Çin uyğur soyqırımına görə məhkəmə önündə cavab verməlidir

Beynəlxalq hüquq uyğur mübarizəsinin önəmli bir hissəsidir

Aykhan Zayedzadeh
5 min readMay 16, 2020
Uyğurlara dəstək məqsədilə keçirilmiş mitinq. Brüssel, Belçika. 1 oktyabr 2019-cu il.

Qeyd: Bu məqalə Əzim İbrahimin “Foreign Policy” portalında nəşr edilən 3 dekabr 2019-cu il tarixli “China Must Answer for Cultural Genocide in Court” məqaləsinin tərcüməsidir.

Çin Kommunist Partiyasının ölkənin qərbindəki Sincan bölgəsindəsində yaşayan uyğurlar və digər müsəlman azlıqlara qarşı görülən tədbirlər üzrə daxili siyasəti ilə bağlı sənədlərin “New York Times” və “International Consortium of Investigative Journalists” şəbəkələrinə sızması məsələ üzrə aparılan danışıqlara kəskin şəkildə təsir göstərir.

Sənədlərdə şübhəsiz ki, qabaqcadan düşünülmüş və planlaşdırılmış bir etnosid kampaniyası sübut edilir. Bu kampaniyaya Çin Prezidenti Si Tsinpin tərəfindən start verilmişdir və Sincan bölgəsinin yerli partiya rəhbəri Çen Çyuanqo tərəfindən həyata keçirilir. Çyuanqo əslən han xalqındandır, hansı ki, ölkə əhalisinin əksəriyyətini təşkil edir. Qatı bir milliyətçi olan Çyuanqo əvvəllər Tibetdə yaşayan yerliləri “sakitləşdirmək” üçün bölgənin partiya rəhbəri təyin olunmuşdu.

Əsas sual odur ki, beynəlxalq icma buna qarşı bir tədbir görməyə hazırdır mı?

Müxtəlif mənbələr göstərir ki, 2019-cu ildə həbs düşərgələrində saxlanılan uyğur və müsəlmanların sayı 11.5 milyon arasındadır. Hətta bəzi mənbələrə görə, bu rəqəm 3 milyondur. Sincanda yaşayan uyğurların sayı isə təqribən 10 milyondur. Qeyri-uyğur türk-müsəlman əhalini də buna əlavə etsək, onların ümumi sayı 12 milyona qalxır. Hökumətin hədəflədiyi etnik azlıqlara qazaxlar, qırğızlar və başqaları da aiddir.

Rəsmi olaraq, düşərgələrdə saxlanılan şəxslər yenidən ixtisaslaşma məqsədilə oradadırlar. Dövlətin yaydığı rəsmi məlumata görə, onlar “dini ekstremizm virusu üçün peyvənd edilsinlər və mandarin, kommunist partiyanın ideologiyası və peşə ixtisası ilə bağlı dərs alsınlar” deyə oradadırlar.

Bu, Stalin hakimiyyəti dövründə QULAQ-ların fəaliyyətinə haqq qazandırmaq üçün istifadə edilən nağıllara bənzəyir. Buna baxmayaraq, Çin hökumətinin danışdığı nağılların altında yatan həqiqətlər işıq üzünə çıxıb. Saxlanılan dustaqlara istinadən xəbər verən mənbələr bildirir ki, həbs düşərgələrində uyğur qadınlara işgəncə verilir, cinsi zorakılıq tətbiq edilir, məcburi aborta cəlb olunur və hətta məcburi sterilləşdirilir (Qeyd: yəni, qadınlar ana bətnində uşaq daşımaqdan ömürlük məhrum edilirlər).

İddia edilir ki, bu düşərgələr beynəlxalq diqqətə görə tədricən aradan qaldırılır, ancaq bu, xoş xəbər deyil, çünki təxminən bir milyon yarım insan birbaşa olaraq həbsxanalara göndərilir. Bəzi dövlət səlahiyyətliləri eyni müəssisələrdən sadəcə onların adlarını dəyişdirərək istifadə edirlər. Yüz minlərlə uyğun məcburi əmək müəssisələrinə cəlb olunur. Vəziyyət düşərgələrdən kənarda da ürəkaçan deyil. Vaxt keçdikcə Sincan cəmiyyətindəki ayrı-seçkilik daha aydın müşahidə olunur. Dövlət dəstəyi ilə bölgəyə köçmüş han çinlilərin Pekinə sadiq hesab edilirlər. Buna görə də onlara yüksək maaşlı işlər verilir. Bölgənin yerliləri olan müsəlmanlar 24 saat dünyanın texnoloji baxımdan ən inkişaf etmiş polis dövləti tərəfindən izlənilirlər.

