Dövlət siyasəti və “COVID-19” pandemiyası

Murad Təhməzov
Poctalyon

--

Qeyd: Bu məqalə iqtisadçı, Harvard Universiteti iqtisadiyyat departamentinin dosenti və bakalavr təhsili üzrə direktoru Ceffri Mironun “Cato Institute”da dərc edilmiş “Government Policy and the COVID-19 Pandemic” adlı məqaləsindən tərcümə edilmişdir.

Hökumətlər “COVID-19” pandemiyasına cavab olaraq tədbir görməlidirsə, bu tədbirlər hansılar olmalıdır?

İnfeksion xəstəliklərə nəzarət şəxsi təşəbbüslərin cəmiyyət üçün bütövlükdə xoş nəticələr hasil etməyəcəyi bəlli olan məsələ kimi görünə bilər. Hərçənd ki, individuallar yoluxmaqdan yayınmaq üçün insentivlərə sahibdir (hansı ki, xəstəliyin yayılmasını əngəlləyir), onlar xəstə olarkən işə getməyin və ya böyük qruplar halında toplaşmağın xeyir və zərərlərinə fokuslana bilərlər. Buna oxşar şəkildə şəxsi və biznes qurumlarının da evdə işləmək və yayılmanı məhdudlaşdıracaq başqa sosial məsafə tədbirlərini icra etmək üçün yaxşı səbəbləri olsa belə, bu qurumların açıq qalmaqla birlikdə üzləşəcəkləri neqativ yan təsirləri kifayət qədər ciddiyə alacaqlarını əminliklə deyə bilmərik və bu da çox az sosial məsafəyə gətirib çıxara bilər.

Buna görə də hökümətlərin yoxluğunda individuallar və şəxsi qruplar müftəxorluğa əl ata və başqalarının görəcəkləri işlərin xəstəliyi dayandıracağına bel bağlayaraq yoluxmanın qarşısını almaq üçün vacib olan və xərc tələb edən tədbirlərdən boyun qaçıra bilərlər. Lakin şəxsi aktorların çoxu bu cür davransa, xəstəlik sürətlə yayılacaq.

Bu baxış bucağının bizə verdiyi nəticə isə odur ki, hökumətlər xəstəliyi nəzarətdə saxlamaq üçün müdaxilə etməlidirlər. Bu, hamını daha yaxşı vəziyyətə gətirə bilər, çünki insanların çoxu dövlət göstərişlərinə riayət edərsə, ictimai sağlamlığın qazancı bu riayət nəticəsində verilən itkidən daha böyük olacaq.

“COVID-19”la bağlı bu perspektiv reallığın açar elementini özündə əks etdirir. Bəzi insanlar soyuqdəyməli halda işə gələrək və ya qrip əleyhinə peyvənd vurdurmaqdan yayınaraq davranışlarının başqaları üzərindəki pis təsirlərini görməzdən gəlirlər.

Lakin bu standart persperktiv bütün hekayəni təsvir etmir.

Bir çox insan xəstə olarkən evdə qalır. Əhalinin önəmli hissəsi hər il özünü qrip əleyhinə peyvənd etdirir. Bunlardan bəziləri şəxsi maraqları, bəziləri isə ictimai ruhu göstərir. Daha geniş yanaşsaq, xeyriyyə yardımı etmək kimi altruist davranışlar geniş yayılıb, edilən yardımda donorun çox kiçik və ya heç qazancının olmadığı hallar da buna daxildir (sunamidən zərər çəkmişlər üçün amerikalıların topladıqları ianələr kimi). İnsanlar tamamilə şəxsi maraqlarını güdən məxluqlar deyillər; onlar tez-tez əməkdaşlıq edir və ümumi fayda üçün çalışırlar.

“COVID-19” pandemiyası da göstərir ki, fəlakətlə üzləşən şəxsi aktorlar xəstəliyi nəzarətdə saxlamaq üçün önəmli miqdarda könüllü tədbiri öhdələrinə götürəcəklər. Amazon işçilərinə mümkün olduğu halda evdə işləməyi məsləhət görüb, ABŞ idman liqaları yarışları dayandırıb, universitetlər tələbələrini evlərinə göndərib və onlayn tədrisə keçid edib, supermarketlər həssas insanların məruz qala biləcəkləri təhlükəni azaltmaq üçün xüsusi “yaşlı saatları” tətbiq edib. Daha çox nümunə üçün buraya, buraya, buraya, burayaburaya baxa bilərsiniz.

