Yeni biznes ideyanı necə uğurlu etmək olar? UX/UI dizaynın biznes inkişafında rolu (Hissə 2)

Nigar Kazimova | Digital Product Designer
PASHA Bank
Published in
6 min readJan 27, 2021

Əgər siz bu məqaləni oxuyursunuzsa, çox güman ki, birinci hissə ürəyinizcə oldu. Bu əla xəbərdir :) Gəlin davam edək.

Yüz dəfə ölç, bir dəfə biç

MVP və personanızı müəyyən etdikdən sonra vaxt itirmədən MVP-nizi real insanlarla test etməlisiniz. Bütün böyük beynəlxalq şirkətlər mütləq qaydada istifadəçi testləri (usability testing) keçirirlər. Bəs yaxşı, istifadəçi testləri nədir və niyə onlara bu qədər diqqət yetirilir? Cavab çox sadədir. Çünki hər bir məhsul istifadəçilər üçün, onların müəyyən problemlərini həll etmək üçün yaradılır. Bu səbəblə yaratdığınız məhsul ilk öncə sizin potensial müştəriləriniz üçün istifadədə rahat olmalıdır. Lookback, Maze, Useberry və s. kimi alətlərlə istifadəçi testlərinizi rahat şəkildə onlayn da keçirə bilərsiniz. Mən ən çox Lookback-i bəyəndim və onu məsləhət görürəm, amma yenə də özünüz də bir neçə alət yoxlayıb, sizin üçün ən rahatını seçə bilərsiniz.

Yenə Kvik-dən bir nümunə gətirmək istəyirəm. İlk dizayn versiyamızda “Pul köçür” düyməsini yalnız nişanla qoymuşdum:

Kvik mobil tətbiqinin ilkin ekran görüntüsü

Lakin testlər zamanı gördüm ki, insanlar bu düyməni “mesaj göndər” kimi anlayırdı və onlara “hansısa dostunuza pul köçürməyə çalışın” dedikdə, bu düyməyə basmaq ağıllarına gəlmirdi. Əslində, hətta düymənin dizaynı kimi kiçik bir detal çox kritik bir problemə səbəb ola bilərdi, çünki bizim mobil tətbiqin əsas funksiyası məhz vəsaitin köçürülməsi idi. İstifadəçi testi keçirməmiş olsaydıq bu problemi vaxtında anlayıb düzəltməyəcəkdik və məhsul bazara çıxdığı zaman istədiyimiz nəticəni ala bilməyəcəkdik. Üstəlik, komanda uğursuz dizaynı yığmaq üçün boşuna vaxt sərf etmiş olacaqdı. Vaxt isə pul deməkdir.

Test nəticələrinə əsasən düymənin dizaynını dəyişib, yanına izah edici mətn əlavə etdim və təkrar testlər keçirdim. Bu dəfə hər şey uğurlu keçdi, insanlar lazımı funksiyanı rahat şəkildə tapa bildilər:

Fərqli üsullar istifadə edin

İlk öncə, biz yeni mobil tətbiqimiz haqqında məlumatı öz tanışlarımıza verdik. Komanda üzvləri şəxsi sosial şəbəkə profillərində postlar paylaşdılar.

Daha sonra Kvik üçün ayrıca Instagram, Facebook, YouTube profilləri yaratdıq və orada az büdcəli reklam postları paylaşmağa başladıq.

Həmçinin, bir səhifəlik landing page yaratdıq. Geniş sayt yığmaq üçün əlavə vaxt və vəsait xərcləməmək üçün giriş səhifəsini Tilda üzərindən yığdıq. Əgər sizin sayt yığmaq təcrübəniz yoxdursa, siz də Tilda, Wordpress və ya bu kimi digər konstruktorlardan istifadə edə bilərsiniz. İlkin mərhələdə biznes ideyanızı yoxlamaq üçün kiçik giriş səhifəsi bəs edir. Burada məhsul barədə qısaca məlumat verin və CTA (call to action) düyməsi yerləşdirin (məsələn “Sifariş et”).

Biz də Kvik üçün bunu etdik. Android istifadəçiləri üçün yükləmə linki qoyduq, beləliklə insanların “Yüklə” düyməsinə nə qədər çox basdıqlarını yoxlaya bildik. IOS-lara isə təklif etdik ki, mobil nömrələrini paylaşsınlar ki, AppStore-da olduğumuz zaman onlara məlumat göndərək. Hər ikisi də uğurlu oldu. Həm yükləmə sayı, həm IOS istifadəçilərdən sorğu sayı düşündüyümüzdən daha çox oldu.

www.kvik.az saytı
www.kvik.az saytından IOS istifadəçiləri üçün bölüm

Paralel olaraq, marketinq komandamız sosial şəbəkələrdə personamıza uyğun düzgün hədəf auditoriyanı müəyyən edib reklam kampaniyaları keçirirdi.

KPI-ları müəyyən edin

KPI (key performance indicator) — bir növ sizin uğur meyarınızdır. Uğurlu olub-olmadığınızı hansısa rəqəmlə ölçməlisiniz. Bir hədəfiniz olmalıdır və siz həmin hədəfə çatmağa çalışmalısınız.

Lakin KPI-lar düzgün müəyyən edilməli və məhsulunuzun əsas xüsusiyyətləri ilə bağlı olmalıdır. Misal üçün, ilkin etapda Kvik-də yalnız pul köçürmələri və onlayn ödənişlər imkanı olduğu üçün, biz komanda olaraq özümüzə KPI kimi aktiv istifadəçi sayını və Kvik hesab artımı məbləğini təyin etdik. Yəni, biz dedik ki, əgər X sayda insan bizim mobil tətbiqi yükləsə və Y məbləğdə balans artımı olsa, deməli biznes ideyamız işlədi. Bir məqama da diqqət edin. KPI olaraq müəyyən etdiyiniz rəqəmlər nə əlçatmaz olacaq qədər yüksək, nə də sizi aldadacaq qədər kiçik olmalıdır.