Çin vəzifəliləri dustaqların ailələrinin yaşadıqları evlərə partiyaya sadiq olan ən azı bir han çinli kişilər yerləşdirirlər. Mənbələr bildirir ki, bu han çinli kişilər ərləri düşərgədə olan müsəlman qadınları onlarla eyni yataqlarda yatmağa məcbur edirlər.

Şübhəsiz ki, ailə həyatına edilən hücumların və uyğur qadınlarının övlada sahib olmaqdan ömürlük məhrum edilməsi sistematik soyqırım siyasətidir.

Çinli siyasətçi, Sincan-Uyğur Muxtar Rayonu Kommunist Partiyası Katibi və Çin Kommunist Partiyası XIX politburo üzvü Çen Çyuanqo.

Şəbəkəyə sızmış sənədlər soyqırım siyasətini həyata keçirənlərin dünya görüşünü, vəziyyətin dəhşətli detallarını, hətta bunun ekstrim, yerli konfliktlər yaradan, bölgədəki təhlükəsizliyə zərbə vuran və mənəvi baxımdan iyrənc bir şey olduğunu düşündüklərindən bu siyasətə qarşı çıxan partiya vəzifəlilərinin sistematik şəkildə repressiya edilməsi də göstərir.

Əlavə olaraq, sənədlərdə verilən məlumatlara görə, indiki siyasətin kökləri Si Tsinpinin 2014-cü ildəki çıxışları və təşəbbüslərinə qədər gedib çıxır (Qeyd: Tsinpinin prezidentlik müddəti 14 mart 2013-cü il tarixində başlamışdır). Çin Xalq Respublikasının etnik məsələlərə ilkin yanaşmasında utopik, ancaq təsirli bir tərzdə mərhəmətkar, kooperativ bir plüralizm fərz edilirdi. Tsinpin Kommunist partiyasının ideologiyası və siyasətindən fərqli olaraq, düşünür ki, sosial harmoniya monolit mədəni və milli kimlik tələb edir. Sincan bölgəsində edilən partiyadaxili iyerarxik təyinatlar, eləcə də bölgəni idarə edən siyasətçilər bu dünya görüşünü məntiqi nəticəsinə sürükləyir.

Tsinpinin sosial harmoniyanın ideoloji anlayışını dəyişməsi ilə əldə olunan məntiqi nəticə inkaredilməz Çin milliyətçiliyidir. Han-Çin milliyətçiliyi ortodoksal konfusiçilik və kommunizmin sintezidir. Bu yanaşmaya görə, İslam dini kimi “xarici qüvvələr” normalara ifrat dərəcədə uyğun deyil.

Bu, Tsinpinin 2014-cü ildə Sincan mədəniyyətinin qonşu türk mədəniyyətləri yerinə, han-Çin mədəniyyətinə yaxınlaşmasının Sincandakı seperatçı terrorizmi yumuşaldacağını fərz etməsinin ardınca başlayan bir zəncirdir. Sincan bölgəsi Çyuanqonun rəhbərliyi altında olarkən İslamın və İslam dininə bağlı etnik kimliklərin soyuqqanlı, dəhşətli şəkildə məhv edilməsinə, o cümlədən işgəncə, qətl, ailə həyatının dağıdılması və bu xalqların potensial olaraq tamamilə aradan qaldırılmasına şahid oldu.