“Utah Jazz”ın mərkəz oyunçusu Rudi Qoberin koronavirus testi pozitiv nəticələndiyinə görə Milli Basketbol Assosiasiyası (NBA) 11 may tarixində 2019–20 sezonuna fasilə vermişdir.

Ona görə də sadəcə hökumətin “COVID-19”-u nəzarət altına ala biləcəyi iddiasını qəbul etmək “a priori” məcburi deyil; fərdi təşəbbüslər hökumət əngəl törətmədiyi müddətcə ən ağır təsirlərin qarşısını ala bilər. Hökumətin səyləri hətta ABŞdigər ölkələrdə tez-tələsik qəbul olunan səyahət qadağalarında olduğu kimi gözlənilməyən nəticələr yarada bilər.

Bununla belə, müəyyən hökumət tədbirləri infeksion xəstəliyi şəxsi tədbirlərdən daha effektiv yavaşlada bilər. Bəs bu, hökumətlərin hərəkətə keçməli olduğu mənasına gəlir?

Tam yox. Müdaxilənin xeyirləri tənliyin sadəcə bir tərəfidir; siyasi qərarların xeyirdən çox ziyana səbəb olub-olmadığı məsələsinə aydınlıq gətirilməlidir. Yəni əlac xəstəlikdən daha betər ola bilər?

Pandemiya dövründə o qədər çox müdaxilə tətbiq edilib və tətbiq edilməsi planlaşdırılıb ki, bu müdaxilələrin geniş bir zərər siyahısı ola bilər. Hökumət tərəfindən yürüdülən “həyati önəm daşımayan” istehsalat sahələrinin bağlanması, bütöv şəhər və dövlətlərin qapadılması, səyahət və sərhəd məhdudiyyətləri və diktə edilən digər sosial məsafə hökmlərinin iqtisadiyyata iri miqyasda mənfi təsiri olacağı gözlənilir, son hesablamalara görə ÜDM təkcə 2020-ci ilin ikinci rübündə 24% azalacaq (Dünya maliyyə böhranının ən pis rübündə bu göstərici 8,4% idi).

“Lehman Brothers” əsası 1850-ci ildə qoyulmuş bir investisiya bankı idi. 26 000-dən çox işçisi olan və illik 4 milyard dollar gəlirə sahib bank 2008-ci ildə Dünya maliyyə böhranı səbəbiylə iflasa uğramışdır.

Məktəblərin bağlanması təhsili zəiflədir, valideynlərin iş cədvəllərini pozur və məktəb yeməklərindən asılı olan şagirdlərin qida ilə təminatına zərbə vurur. Xilasetmə paketləri qonum-qonşu kapitalizmi (crony capitalism) üçün böyük imkanlar yaradır. Oxşar şəkildə nəhəng stimul paketləri virusdan qorunmaqla məhdud əlaqəyə sahib olan bəzi sektorlar üçün yardımları da özüylə birgə gətirəcək və ödənişli xəstə məzuniyyəti, otel və mehmanxanaların da xilasetmənin hədəfləri sırasına daxil edilməsi kimi normalda qəbul edilməyəcək uğursuz qərarlar üçün bəhanəyə çevriləcək. Bu qonum-qonşu kapitalizminin böyük hissəsi isə virus təhlükəsi sonlananda aradan qalxmayacaq. Bunu bilmək üçün tiftikdigər kənd təsərrüfatı məhsullarına bu günə qədər ayrılan subsidiyalara baxmaq kifayətdir.

Faciəvi resessiya, genişlənmiş qonum-qonşu kapitalizmi, böyük miqdarda dövlət borcu və iqtisadiyyata veriləcək digər uzunmüddətli zərərlərdən əlavə, bəzi anti-koronavirus tədbirləri fərdi azadlıqlar və hüququn aliliyi ilə bağlı narahatlıqların üzərindən kobudcasına keçir. Əgər merlər, qubernatorlar və prezidentlər müvafiq qanunverici orqanlardakı müzakirələri gözləmədən bir iqtisadi sektoru bütövlükdə bağlamaq qüvvəsinə sahibdirlərsə, bəs bu seçilmiş məmurlar hansı qüvvəyə sahib deyillər?