Şəkil Unsplash saytından götürülüb

Uğursuzluqdan qorxmayın!

İlkin ideyanız işləməsə, buna görə kədərlənməyin. Əksinə, səbəbini araşdırın. Nəyə görə təklif etdiyiniz məhsul bəyənilmədi? Nəyi səhv etmisiniz?

Bəzən insanlar məhsulunuzdan düşündüyünüzdən daha fərqli istifadə edə bilərlər. Misal: bilirsinizmi ki, Instagram-ın əvvəlki adı Burbn idi və bu tətbiq insanların getdikləri və ya getməyi düşündükləri yerləri “tag” etmək üçün nəzərdə tutulurdu?

Lakin layihə işləmədi. Bu zaman tətbiqin yaradıcısı Kevin Sistrom Mayk Kriger ilə birlikdə uğursuzluqlarının səbəbini araşdırmağa başlayırlar. Bilirsiniz nə olur? Onlar görürlər ki, insanlar Burbn-dan getdikləri yerləri “tag” etmək üçün deyil, getdikləri yerlərdən şəkillər paylaşmaq üçün istifadə edirlər. Bundan sonra Sistrom və Kriger öz biznes ideyalarını dəyişirlər və mobil tətbiqlərini şəkil paylaşımı üçün bir tətbiqə dəyişirlər. Instagram-ın necə uğurlu olduğunu yazmağıma ehtiyac yoxdur, düşünürəm.

Buna görə də qorxmaq lazım deyil, sadəcə olaraq test etmək lazımdır. Bu qədər sadə.

Baxmayaraq ki, biz Kvik-in insanları komissiyasız pul köçürmələri ilə cəlb edəcəyini düşünürdük, bir az fərqli situasiya ilə qarşılaşdıq. Komissiyasız pul köçürmələri insanlara çox da maraqlı gəlmədi. Bir neçə saniyədə kart açmaq imkanı, rahat dizayn, onlayn ödəniş imkanı insanlara daha maraqlı gəldi. Bu səbəbdən reklam postlarımızda daha çox onlayn ödənişləri vurğuladıq. Həmin ərəfədə Yeni il endirimlərinin başlaması da bizə kömək oldu.

Müştərinizə qulaq asın

Bütün bu müddət ərzində mobil tətbiqimizi yükləyən və ya yükləməyə çalışan istifadəçilərlə əlaqə saxlayırdıq, onlardan rəy toplamağa çalışdıq.

İlk 2 həftədə nəticələrimiz aşağı idi. Yükləmə sayı yaxşı idi, amma insanlar mobil tətbiqimizlə ödənişlər etmirdilər. Komanda olaraq anlayırdıq ki, belə davam etsək, layihə bağlanacaq. Kvik-i yükləyib, lakin heç bir əməliyyat etməyən istifadəçilərə zəng etdik, mobil tətbiqimiz barəsində ümumi rəy topladıq və heç bir əməliyyat etməmələrinin səbəbi ilə maraqlandıq. İş burasında imiş ki, ilk olaraq Kvik balansını yalnız ATM-dən artırmaq olurdu (MVP idi axı), insanların isə terminala getməyə həvəsləri yox idi, üstəlik pandemiya vaxtı. Bu səbəbdən biz tez bir zamanda (Agile olaraq) bank kartı ilə Kvik balansını artırma imkanını yaratdıq. Yeni funksionallıq barədə həm sosial şəbəkə profillərimizdə postlar etdik, həm də istifadəçilərə bildirişlər göndərdik. Nəticə özünü çox gözlətmədi. Rəqəmlərimiz artmağa başladı.

Lakin istifadəçilərimizə zəng etməyə yenə də davam edirdik, bilmək istəyirdik, Kvik-də daha çox hansı imkanları görmək istəyirlər, bizim məhsulda nəyi sevdilər, nəyi əksinə bəyənmədilər. Bu danışıqlar əsasında öyrəndik ki, bəzi istifadəçilər hələ də kartla balansın artırılması imkanı haqqında məlumatları yoxdur və ya insanlar Kvik-lə nə edə biləcəklərini bilmirdilər. Kvik hesabı rəqəmsal olduğu üçün istifadəçilər elə başa düşürdülər ki, adi bank kartının sahib olduğu xüsusiyyətlər burada yoxdur. Biz istifadəçiləri bir növ maarifləndirirdik. Beləliklə, anladıq ki, məhsulun imkanları haqqında həm reklam postlarımızda, həm də Kvik daxilində daha geniş məlumat verməliyik.

Bunların hamısı bizə müsbət nəticə olaraq geri döndü. Bir ay ərzində çatmağı düşündüyümüz KPI-lara 2 həftə ərzində çatmış olduq!

Ardı var…

Dizayn sahəsində yeni olmağıma baxmayaraq, artıq müəyyən bir təcrübəyə sahibəm və bu təcrübəni UX dizayna yeni başlayan və ya sadəcə maraq göstərən və ya ağlında maraqlı biznes ideyaları olan, lakin necə və haradan başlayacaqlarını bilməyən hər kəslə paylaşmaq istəyirəm. Əgər yazdıqlarım sizin üçün maraqlı oldusa, bizi PASHA Bank Design Telegram kanalımız üzərindən də izləməyə dəvət edirik. Yaxında burada da maraqlı paylaşımlarımız olacaq. Hər kəsə uğurlar!

--

--