Mülkiyyət və mirasın əsasları
Qeyd: Bu məqalə “Frankfurter Allgemeine Sonntagszeitung” qəzetinin iqtisadiyyat və maliyyə üzrə baş redaktoru Dr. Rayner Hankın “Liberales Institut”da nəşr edilən 2006 tarixli “Zur Rechtfertigung von Eigentum und Erbe” məqaləsindən tərcümə olunmuşdur.
Söhbət həyat və ölümdən gedəndə liberallar bir-birlərilə mübahisə etməkdən doymurlar. Bir insan öldükdən sonra mülkiyyəti üzərində hansı haqqa sahib ola bilər? Ölülərin yaşayanlara öz iradələrini məcburən diktə etməsi ədalətlidirmi? Mülklərin sonrakı nəsillərə ötürülməsi heç bir mirasdan faydalana bilməyən insanların eyni səyi göstərdiyi halda belə, rəqabət edə bilməməsilə nəticələrək şansların asimmetrik paylanmasına səbəb olmaz?
Vərəsəlik hüququ və şəxsi mülkiyyət
Vərəsəlik hüququ liberal dünya görüşündə ən çox mübahisə olunan mövzulardan biri olaraq önə çıxır. Bunun səbəbi isə bu günə qədər fundamental inancların razılaşmayacaq tərzdə bir-birinə zidd olmasıdır. Şəxsi mülkiyyət fundamental insan azadlığı olaraq öz mövqeyini gücləndirdikcə vəsiyyətçinin miras üzərindəki istismar hüququna olan müdaxilələr də bir o qədər məhdudlaşır. Bu halda liberalların xoş qarşılamadığı bərabərsizliklər meydana çıxır: mülkiyyətin generasiyalar boyunca ötürülməsi varis nəsillərin öz hesablarına heç vaxt qazana bilməyəcəkləri imtiyazlara yiyələnmələrinə səbəb olur. Liberalların isə imtiyazlardan daha çox nifrət etdikləri bir şey tapmaq müşkül məsələdir. Bərabərsizlik şəxslərin öz performanslarından irəli gəldiyi müddətcə qəbul olunandır. Miras isə, əksinə, insana öz zəhmətinin neməti olmayan və onun gələcək həyatını müəyyənləşdirə biləcək üstünlüklər verir.
Hesablamalara görə, 2020-ci ilə qədər alman vətəndaşların qoyduqları mirasın həcmi 3 trilyon avroya çatacaq. “Varislər generasiyası” öz səyilə əldə etmədiyi mülk mövzusunda ədalətlə üzləşməyi qəbul etməlidir — baxmayaraq ki, miras vergisinin vergi gəlirləri arasındakı payı əyalətlər arasında fərqlilik göstərir, ümumi olaraq, o, kiçik bir faiz nisbətinə sahibdir. Çünki, “varislər sülaləsinin” cəmiyyətdəki mülkiyyət paylanmasına elə də önəmli təsirinin olmadığı mövzusunda ciddi şübhələr mövcuddur.
Vərəsəlik hüququnun liberallar arasında mübahisələrə səbəbiyyət verməsi tarixi olaraq müəyyən dərəcədə əsaslıdır. Liberalizm köklərini maarifçilik dövründən (Age of Enlightenment) almıştır. Maarifçilik isə burjuaziyanın aristokratiyaya qarşı üsyanı idi. Bu mübarizədəki silahlar əxlaq və iqtisadi fayda idi: aristokratiyanın vərasətə əsaslanan hakimiyyətinə qarşı dağıdıcı strategiyalar. Rəqabət — liberal ədalət prinsipi bu düşməni gücsüzləşdirmə üsulu idi və onun şüarı belə səslənirdi: ya daha yaxşı düzəlt, ya daha ucuz! Bazarın bu qanununa riayət edərək işləyən birinə öz uğurlarının meyvəsini dadmaq haqqını aristokrat qanının verdiyi mülkiyyət imtiyazları heç bir halda əngəlləyə bilməzdi. Maarifçilik hərəkatı meritokratik prinsipləri dəstəkləmiş ve burjuaziyaya güc qazanma yolunda kömək etmişdir. Əməyin qarşılığının tapılmasına olan əminlik bu gün belə protenstant, kapitalist etikanın stimul mənbəyini təşkil edir.