Artıq Ohayo ştatında abort klinikaları həyati əhəmiyyətə sahib olmadığı iddia edilərək bağladılıb, federal və ştat hökumətləri kommunal xidmətlərdə kəsintilərin olması ilə və ipoteka kreditorlarının, təhsil krediti təminatçılarının borc yığımlarını dayandırmalarını və ya təxirə salmalarını təşviq etməklə bağlı moratorium sərəncamı verib. Bəlkə də ən dəhşətlisi isə ABŞ Ədalət Nazirliyinin fors-major hallarda qeyri-müəyyən həbslərə icazə verən yeni qaydaları qəbul etməsidir. Dövlətə bir insanın əzəli düşməninə verəcəyi gücdən daha çox güc vermək böyük təhlükədir.

Bütün bu sahələrlə birlikdə yeni qərarlar gələcəkdə daha qəbuledilməz müdaxilələr üçün nümunə təşkil edə və gücün dövlətin əlində toplanmasına səbəb ola bilər.

50 milyon dolları hava nəqliyyatı sektoruna transfer etmək ağlasığmazdır; nəzərə alsaq ki, bu pul daha çox ventilyatorun istehsalı və ya tədarükü üçün subsidiya kimi ayrıla bilərdi. Federal miqyasda ştatlara səhiyyə xərcləri səbəbilə dotasiya ayrılmasına zəmanət verilə bilər, bəs hamı üçün kredit? Əlbəttə, yox. Şəxsi bizneslərin bağlanmasını tapşırmaq? Qəbuledilməzdir.

Yoluxma testlərinin sürətləndirilməsi üçün federal yardımlar haqlı sayıla bilər. İrimiqyaslı, sürətli testlər vacibdir, çünki bunun hesabına dövlət səhiyyə orqanları virusun yerini və trayektoriyasını müəyyən edə və fəaliyyətini hədəfə daha yaxşı köklənmiş şəkildə apara bilər. Xüsusən, əgər səhiyyə orqanları viruslu pasiyentləri müəyyənləşdirə bilsə, onları və onların yaxın əlaqədə olduğu şəxsləri izolə edə və beləcə, ictimai həyata daha geniş məhdudlaşdırmalar tələb etmədən xəstəliyin yayılmasını yavaşlada bilər.

Müdaxilələrin verdiyi zərərlərlə bağlı bu narahatlıqlar hansı müdaxilənin daha məntiqli olduğunu müəyyən etmək üçün praktikaya əsaslanmalı olduğumuzu göstərir. İdeal tədbirlər effektivlik sınağından artıq keçmiş mövcud həll yollarını tətbiq etməkdir, tez-bazar yeni üsullar kəşf etmək yox.

İdeal tədbirlər zorakı yox, könüllüdür. İdeal tədbirlər federal yox, lokal miqyasdadır və hər şeyi bağlamaq yox, birbaşa kritik problemləri hədəfə almaqdır. Bu məlumatlara əsasən deyə bilərik ki, lokal səhiyyə təşkilatlarında yoluxma testləri, karantin tətbiqi və həm xəstələrin, həm də yaxınlarının izolyasiyası kimi bəzi dövlət fəaliyyətləri mənalıdır.

Mövcud uğursuz tənzimləmələrin ləğvi, əlbəttə ki, elementar tələblərdir. Amma digər tədbirlər həddən artıq sərt və potensial bəhanələrlə dolu görünür, bir çox qurumun bağlanması, irihəcmli və tərəfkeş büdcə qərarları, normal hüquqi proseslərin dayandırılması da bu tədbirlərə daxildir.

“COVID-19” pandemiyası ciddi və qorxuducudur. Amma bu, hökumət tədbirləri haqqında düşünərkən bu tədbirlərin yaradacağı zərərləri görməzdən gəlmək üçün bəhanəyə çevrilməməlidir.

--

--