Özəl cəzalandırma üçün vaxtdır?

Murad Təhməzov
Poctalyon
Published in
3 min readJun 13, 2020

--

Qeyd: Bu yazı amerikalı filosof və Corctaun Universitetinin strategiya, iqtisadiyyat, etika və ictimai siyasət üzrə professoru Ceyson Brennanın “Bleeding Heart Libertarians” bloqunda dərc edilmiş “Is It Time for Private Punishment?” məqaləsindən tərcümə edilmişdir.

When All Else Fails kitabı cəzalandırma yox, müdafiə xarakterli davranışlar haqqında idi. Əgər kimsə Corc Floydu qətlə yetirən polisi haqlı olaraq vursaydı, o adam Floydun qətlinin qarşısını almağa çalışmış olardı, yanlış davranışlarına görə cəzalandırmağa yox. Eyni şəkildə, əgər mən potensial bir soyğunçunu dayandırsam, onu cəzalandırmağa və ya islah etməyə, ya da mövcud mədəniyyəti kökündən dəyişməyə yox, özümü qorumağa çalışmış olaram.

Corc Floyd 25 may tarixində polis tərəfindən boğularaq qətlə yetirilmiş afroamerikalıdır.

Mən vətəndaşların şəxsi olaraq dövlət rəsmilərini və məmurları cəzalandıra bilmələri mövzusunda böyük ölçüdə sükunətimi qorumuşam.

Buna baxmayaraq bu mövzuya dərhal nəzər yetirək. Injustice for All kitabında (interseksionallıq haqqında olan kitablardan biri, Ceykob Levi) Sörprenantla mən ABŞ ədliyyə sisteminin vərdiş etmədiyimiz şəkildə disfunksional, sui-istifadəyə açıq, sərt və zorakı olmasına gətirib çıxaran gizli maliyyə və insentiv strukturlarını xeyli müzakirə etmişik. Detallara girmədən demək mümkündür ki, nəticələrdən biri polislərin vəhşilik, təcavüz və oxşar zorakılıqlara görə nadirən cəzalandırılmalarıdır. İttihamçılar və siyasətçilər onlara arxa çevirməkdən, andlı iclasçılar onların günahkar olmaları lehinə səs verməkdən çəkinirlər, hətta Floydun işindən daha ağır hallarda belə.

Dövlət cəzalandırması lehinə olan ən böyük arqumentlərdən biri aşağıdakı kimidir:

Vigilantizmə (qanuni səlahiyyət olmadan təmin edilən ədalət) qarşı gətirilən arqument tanışdır. Con Lokk bildirir ki, təbii vəziyyətdə (state of nature) hər birimizin haqq tapdalayanları cəzalandırma haqqı var. Ancaq o iddia edir ki, biz özümüzə qarşı çox yumşaq və bizə zərər verənlərə qarşı çox sərt davranan qeyri-obyektiv hakimlərik. Özəl cəzalandırma buna görə bir sıra “narahatlıqlar” yaradır və özəl cəzalandırma barəsində ortaya çıxan anlaşmazlıqlarımız konfliktə gətirib çıxara bilər. Lokk təklif edir ki, biz bu problemi bu kimi narahatlıqları öhdəsindən gələcək və qərəzlərimizi aradan qaldıracaq əlimizdən gəldiyi qədər tərəfsiz, ictimai ədalət sistemi təsis etməklə həll etməliyik. Bu sistemin əsası qoyulduqda isə ona müraciət etməli, şəxsi cəzalandırma haqqımızdan imtina etməliyik.

Con Lokk (1632–1704) tanınmış ingilis filosofudur. O, maarifçilik dövrünün aparıcı filosoflarından biridir və “Liberalizmin atası” olaraq tanınır.

Məndən soruşsanız, Devid Estland bu arqumentin daha detallı versiyasını Democratic Reason adlı kitabında istifadə edir. Bu, vaxtilə Lokkun dediyi və artıq heç kimin inanmadığı köhnəlmiş bir şey deyil. Əksinə, bu əhali arasında ən geniş yayılmış, filosoflar arasında isə populyarlığını müəyyən dərəcədə qorumuş görüşdür, hərçənd heç bir cəzalandırma nəzəriyyəsi fəlsəfədə çoxluğun razılığını qazana bilməyib.

Bu arqument elə hesab edir ki, dövlət insanları cəzalandırmağa və bunu səriştəli, məntiqli yollarla etməyə çalışır? Bəs əgər — polislərlə bağlı hallarda olduğu kimi — dövlət cinayətkarları gözlənilməz vəziyyətlər istisna olmaqla cəzalandırmayacağını böyük ölçüdə nümayiş etdirsə necə? Bir çox dövlət polis məmurlarının göstərdikləri davranışlardan leqal olaraq məsuliyyət daşımamalarını təmin edən peşə toxunulmazlığı (qualified immunity) doktrinasını qəbul edib. Lokal instansiyalar polis zorakılığını cəzalandırmağa istəksiz yanaşır. Haqsızlıqlar əsasən görməzdən gəlinir. Məmurlar cəzalandırılanda — deyək ki, işdən azad olunmaqla (dinc insanı öldürən biri üçün heç də uyğun cəza deyil) — polis həmkarlar ittifaqı çox zaman onların təzminat alaraq yenidən işə götürülmələrinə nail olur. Böyük irqçilik və zorakılıq keçmişi olan polislər sadəcə başqa bölgəyə köçürülürlər, eynilə katolik kilsəsinin pedofil rahibləri digər rahiblərin arasında “itirməyi” sevməsi kimi.

Əslində dövlət “biz polisləri 99% ehtimalla cəzalandırmayacağıq” deyir. Əgər belə deyilsə, ən azından deyə bilərik ki, özəl cəzalandırmaya qarşı gətirilən yuxarıda bəhs etdiyimiz arqument öz keçərliliyini itirir. Hələ də keçərli olan başqa arqumentlər mövcud ola bilər. Amma əgər həmin arqument özəl cəzalandırmaya qarşı çıxmağınızı təmin edən əsas səbəbdirsə, bu halda o işləmir.

--

--