Beləliklə, maarifçilik mülkiyyət haqlarının keçərliliyi və bununla da müasir nizamın əsas müddəaları ilə qarşı-qarşıya gəlmək məcburiyyətində qaldı. Çünki, şəxsi mülkiyyət və müqavilə azadlığı kimi anlayışların altında hüququn aliliyi (Rule of Law) yatır. Bu haqları məhdudlaşdırmaq fundamental insan azadlıqlarına zərər vermək deməkdir. Həmçinin, şəxsi mülkiyyət işlək bir bazar iqtisadiyyatının mövcudluğu üçün əsas şərtlərdən biridir. Çünki sadəcə mülkiyyətinin ona və onun varislərinə aid olduğundan əmin olan insan, mülkiyyətinin gələcək nəsillər tərəfindən artırılması niyyəti ilə qənaət edər və investisiya yatırar. Niyə şəxsi mülkiyyət üzərindəki bu haqq ölümlə birlikdə legitimliyini itirməlidir?
Daha da irəli gedək: sadəcə şəxsi mülkiyyət vasitəsilə bir ailə nəsillərarası davamlılığını təmin edə bilər. Bu isə başqa bir iqtisadi dinamikanı gücləndirir: “DNT zəncirləri kapitalist iqtisadi sistemi vəhdətdə saxlayır, lakin, bu zəncir Marks ve Engelsin Kommunist Manifestin son hissəsinə yerlə bir etməyi tələb etdikləri kinayəli zəncir deyil”, ailə kapitalizmi haqqında böyük araşdırmasında iqtisadiyyat tarixçisi Harold Ceyms belə yazır.
Şəxsi mülkiyyət və fayda prinsipinin mübarizəsində qərarı dövlətin miras məsələsinə hansı rola sahib olacağı verir. Meritokratik prinsiplər nə qədər çox vurğulanırsa, liberallar da dövlətin vərəsəlik hüququ və vərasətə müdaxiləsinə qarşı bir o qədər tolerantlıq sərgiləyirlər. Dövlət toplayır və bölüşdürür, beləcə, şans bərabərliyi formalaşır. Ekstrim örnəkləri isə praktiki olarak müsadirə sayılacaq qədər yüksək miras vergisi tələb edən radikal meritokratlar təşkil edir. Bunun əksinə şəxsi mülkiyyət nə qədər “müqəddəsdirsə”, dövlət də bir o qədər az müdaxilə edərək həyatla ölümdən kənarda durmalıdır. Ekstrim hallarda isə bir həyatın mülkiyyətdə toplanmış fayda şəhadətnaməsinə istənilən zorakı müdaxilə qadağan olunur.
Faktiki olaraq, bir cəmiyyətin vərəsəlik hüququ bir-birlərilə mübarizə aparan iki ədalət konseptinin uzlaşma göstəricisidir. Vərəsəlik hüququnda bir xalqın ədalət fəlsəfəsi yatır. Amma nominativ olaraq bir qərar verməliyik: şəxsi mülkiyyətə, yoxsa meritokratiyaya yola yaşıl işıq yandırmalıyıq?
