci ildə yaranıb və əsas prinsipi bundan ibarətdir — hansı məhsul yaradırsan yarat, ideyanın uğurlu olub-olmadığını yoxlamaq üçün cəld şəkildə məhsulun minimal funksionallığa sahib versiyasını (MVP — minimum valuable product) bazara çıxar.

Qısacası, misal üçün, super bir sayt yaratmaq istəyirsiniz. Agile fəlsəfəsi deyir ki, aylarla vaxt və minlərlə AZN sərf edib, tam funksionallı sayt yığıb, sonra həmin saytın heç kimə maraqlı olmadığını görməkdənsə, minimum vaxt və minimum vəsait sərf edib, saytı ən vacib olduğunu düşündüyünüz 1–2 funksiya ilə istifadəyə verin və insanların ona nə dərəcədə maraq göstərdiyinə baxın. Məhsulunuzu real insanlara göstərmədən hansı funksiyanın “partladacağını” heç vaxt 100% əminliklə bilə bilməzsiniz. Bir çox hallarda startup-ların “belə də” olduğunu düşündükləri funksionallıq müştərilər tərəfindən daha çox sevilir nəin ki digər, daha böyük ümidlər bəslədikləri funksiyalar. Ona görə, bazara nə qədər tez çıxsanız, reallıqla bir o qədər tez üzləşəcəksiniz və nə zamanınızı, nə də pullarınızı boşuna sərf etmiş olacaqsınız.

Agile fəlsəfəsi haqqında ətraflı məlumat almaq üçün internetdə araşdırma apara bilərsiniz. Həmçinin, Eric Ries “Lean startup” kitabını oxumağınızı da çox tövsiyə edirəm. Vaxt tapıb, mütləq oxuyun.

Bizim MVP-i Kvik istifadəçiləri arasında komissiyasız pul köçürmələri və sərfəli onlayn ödənişlər oldu. Məqsədimiz, komissiyasız pul köçürmələrinin insanlar üçün həqiqətən maraqlı olub-olmadığını yoxlamaq idi.

Öz auditoriyanızı tapın

İlk öncə ideyamızı kimlərlə test edəcəyimiz barədə düşündük. Minimal funksionala sahib məhsulunuzu düzgün kateqoriyaya aid insanlarla yoxlamağınız çox vacibdir. Əgər biznes ideyanızı yanlış istifadəçilər üzərində yoxlasanız, çox güman ki, uğursuz olacaqsınız.

Personanızı yaradın. Biznes ideyanızı həmin personalar ilə test edin.

Deyək ki, yemək reseptləri olan mobil əlavə buraxırsınız və bu növ mobil əlavənin insanlara nə dərəcədə maraqlı olduğunu test etmək istəyirsiniz. Sizcə, testi 45 yaşlı hərbiçi ilə keçirsəniz daha doğru nəticələr almış olarsınız, yoxsa 26 yaşlı evdar xanımla? Cavab bəllidir.

Bu səbəbdən personanızı, yani yaratdığınız məhsula ən çox maraq göstərə biləcək insanları detallı düşünün. Kimdir onlar? Qadın ya kişi? Neçə yaşları var? Nə ilə məşğuldurlar? Maraqları nədir? Harada yaşayırlar? Evlidirlər ya subay? Övladları varmı? və s. Potensial müştərinizi nə qədər yaxşı təsəvvür edə bilsəniz, məhsulunuz da bir o qədər uğurlu olacaq.

Biz öz məhsulumuz üçün 2 persona seçdik. Birinci persona — gündəlik ödənişlərini nağdsız şəkildə etməyə üstünlük verən və rəqəmsal məhsullara daha yönəlik şəxslər. Misal üçün, bankda çalışan əməliyyatçı. İkinci personamız isə əksinə nağd ödənişlərə öyrəşmiş və nağd pulla ödənişin ən rahat üsul olduğunu, rəqəmsal məhsullardan bir o qədər də başı çıxmayan şəxslər. Qısacası, “olar sənə karta köçürüm pulu?” dediyinizdə, “mənim kartdan başım çıxmır, mənimki ancaq nağd olsun” deyən bir tanışınız varsa, bax həmin o tanışınız bizim ikinci personamızdır.

Birinci personamız:

- 20–35 yaş arası qadın və kişilər;

- smartfon istifadəçiləri;

- hansısa bank məhsulunu və (və ya) mobil əlavəsini istifadə edənlər.

İkinci personamız:

- 35–44 yaş arası qadın və kişilər;

- smartfon istifadəçiləri;

- bank məhsulları haqqında geniş anlayışı olmayan, lakin ən azından sosial şəbəkələrdən başı çıxan insanlar.

Deyə bilərsiniz ki, “neyləyirsiniz bu ikinci personanı? qoy onlar elə nağd pulla ödəsinlər”. Yuxarıda keçirdiyimiz sorğunun nəticələrini paylaşmışdım. İnsanların demək olar ki, 50%-nin nağd ödəniş etmə səbəbi qarşı tərəfin yalnız nağd pul istifadə etməsi ilə bağlıdır. Bu səbəbdən biz komanda olaraq nağd ödənişləri sevən azərbaycanlıların vərdişlərini dəyişmək missiyasını öz üzərimizə götürdük. Bilirdik bunun çətin olacağını, amma bunu ölkədə kimsə etməli idi. Nəyə görə bu məhz biz olmayaq? 

--

--