Əli Atay və rejissorluq karyerası

Gulay Zakariyya
Poctalyon

--

“Limonata”

Əli Atay rejissorluq təcrübəsinə 2015-ci ildə “Limonata” filmi ilə başlamışdır. O, filmin ssenarisini Ertan Saban ilə birlikdə yazmışdır. Filmdə Serkan Keskin, Ertan Saban kimi peşəkar aktyorlar oynayır.

Makedoniyada yaşayan, köhnə tır şoferi və ölüm ayağında olan Suatın ölməzdən əvvəl son arzusu illər öncə İstanbulda tanış olduğu qadınla münasibətdən doğulan oğlu Səlimi görməkdir. Onu tapmağı isə böyük oğlu Sakıpa tapşırır. Sakıp varlığını ilk dəfə eşitdiyi qardaşı Səlimi tapmaq üçün Makedoniyadan İstanbula yola düşür. Sakıp çətinliklə də olsa, Səlimi tapır, lakin Səlimin atası olduğunu qəbul etməyə niyyəti yoxdur. Sakıp nə qədər çalışsa da, qardaşını yola gətirə bilmir və atasının artıq sayılı dəqiqələri qaldığı üçün Səlimi qaçırır, iki qardaş Makedoniyaya doğru yola düşür. Sonda Səlim atasını görə bilmir, çünki o çatdığı zaman atası artıq ölmüşdür.

Hekayəsindən də gördüyümüz kimi, “Limonata” bir yol filmidir. Ancaq burada bir çox bənzəri filmlərdə olduğu kimi təkcə maşınla səyahət deyil, iki qardaşın bir-birini tanıdığı bir macəradan söhbət gedir. Hətta onu bütün yol filmlərindən fərqləndirən ən başlıca və dominant cəhəti Balkanlar mövzusudur. Film Makedoniyada və İstanbulda çəkilmişdir. İstanbulda çəkilən hissələr çox uğurludur, şəhərlər və ya səmtlərlə bağlı zarafatlar yerli-yerində istifadə olunmuşdur. Hər bir türk filmi kimi burada da jarqondan istifadə var, ancaq narahat edici səviyyədə deyil, hətta tam yerində istifadə olunub.

Burada 2 əsas obraz var: Səlim və Sakıp. Səlimin aqressiv, kobud və söyüşcül olmasının əksinə, Sakıpın olduqca həlim, sakit olması filmin yumoru cəhətdən çox yaxşı düşünülmüş incə məqamlardan biridir.

Diqqəti cəlb edən detallardan biri də seçilən rəng tonlarıdır, bu tonlar filmdə dinamik bir hava yaradır. Xüsusilə səyahət əsnasında istifadə olunan sarımtraq rəng tonları, fondakı musiqi ilə əla harmoniya yaradır və filmə səmimiyyət qatır.

Film Əli Atayın atasına və Ertan Sabanın gənc yaşda xərçəng xəstəliyindən itirdiyi həyat yoldaşına ithaf olunmuşdur. Ertan Sabanla bağlı bu faktı da xüsusilə vurğulamaq istəyirəm, çünki filmə baxdığım zaman çox diqqətimi cəlb etmişdi, düşünürdüm ki, görəsən evli olmayan obraz bütün film boyu niyə rolunu evlilik üzüyü oynayır? Cavabı isə çox təsirlidir. Ertan həyat yoldaşını itirdikdən sonra heç vaxt üzüyü çıxarmamışdır və o gündən bəri iştirak etdiyi bütün filmlərdə də həmişə üzüklə rol almışdır (subay obrazı canlandırsa belə).

Əvvəldən də qeyd etdiyim kimi, bu sadəcə yol əhvalatı deyil, eyni zamanda Balkan filmidir. Makedoniya hissəsində çəkilən səhnələrdə rəngarəng roman toyuna şahid oluruq. Balkanlarda olan səhnələrdə orada yaşayan türklərin hələ də öz köklərindən qopmaması, Türkiyədə baş verən xoş hadisələrə sevinib, pis günlərinə üzülmələri (Səlimin İstanbul avtobusunu gözləyərkən Nihal ilə olan söhbəti), Səlimlə türk pasportu daşıdığına görə fəxr etmələri (Fuatın çayxanada danışdığı səhnə) Balkan türklərinin öz soydaşlarına olan bağlılığına işarədir.

Fikrimcə, filmdə ən təsirli nöqtə divarda “Blood is not Lemonade” qrafitisinin verdiyi mesajdır. Bəs bu nə deməkdir? Bildiyimiz kimi biz türklər dünyanın hansı bölgəsində yaşasaq da, daima etnik təmizləmələrə, soyqırımlara məruz qalmışıq və qalırıq. Bu yazı da Balkan türklərinin başına gətirilən dəhşətlərin, onların kədərli günlərinin acı ifadəsidir.

Limonad haqda düşündüyümüz zaman içimizə bir sərinlik gəlir, elə film də insana o cür təsir edir. Sərinlədir, güldürür, bəzən hüznləndirir.

Əhvalat yolda başlayır və məzarlıqda bitir, yəni həyat bir yoldursa, sonu məzardır.

--

--