Miras nəzəriyyələri
İnsanlar mülkiyyətlərini niyə miras qoyurlar? Bu suala tam rasionalist cavab axtaran biri geridə miras qoymanın insan həyatının sonunda ortaya çıxan məqsədsiz bir xəta olduğunu müdafiə edər. Çünki bir insanın etdiyi bütün qənaəti həyatı boyunca istehlak etməsi daha rasional olardı, onsuz da dünya malı dünyada qalır. Yerdə qalan mümkün cavablar isə heç kimin öləcəyi günü bilməməsi, buna əsasən də, uyğun ölçüdə ehtiyat yığmaq və daha böyük istehlak arzularına çata bilmək məqsədilə məntiqli olaraq, sərvət toplamağa çalışmasıdır. Bu cür məhdud və eqoist konsepsiyaların həqiqəti əks etdirdiyinə inanan insanların daha yüksək vərəsəlik vergisi ilə elə də problemləri yoxdur. Nəticə etibarilə, vəsiyyətçinin öz mülkiyyətinin sonrakı nəsillərə ötürülməsi kimi istəyi yoxdur. Bu, böyük ölçüdə dövlətin narahatlıqlarını aradan qaldırır.
Vəsiyyətçidə müəyyən ölçüdə rasionallıq olduğunu sübut etmək üçün radikal altruist olmaq mütləq deyil. Çünki, onun nəzərində mülkiyyətinin sonrakı nəsillərə ötürülməsi tam olaraq həyatı boyunca qazanc vəd edir. Övladlar və ya digər varislər mirasın bitib tükənməsinin qarşısını almaq üçün daha yardımsevər və dostyana olacaqlar. Bu perspektivdən yanaşsaq, mülkiyyətin nəsildən nəsilə keçməsi nəsillər arasında bir mübadilə fəaliyyətinə, kollektiv sosial sığortanın sahib olduğu uydurma nəsillərarası müqavilədən çox daha məntiqli bir nəsillərarası müqaviləyə çevrilməkdədir.
Bu da təklikdə həqiqəti bütünlüklə gözlər önünə sərmir. “Ailə ruhu olaraq adlandırılan şey” Aleksis de Tokvil yazır, “fərdlərin şəxsi mənafelərindən yola çıxan mübadilələrinə söykənir. Hər bir insan özündən sonra gələcək olan ardıcıllarının vasitəsilə davamiyyətini sığortalamaq və əbədiləşmək istəyir.” Başqa sözlə: insanları ölümdən sonra miras qoymağa vadar edən səbəb insanın fani olması “xəstəliyidir”. Əgər mən ölümsüz ola bilmirəmsə, ən azından dünyaya göz açacaq sonrakı nəsillər mənim qoyduğum mirasa baxıb məni xatırlamalıdırlar. Sonrakı nəsillərin mirasa olan əlçatanlıqlarını məhdudlaşdıran “fidei commissum”un ortaya çıxması da bu motivasiyadan qaynaqlanır. Bütün sərvətini yaşadığı müddətcə istifadə etməkdən imtina etməyin yeri, əsrlər sonra belə xatirələrin bu həyat müddəti boyunca hasil olunmuş sərvətdə yaşaması kimi insan həyatına yeni bir məna qatan qazanc tərəfindən doldurulur.
Ümid edilən ölümsüzlüyə söykənən və nəticədə kifayət qədər mərkəzi olan miras motivasiyası vərəsəlik haqqını yararlı edir. Dövlət miras üzərində nə qədər çox vergi tətbiq edərsə, vəsiyyətçilər də bir o qədər şiddətlə öz sərvətlərini ianəçilərinin adlarını unutmayan fondlara yönəldirlər. Çünki, fondlar və onlara edilən ianələr həmişə ianəçinin adını daşıyır: istər Nyu Yorkda, “Carnegie Hall”da musiqi dinləyin, istərsə də Pittsburqda, Karneqi Mellon universitetində təhsil alın.
Mülkiyyətin nəsildən nəsilə ötürülməsinin sonrakı generasiyaların iqtisadi performansı üzərində təsirə sahib olduğu gerçəkliyi əsla gözdən qaçmamalıdır. Əksinə, düşündürücü olan elə budur: böyük bir mirasda gözü olan insan bu mirası əldə etmək üçün tər tökməyə ehtiyac duymur, bu mirasa o, zəhmət çəkmədən də sahib ola bilər. Bu cür opportunist davranış Samaritan dilemması (Samaritan’s dilemma) olaraq adlandırılır: Altruizm öz qurbanlarını yaradır, mərhəmət isə çarəsizlik əmələ gətirir.
