Keçmiş pandemiyalardan çıxarmalı olduğumuz dərslər

Aykhan Zayedzadeh
Poctalyon
Published in
3 min readApr 25, 2020

Qeyd: Bu məqalə Kral Universiteti Kollecinin (King’s University College) köməkçi professoru Vinsent Gelosonun “Montreal Economic Institute”da nəşr edilən 7 aprel 2020-ci il tarixli “The Lessons to Be Learned from Past Pandemics” məqaləsinin icmalıdır.

Koronavirusun yayılması sürətini azaltmaq üçün zəruri olan insan davranışındakı müvəqqəti dəyişikliklər real iqtisadi xərclərə səbəb olur. İndiki vəziyyət üçün son dövrlərə aid bir presedent olmadığını nəzərə alsaq, bu xərcləri qiymətləndirmək çətindir. Bəs bizi maarifləndirməsi üçün keçmişdən ala biləcəyimiz dərslər varmı?

Cavab — bəli. Biz indiki vəziyyəti anlamağımız üçün iqtisadiyyat tarixindən üç dərs götürə bilərik.

Gəlin əvvəlcə iqtisadi ixtisar yaradan tanınmış bir pandemiyanı — Birinci Dünya müharibəsinin sonlarından başlayaraq dünyaya yayılan İspan qripini analiz edək. Bir neçə ay ərzində ən azı 50 milyon fərdi öldürən İspan qripi maliyyə böhranına səbəb olmuşdu. ABŞ-da sənaye istehsalı və kommersiya fəaliyyəti üzrə aylıq məlumatlar göstərir ki, 1918-ci ilin iyul ayından 1919-cu ilin mart ayına qədər bu sahələrdə müvafiq olaraq 16 və 25% geriləmə baş verib. Müqayisə etsək, bu, sürət baxımdan Böyük böhranın ilk dörd ilində müşahidə edilən geriləmə ilə eynidir.

Biz bu statistikalardan ilk önəmli dərsimizi ala bilərik. İqtisadi fəaliyyət indeksləri göstərir ki, 1919-cu ilin mart ayından 1920-ci ilin yanvar ayına qədər 22–25% iqtisadi artım yaşanıb. Valyuta siyasətində edilən kəskin dəyişikliklər mane olmasa idi, bərpa prosesi davam edəcəkdi. İspan qripinin cavanlara — həyatlarının şəfəqini yaşayanlara qəddarcasına hücum etdiyini nəzərə alsaq, bu, dərin təsir bağışlayan bir bərpa prosesi olmuşdu. Hal-hazırda proqnoz edilən ölüm hallarının sayı İspan qripi zamanı yaşanan ölüm hallarına qətiyyən yaxın olmadığından və maliyyə böhranlarının orta müddəti XIX əsrin sonlarından bəri azaldığından sürətli bir bərpa prosesinə şahid olmağımızın ehtimalı çox yüksəkdir.

Müvəqqəti böhran ilə üzləşdiyimizdən, işsiz ailələrin gördüyü iqtisadi zərərləri minimal həddə çatdırmaq üçün məqsədyönlü dəstək tədbirləri görməyimiz arzuolunandır.

İkinci dərs potensial iqtisadi inkişafın İspan qripi səbəbilə azalmasının uzunmüddətli effektlərini əhatə edir. Bir çox araşdırmalarda azyaşlıların və hamilə qadınların sağlamlığı ilə əlaqədar verilənlər tədqiq edilib və İspan qripinin nəticələri göstərilib. Uşaqların virusa yoluxması, eləcə də ana bətnindəki körpənin virusa yoluxması uşaqların akademik uğurlarını və yetkinlik dövründə əldə etdikləri gəliri məhdudlaşdırırdı. Bu effektlər Yaponiya, İsveçBirləşmiş Ştatlar kimi bir çox ölkədə müşahidə edilmişdir.

Buna görə də bizi narahat edən şey uzunmüddətli effektlər, xüsusilə də, səhiyyə böhranının yaratdığı dərin izlər olmalıdır. Əhəmiyyətsiz olmasa da, İspan qripinin uzunmüddətli iqtisadi potensiala vurduğu zərər o qədər də sarsıdıcı görünmür. Koronavirusun hal-hazırda İspan qripi qədər böyük olmayacağı proqnoz edilir. Buna görə də biz onun uzunmüddətli effektlərinin daha az olacağını deyə bilərik. Beləliklə, bir qədər arxayın olmağımız üçün bir səbəb var.

Buna baxmayaraq, böyük bir böhrandan (məsələn, təbii fəlakət, epidemiya və ya iqtisadi böhran) sonra iqtisadi bərpanın sürətinə təsir göstərən müxtəlif amilləri özündə toplayan empirik ədəbiyyatdan alacağımız üçüncü bir dərs də var. Bu ədəbiyyat qeyd edir ki, daha çevik sosial təsisatlara sahib olan ölkələr böhranlara daha yaxşı dözürlər. Nümunə olaraq, “European Journal of Political Economy” jurnalında yayımlanan, 1993-cü ildən 2010-cu ilə qədər 175 ölkədə baş vermiş 212 iqtisadi böhranın araşdırıldığı bir tədqiqatda aşkar edilib ki, ən az ağrılı maliyyə böhranı yaşayan, eləcə də ən sürətli bərpa prosesinə şahid olan ölkələr məhz rəqabətə və sahibkarlıq fəaliyyətinə ən açıq olan sosial təsisatlara malik ölkələrdir.

Beləliklə, ziyan görmüş işçilər üçün görülən dəstək tədbirlərinə haqq qazandırmaq olar, lakin hökumətlər sahibkarların həyatlarını daha da çətinləşdirmədiklərinə əmin olmalıdırlar. Dövlət siyasəti əks-təsir göstərirsə, onlar maliyyə böhranının müddətini uzada və bərpa prosesinin sürətini azalda bilərlər.

Uzunmüddətli xərcləri minimallaşdırmaq üçün bu müddət ərzində ehtiyatlı olmaq lazımdır. Bu üç dərs bizi qarşımızdakı aylar üçün sakitləşdirməli və hazırlıqlı etməlidir.

--

--

Aykhan Zayedzadeh
Poctalyon

I’m writing from Baku, Azerbaijan. My interests include history and economics. I’m a Classical Liberal.