Okeanın görünməyən yerləri

Paul Azarovich
Poctalyon
Published in
3 min readApr 22, 2020

Bir sualtı qayıqda okeanın dərinliklərinə endiyinizi düşünün. Əvvəlcə balıq, dəniz məməliləri, plankton və mərcan qayaları ilə dolu parlaq bir sualtı dünyadasınız. Bura epipelagik zona adlanır. Bu yad kainatın içində daha dərinə getdikcə və 200 metr dərinliyə yaxınlaşdıqda ətrafınız sürətlə qaranlığa çevrilir və artıq orqanizmlərin quruluşunu belə çətinliklə görə bilirsiniz. İndi mezopelagik zonada və ya alatoranlıq zonasındasınız. Bafipelagik zona və ya “qorxunc” zona adlandırılan 1000 metrdən aşağıda, sualtı qayığınızın pəncərəsindən görünən sualtı dünya tamamilə qaranlığa qərq olmuşdur. Amma ki bu, hələ başlanğıcdır: okeanın dibinə çatmaq üçün hələ də olduğunuz yerdən dörd qat dərinliyə enmək məcburiyyətindəsiniz. Qaranlığın daha da dərinliklərinə gedərək alatoran dərinlikdə kiçik işıqlar görməyə başlayırsınız — təbriklər, artıq abissopelagik zonasına və ya “uçurum” zonasına çatmısınız. Və gördüyünüz işıq hissəcikləri də günəş şüaları yox, müxtəlif balıqların biolüminesensiya yolu ilə yaratdıqları işıqlardır. Bəs “Yerin kosmosu” adlandırılan bu abissopelagik zona nədir?

Orqanizimlərin işıq saçma hadisəsi biolüminesensiya-istilik ayrılmadan işıqsaçma adlanır və dənizlərdə yaşayan orqanizimlər arasında geniş yayılmışdır.

Abissopelagik və ya abissal zona adını “dibsiz dəniz” mənasını verən yunan sözündən alır.

Abissopelagik zona 4000 metr ilə 6000 metr arasında dəyişir. Adını “dibsiz” mənasını verən yunan sözündən alır. Bu zonada suyun temperaturu o qədər soyuqdur ki, donma temperaturuna çox yaxındır və burada, ümumiyyətlə, işıq yoxdur. Abissal zonada suyun kütləsinin böyük əksəriyyəti 2 ilə 3 ° C arası temperaturdadır. İşıq olmadığına görə ilk növbədə fotosintez və oksigen produksiya edən bitkilər yoxdur və oksigen ehtiyacı qütb bölgələrində çoxdan ərimiş buzlardan ödənir. Bu zonanın tam səthindəki su kütləsi əslində oksigendən tam məhrumdur və nəticədə yuxarı qatlardakı oksigenlə zənginləşdirilmiş suya tez qayıda bilməyən orqanizmlər üçün ölüm tələsidir. Bu bölgə yuxarıdakı okean zonalarından aşağı düşən və parçalanan ölü üzvi material çox olduğu üçün eyni zamanda azot, fosfor və silisium kimi qida duzlarının daha yüksək konsentrasiyasını ehtiva edir. Okean qatının dörddə üçünü özündə cəmləyən bu dondurucu, qaranlıq və təzyiqdən sümükləri sarsıdan dərinliklərdəki zonada çox az canlı yaşayır. Bu canlıların əksəriyyəti onurğasız heyvanlardır. Bundan daha dərin olan zona dərin dəniz xəndəklərini əhatə edən Hadalpelagik zonadır. Bu zonada mütləq donmaya yaxın temperatur və sarsıdıcı təzyiq daxil olmaqla olduqca əlverişsiz yaşayış şəraiti var.

Bu zonadakı sular bir litr üçün bir neçə kub santimetr həll edilmiş oksigen saxlayır, çünki seyrək heyvan populyasiyası oksigeni onun “uçurum” zonasına daxil olduğundan daha sürətli istehlak etmir. Abissal həyatı əsasən dənizin dibində cəmləşmişdir, lakin okean döşəməsinə yaxın su içərisində oksigen çox az konsentrasiya olmuş şəkildədir.

Abissal həyatı əsasən dənizin dibində cəmləşmişdir

Abissal zonası hava-dəniz interfeysində okeanı sürətləndirən fırtınalardan uzaqdır deyə çox sakitdir. Bu aşağı enerjilər uçurum çöküntülərinin xarakterində əks olunur. Abissal zona çox zaman qurudan kifayət qədər uzaq olduğu üçün çöküntü əsasən altında yerləşdikləri sulardakı (bafipelagik zona, mezopelagik zona) qida zəncirindən əmələ gələn mikroskopik plankton qalıqlarından ibarətdir. 4000 m-dən aşağı bölgələrdə kalsium karbonat həll olunmağa meyilli olduğu üçün əsas çöküntü tərkib hissələri qəhvəyi gillər və radiolarian zooplankton və diatomlar kimi fitoplanktonun silisium qalıqlarıdır.

Radiolaria — diametri 0.1–0.2 mm arasında olan protozoylardır.

Fitoplankton — su qatlarında yaşayan, ibtidai bitkilərdir (yaşıl, göy-yaşıl, qamçılı, diatom və b. yosunlar)

Cəhənnəm vampirinin biolüminesent “atəşfəşanlıqları”, parıldayan qollarının qıvrılması, xaotik hərəkətləri və qaçış trayektoriyaları ilə birlikdə bir yırtıcı üçün eyni anda çoxlu hədəfləri müəyyənləşdirməyi çətinləşdirir.
Tilov balığı, başından uzanan və biolüminesensiya yolu ilə işıq saçan xüsusi tilovla qurbanlarını özünə cəlb edir.

Abissal zonanın faunası çox seyrək və nisbətən az növə sahib olmasına baxmayaraq, gündəlik və ya mövsümi dəyişikliklər, yüksək təzyiq, qaranlıq, sakit su və yumşaq çöküntü ilə qeyd olunmayan bir mühitə uyğunlaşmış bütün dəniz onurğasızlarını və bir neçə növ balıq nümayəndələrini əhatə edir. Bu heyvanlar rəngsiz, boz və ya qara rəngdə və incə quruluşludurlar. Abissal xərçəngkimilər və balıqlar bəzi hallarda kor olurlar. Artan dərinliklə ətyeyənlər çöküntü ilə qidalanan heyvanlara nisbətən daha az enerji əldə edirlər. Abissal canlılar çox yavaş reproduktiv sistemə sahib olduqları üçün gec-gec çoxalırlar, amma buna qarşılıq olaraq uzun ömürlü olurlar.

--

--

Paul Azarovich
Poctalyon

Just a random guy who likes writing but is too lazy for so.