Bununla da, əsas dilemmadan vərəsəlik dilemması yaranır. Bir tərəfdən, haqlı olaraq, sadəcə sonrakı nəsillərə mülkiyyət transferinin mümkünlüyünün iqtisadi performans üçün yetərli motivasiya mənbəyi ola biləcəyi ilə bağlı fikir yürüdülür. Öz zəhmətinin meyvəsinin dövlət tərəfindən sosiallaşdırılmasını (oxu: müsadirə olunmasını) gözləməyə məcbur qalmış biri daha çox əmək sərf etmək istəməz. Eyni şəkildə, yüksək miras vergisi səbəbilə şirkətinin mövcudluğuyla bağlı narahatlıq çəkməli olan insan da qısa zamanda şirkəti yad birinə satar. Ancaq, vəsiyyətçilərin gözündə performans yüksəldən miras, varislərin baxış bucağından performans azaldıcı kimi çıxış edə bilər. İşləmədən dişləyən adam öz hesabına nə isə qazanmağa ehtiyac duymur.
Əlbəttə ki, bir çok hallarda əcdadlarımızın vicdanımızda lövbər salmış tələbi daha güclü olur: “Atalarından nəyi miras almısansa, üzərində işlə ki, ona sahib olasan.” — deyə, böyük şair Göte boş yerə yazmayıb. Mirasın artırılması və heç bir zaman mövcud sərvətin xərclənməməsi bir çox şirkət və ərazi sahibi ailədə dəyişməz ailə qaydaları arasında yer alır. Bu cür öhdəlik ən pis halda varis nəsillərin mirasa özləri qazanıbmış kimi davranmasına yol açır, nəticə etibarilə, miras müqəddəsdir.
Xristian Qərb və şəxsi mülkiyyət
Xristianlığın təsirilə formalaşmış Avropa şəxsi mülkiyyətə qarşı həmişə ambivalent münasibət göstərmişdir. Evangelistlər İsanın izindən getmək naminə bütün şəxsi mülkiyyətindən əl çəkənləri tərif yağmuruna tuturdular. “Bir dəvənin iynə ucundan keçməsi bir varlının Allahın padşahlığına girməsindən daha asandır.” Əhdi-Cədiddə hər kəsin hər şeyə birlikdə sahib olmasının daha yaxşı olacağına qarşı əminliyə tez-tez rast gəlinməsi də gözardı etməməli olduğumuz vacib bir nöqtədir. Xristian kommunizm utopiyası bu gün belə bir çoxlarını inandırma gücünü özündə saxlayır. Bu niskil bərabərliyin təmin edilməsini istəyir.
Təkcə 16-cı əsrin gec ispan sxolastikasında, daha dəqiq desək, Luis de Molinanın (de Iustitia et de Iure) və Antonio de Escobar i Mendozanın (Universae Thologiae Moralis) əsərlərində istər ilahi, istər təbii hüquqla üst-üstə düşən və özündə pozitiv bir mülkiyyət anlayışı daşıyan fikirlər yer alır: “Yalnız şəxsi mülkiyyətin qorunması insanların yaradılmışları pis günə qoymayacaqlarının sığortasıdır . Xeyriyyə və xristian altruizmi üçün şəxsi mülkiyyətin imkanları əsasdır. Çünki sadəcə nəyəsə sahib olan şəxs ona aid olanı ianə edə bilər. Buna bənzər olaraq oğurluğa qarşı qoyulmuş qadağa üçün də şəxsi mülkiyyətin mövcudluğu danılmaz şərtdir.”