Təhlükəsizliyi təmin etmək üçün alınmış bu qərarlar soyqırıma səbəb oldu. Şəbəkəyə sızmış sənədlər bu siyasəti həyata keçirən yüksək vəzifəli şəxslərin dünya görüşü və məqsədinin soyqırım olduğunu təsdiqləyir. BMT-nin Soyqırıma dair 1948-ci il, dekabr tarixli Konvensiyasının ikinci maddəsində soyqırım belə izah edilib:

Milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş aşağıdakı hərəkətlərdən — qrup üzvlərini öldürmək; qrup üzvlərinə ciddi fiziki və ya mənəvi ziyan vurmaq, qrupun tam və ya qismən fiziki məhvi məqsədilə qrupda həyat şərtlərini düşünülmüş şəkildə aşağı salmaq; qrupda olacaq doğumların qarşısını almaq üçün tədbirlər görmək; (və) uşaqları bir qrupdan zorla digər qrupa köçürmək — biri.

Mağazada işləyən uyğur kişi. Kaşğar şəhəri.

Dövlət səlahiyyətliləri açıq şəkildə göstərirlər ki, onlar sosial harmoniya əldə etmək məqsədilə etnosid (başqa adı ilə mədəni soyqırım) törətməyə sadiqdirlər. Çin hökumətinin kütləvi qətl törətməsi, sterilləşdirmə və ya deportasiya yolu ilə uyğur kimliyini məhv etməsi ehtimalı olduqca real görünür.

Bu, beynəlxalq icmanı şübhəsiz ki, yeganə mənəvi borc ilə üz-üzə qoyur — müdaxilə etmək. “Bir daha olmayacaq” sözünün mənası varsa, bu, beynəlxalq icmanın Sincanda olanları dayandırması üçün əlindən gələni etməyə məcbur olmasıdır.

Beynəlxalq hüquq çərçivəsində tədbirlərin görülməsi üçün adi yol bağlıdır. BMT bu məsələ üzrə heç bir qərar qəbul edə bilmir, çünki Çin öz veto gücündən istifadə edərək bunun qarşısını alacaq. 1990-cı illərdə Balkanlarda başlanan liberal müdaxiləçi müharibə bir seçim deyil. ABŞ və müttəfiqlərinin belə lazımi təzyiq göstərməyə yetərli hərbi gücü yoxdur.

Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən başladılan bir istintaq ilə start götürmək olar. Bu hüquqi yanaşmayaya start verilsə, beynəlxalq icmada siyasi səs çoxluğu yarana bilər. Qərb, Orta Şərq, Hindistan və Afrikadan iştirakçılar gəlsə, Çin geosiyasi və ticarət maraqlarındakı təzyiqi hiss etməyə başlayacaq.

Rusiya və Myanma kimi ölkələr sözsüz ki, Pekindəki rəislərinə qarşı beynəlxalq icmanın yanında olmayacaqlar, lakin Çin yalnız partiya xəttində irəliləyənlərə qapı açsa, özünü qlobal lider kimi göstərə bilməyəcək. Beləliklə, kifayət qədər birləşmiş, beynəlxalq bir icmanın ciddi bir yükü olur. İcma bu məsələ üstündə birləşsə, “bir daha olmayacaq” sözünə sadiq qalacaq.

Müsəlman ölkələrin önündə daha böyük bir maneə var. Onlar Çinin “nisyə dəftəri” siyasətinə boyun əyiblər və Pekinin sözündən çıxmırlar. Onlar zəruri infastrukturun tikilməsi üçün lazım olan Çin investisiyalarını aldıqca sakit qalacaqlar.

Çin beynəlxalq icma ilə razılaşsa və bəşəriyyətə verilmiş sözün üstündə dayansa, yüksəlməyə davam edəcək. ÇXR güc və təsir baxımından yüksəlməyə davam etsə belə, bunu beynəlxalq icmanın məsuliyyətli bir üzvü kimi edəcək.

Çin kommersiyada tətbiq olunan, qaydalara əsaslanan beynəlxalq nizam-intizamdan yüksək dərəcədə faydalanıb. Vəziyyət elə hala alıb ki, o, bunun ən böyük tərəfdarlarından birinə çevrilib. Çin beynəlxalq hüququn qoruduğu humanitar nizam-intizamdan da eyni dərəcədə faydalana bilər. Çin bunu nə qədər tezbaşa düşəcəksə, o qədər yaxşı olacaq. Həm dövlət, həm vətəndaşlar, həm də bütün dünya üçün.

--

--

Aykhan Zayedzadeh

I’m writing from Baku, Azerbaijan. My interests include history and economics. I’m a Classical Liberal.