Amma ispanlar istisna idilər. Qərb dünyasındakı meynstrim fərqli düşünürdü. Maks Veberin kapitalist dinamikanın əsas şahidləri olaraq faydalandığı reformatorlar belə şəxsi mülkiyyətə qarşı qırılmaz bir xoş münasibət bəsləmirlər. “Hər şeyin şəxsi mülkiyyətə çevrilməsindən anlaya bilərik ki, bizlər günahkarıq” Svinqli yazır, “çünki, Tanrının bizə bəxş etdiyi nemətləri mülkiyyətimiz elan edirik.” Xristian teologiyasına görə, yaradılış aktı zamanı ekvivalentlik prinsipi keçərli deyil. Tanrı yer üzünü insanların ixtiyarına qarşılılıq gözləmədən verib. Svinqli qeyd edir: “Çünki, o (mülkiyyət ola biləcək şeylər), şəxsi fayda ve həvəslərin əmrinə buraxılmayıb.”
Təəccübləndirici deyil ki, 17 və 18-ci əsr maarifçiləri şəxsi mülkiyyəti mütləq azadlıq olaraq görmürdülər. O, daha çox qanunverici hakimiyyətin qərarlarına tabe idi. Mirabeau 1791-ci ildə yazırdı:“Mülkiyyət sadəcə ictimai həyat forması təməlində mövcud ola bilər və bu səbəblə, o, cəmiyyətin sahib olduğu digər prioritetlər kimi qanunlara və şərtlərə tabedir.” Bunun hesabına inqilab qəhrəmanları və daha sonra Napoleon kodeksi mirasın bərabər bölünməsi naminə vəsiyyət azadlığını, yəni vəsiyyətçinin öz iradəsinə müvafiq olaraq istədiyi şəxsə öz mülkiyyətini ötürə bilməsini ləğv etmək üçün müəyyən bir legitimləşdirici dəstəyə ehtiyac duymadılar, lakin əsilzadələrə aid ilk təvəllüd haqqının (droit d’aînesse) açıq şəkildə bərabərliyə zərər verdiyini və aristokratiyanın idarə gücünü inhisarında saxlamasının səbəbkarı olduğunu düşünürdülər. Mülkiyyət azadlığının görməzdən gəlinməsi çox da faciəvi deyildi, ancaq maarifçilərin düşüncələrinə görə, mülkiyyət haqları ölümlə birlikdə onsuz da sonlanırdı.
Mülkiyyət nizamına edilən bu müdaxilənin və mirasın varislər arasında bərabər bölünməsi məcburiyyətinin iqtisadi təsirləri böyüdülə bilməz. Bu vəziyyəti ən yaxşı Tokvil təsvir edib: “Mülkiyyət sahibinin ölümü vərəsəlik qanununa uyğun olaraq mülkiyyətdə köklü dəyişikliklərə səbəb olur, mülkiyyət sadəcə sahibini yox, belə demək mümkündürsə, öz varlığını da dəyişir, o, getdikcə daha kiçik parçalara bölünməyə başlayır.” Hərçənd ki, qazandığı uğurları “droit d’aînesse”ə uyğun şəkildə nizamlayan xalqlar ailə ruhunu əraziyə “endirirdilər”, böyük mülk və torpaq sahələri varislər arasında bərabər bölünmə yoluyla silinib getməli idi. Bu, həmçinin ailə ruhu ilə torpaq mülkiyyəti arasındakı bağları qoparırdı. Bunun isə fransız inqilabının şüurlu ve anti-aristokratik hücum xətti olduğu aşkardır.
Anqlosakson ənənəsi
Anqlosakson ənənəsi belə mülkiyyətin sonrakı generasiyaya transferi zamanı şəxsi mülkiyyətə müdaxilə etməkdən çəkinmirdi. Con Stüart Mill, vərəsəlik hüququ müstəvisində azadlığı məhdudlaşdırmağın liberal müdafiəçisi idi və onun bütün müasirləri özlərini fransız maarifçilərindən tamamilə fərqli şəkildə müdafiə edirdilər. Mill müdaxiləni eqalitarian-demokratik yox, ixtiyari-meritokratik tərzdə müdafiə edirdi.
Çünki Amerika cəmiyyəti özünü bir fayda cəmiyyəti olaraq görürdü. Lakin gəlirin xidmət və fayda qarşılığında paylanması miras transferi vasitəsilə sərvət paylaşımına qəti şəkildə zidd idi. Doğumun təsadüfiliyi faydaya əsaslanan paylanmanı zədələyirdi, bu səbəblə, onun sahib olduğu güc təsirsizləşdirilməli idi. Təəccüblü deyil ki, ABŞ digər ölkələrə nəzərən vətəndaşlarına daha yüksək miras vergisi tətbiq edir; “New Deal”in ən qızğın vaxtlarında bu verginin payı 75%-ə qədər qalxmışdı.
Birləşmiş Ştatlarda “super-varlılar” belə bu halı normal qarşılamaqla qalmır, hətta məcburi olduğunu düşünürlər. 2001-ci ilin yazında vərəsəlik vergisinin ləğv edilməsi ideyaları meydana çıxanda, aralarında Vorren Baffet, Corc Soros ve Bill Geytsin də olduğu bir çox son dərəcə varlı şəxs belə bir qanun dəyişikliyinin Amerika mədəniyyətinin təməllərini sarsıda biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi. Fərqli qəzetlərdə nəşr olunan bir çağırışda isə müəlliflər vərəsəlik vergisinin ləğv edilməsinin “demokratiyamız, iqtisadiyyatımız və cəmiyyətimiz üçün pis” nəticələnəcəyini bildirirdilər. 19-cu əsrin varlı fabrikantlarının ənənəsinə nəzər salsaq, onlar “sərvət aristokrasiyasının” yaranacağı ilə bağlı xəbərdarlıq edirdilər. Bu reaksiyanın arxasında dayanan şey qətiyyən həddən artıq zənginliyin sosial münaqişələrə səbəb olacağı və mülk sahiblərinin özlərinə qarşı istifadə ediləcəyinə yönəlmiş eqoist bir qorxu deyildi. Bu daha çox uğurlu insanların bu uğurlarının əsas səbəbinin başqalarının yox, özlərinin zəhməti olduğundan əminlik duymaları idi.
Hər cür tənqidlərə baxmayaraq, görünüşə görə, hələ də bir çox liberal tərəfindən ucaldılan meritokratik prinsiplər bu mövzu haqda necə bir baxış bucağı ortaya qoyur. İlk dəfə 38 il qabaq iqtisadiyyat üzrə Nobel xatirə mükafatı sahibi Milton Fridman onun haqlılığını sorğulayır.
Fridmana görə, şans bərabərliyinin təmin olunmasını mümkün sayan biri illüziya dalınca qaçır. İnsan həyatı şərtlərin olmadığı bir 0 nöqtəsindən başlamadığı kimi, doğuşdan gələn təsadüflərin səpilmiş təsirləri də aradan qaldırıla bilməz. Miras isə, Friedman deyirdi, fərqli istedadlar, fiziki güc və zəifliklərlə birlikdə, bu təsadüflərdən biridir. Bu gün isə bu sıraya başqa bir vacib amil artırılmalıdır: fərqli genetik formalar. Bunu bir çoxlarının bərabər başlanğıc şərtləri quraraq şans bərabərliyinin inşa oluna biləcəyi nəticəsinə gəlib çıxdığı hallar da göstərir: bu nəticəyə uyğun olaraq onlar, genetik manipulyasiya yolu ilə bütün yeni doğulanların bacarıq və imkanlarını bərabərləşdirməyin lehinə arqument də gətirməlidirlər. Əks təqdirdə, nə şans bərabərliyi, nə də meritokratiya mövcud ola bilər.
Həyatlarımızın başladığı nöqtələrdə biz bərabər yox, qeyri-bərabər düzülmüşük. Şans bərabərliyinin ilkin halı bir fiksiyadır. O, liberalların özlərini qorumalı olduqları “bacararıq” sayıqlamalarından irəli gəlir. Çünki o, bərabər başlanğıc şərtləri (level playing field), bərabər uzunluqlu oyun çubuqları və rəqabətin ədalətli olması üçün lazım bilinən digər bərabər şərtlərin təminatı adına ciddi müdaxilələrin axınına yol açır. Bərabər rəqabət şərtləri yaratmaq istəyənlər, əslində, rəqabətə etibar etməyən texnokratlar olduqlarını ortaya çıxarmış olurlar.
Yeni sosioloji araşdırmalar da meritokratiyanın sadəcə miras alınan imtiyazların keçərli sayıldığı köhnə sinifli cəmiyyətin yerini alan fayda əsaslı yeni sinifli sistemdən başqa bir şey olmadığını göstərir. Pulu, yaxşı təhsili və geniş dost çevrəsi olan valideynlər bu üstünlüklərindən uşaqlarının da faydalanmasına imkan yaradaraq, onların uğurlarında önəmli ölçüdə pay sahibi olacaqlar. Bu fayda cəmiyyətidir, yoxsa sinfi cəmiyyət? Amerikan fayda elitləri arasında dünyaya gözlərini açan bir uşaq, başqa heç kimin paylaşmadığı imtiyazlardan faydalanma şansına sahibdir. Kim belə bir meritokratik çevrənin şans bərabərliyini, bununla da meritokratiyanı məhdudlaşdırdığı üçün o uşağa bu imtiyazlardan yararlanmağı qadağan etmək istəyər? Bu, absurd olardı.
Vərəsəlik vergisinə qarşı liberal şübhə
Bütün bu məlumatlardan 2 vacib nəticə çıxarmağımız mümkündür:
- Liberallar şans bərabərliyi ifadəsinə aldanmamalıdırlar: Rəqabət daha az imtiyazlı birinin imtiyazlı birini gücsüz qoya biləcəyi fantastik bir şansdır. Bunun üçün şans bərabərliyini quracaq müdaxiləçilərə ehtiyac yoxdur. Kiçik və yeni firmalar bazara “nəzarət edən” markaların köhnəlmiş görünmələrinə səbəb olurlar. Və axmaqlar çox zaman “ağıllı başları” kölgədə buraxa bilirlər. Hər kəs fərqli istedadları, ailəvi, sosial və mədəni səbəblərdən formalaşmış xüsusiyyətlərilə birlikdə əlindən gələnin ən yaxşısını etməlidir. Liberalları borclu hiss etdirəcək bərabərlik anlayışı nə şans, nə də nəticə bərabərliyidir, bu, hüquqi bərabərlikdir. Konstitutsiya hakimi Udo di Fabionun dediklərinə əsasən, müstəqil fərdlərin bərabərliyi paylanma və ya nəticə bərabərliyi yox, hüquqi bərabərlikdir. Hüquqi bərabərlik fərqli istedadların təbii bərabərsizliklərinin bazarda rəqabət etməklə inkişaf etdirilə biləcəyi şərait yaradır və onu qoruyur.
- Liberallar vərəsəlik vergisi düşüncəsinə və müdaxiləçi bir vərəsəlik hüququna qarşı xüsusilə skeptik münasibət bəsləməlidirlər: Azadlığı bərabərlikdən üstün tutan şəxs, mülkiyyət azadlığını da meritokratiyanın bu bərabərlik yanğılı utopiyasından üstün olmalıdır, həm də iqtisadi effektivliyə görə yox, ədalətin fəlsəfi əsaslarına görə. Bunlar mülkiyyət üzərindəki sərəncam azadlığını dəstəkləyir və onun vergiləndirilməsinə qarşı çıxır.