Polis tərəfindən öldürülmək Amerikada gənc qaradərili kişilərin başlıca ölüm səbəblərindəndir
Qeyd: Bu məqalə 16 avqust 2019-cu ildə Amina Xan tərəfində yazılmış və “Los Angeles Times”da yayımlanmış “Getting killed by police is a leading cause of death for young black men in America”adlı məqalənin tərcüməsidir.
Hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində baş verən ölümlər barəsində aparılan araşdırmanın nəticələrinə əsasən Amerikada hər 1000 qaradərili kişidən biri polislər tərəfindən öldürülür. Bu isə ağdərili kişilərin polislə münaqişə zamanı öldürülmə ehtimalından tam 2,5 dəfə çoxdur.
Araşdırma göstərir ki, “latino” kişilər, qaradərili qadınlar, eyni zamanda, yerli amerikalı kişilər, qadınlar və uşaqların polis tərəfindən öldürülmə nisbətləri eyni ağdərili qruplardan daha yuxarıdır. Lakin qaradərili kişilərin göstəriciləri, xüsusilə, narahatlıq doğurur.
“1000-də 1 göstəricisi bizi çox təəccübləndirdi, — deyə tədqiqata rəhbərlik edən və Ratqers Univesitetində sosioloq olan Frank Edvards bildirib, — bu, polis tərəfindən öldürülmə ehtimalınız lotereya qazanmaq ehtimalınızdan yüksəkdir deməkdir.”
Edvards və həmmüəlliflərinin hazırladığı tədqiqat həm də 2013–2018-ci illər arasında polis zorakılığının bütün gənc kişilər üçün başlıca ölüm səbəblərindən biri olduğunu aşkara çıxarmışdır.
Polis zorakılığının ölümcül nəticələri
Hər 1000 qaradərili kişidən 1-inin polis zorakılığı nəticəsində ölməsi və bunun ağdərili kişilərə nisbətən 2,5 dəfə yuxarı olması faktı analizlərin əsas nəticəsidir. Ümumi göstəricilər yaşa əsasən fərqlənsə də, ən yuxarı rəqəmlər gənclər üçün keçərlidir. Aşağıda 25–29 yaşlı qaradərili kişilərin başlıca ölüm səbəbləri və onların ölüm göstəricilərinin müqayisəsi verilmişdir (100 min nəfərin məlumatlarına əsasən):
Zorakılıq halları — 94,2
Qəzalar — 52,1
İntihar — 17,5
Ürək xəstəliyi — 14
HİV — 6,8
Xərçəng — 6,2
Polis tərəfindən güc tətbiqi — 3,4
Diabet — 2,8
İnfluenza və pnevmoniya — 2
Bu ay (Qeyd: Məqalə avqust 2019-cu ildə yazılmışdır.) Milli Elmlər Akademiyasının sənədlərində nəşr edilən tədqiqat Erik Qarner, Tamir Rays və Freddi Qrey kimi qurbanların timsalında bu prosesin ağır nəticələrini nümayiş etdirir.
5 il əvvəl Sent-Luis yaxınlığında, Ferqusonda Maykl Braun ölümlə nəticələnəcək şəkildə silahla vurulmuş, etirazçılar və aktivist qruplar ictimai diqqəti Afro-amerikalı və digər ağdərili olmayan şəxslərə qarşı qeyri-mütənasib gücdən istifadəyə çəkməyə fokuslanmışdı.
Tədqiqatçılar isə bu zaman uzunmüddətli nəticələrinin orijinal qurbandan daha irəliyə getdiyi polis zorakılığını ictimai sağlamlıq problemi kimi araşdırmağa yönəldilər.
“Bu məsələ icmalar üzərində həm fiziki, həm də mənəvi cəhətdən zərərli təsirlərə səbəb olur,” — Edvards vurğulayır.
“The Lancet”də yayımlanan araşdırmanın nəticələrinə görə silahsız qaradərili kişilərin polis tərəfindən öldürülməsi hadisənin baş verdiyi ştatda yaşayan qaradərili kişilər arasında depressiya və emosional problemlər kimi psixoloji sağlamlıq problemlərində artıma gətirib çıxarır.
“Və daimi qorxu halında yaşamaq xroniki stressə səbəb olur,” — Edvards bildirir. O, həmçinin, “söhbət” mövzusuna — Afro-amerikan valideynlərin övladları, xüsusilə də, oğulları ilə polislə qarşılaşdıqda zərər çəkməmək üçün çəkinmək məsələsində söhbətlərə də toxunur.
“Onlar bilirlər ki, qaradərili gənclər “təbii olaraq” şübhəli şəxs kimi fərqləndirilir.”
Xərçəng, ürək xəstəliyi və digər başlıca ölüm səbəbləri ilə birgə polis zorakılığı nəticəsində baş verən ölümlərin səviyyəsini dəqiq tədqiq etmək onun zərərlərini məhdudlaşdırmaq və hətta əsas səbəblərini tapıb “müalicə” etmək üçün olduqca vacibdir. Amma tədqiqatçıların fikrincə, belə zorakılıq nəticəsindəki ölümlər barədə dəqiq məlumatlar toplamaq rəsmi mənbələrin məhdud olması səbəbindən çox çətindir.
Araşdırma müəllifləri “The National Vital Statistics System”in statistikalarının bu ölümlərin bəzilərini qeyd etsə də, bir çox halda məlumatların tam göstərmədiyini deyirlər.
Məlumatları əldə etmək üçün Edvards və həmkarları jurnalistlər tərəfindən idarə olunan və xəbərlərdə, ictimai hesabatlarda və sosial mediada polis zorakılığı haqqındakı məlumatları toplayan “Fatal Encounters”ə müraciət etməli olublar. Tədqiqatçıların dediyinə görə, rəsmi mənbə olmasa da, bu təşkilat ən sonuncu rəqəmləri müəyyənləşdirməklə onları informasiya ilə təmin edib və bu rəqəmlər federal hökümətin təsdiqlənmiş Ədalət Bürosu Statistikalarına uyğun gəlir.
“The National Vital Statistics System” və “Fatal Encounters”dən alınan məlumatların təhlili ilə tədqiqatçılar polis zorakılığının ölümcül nəticələrini və onun yaş, cins və irqə görə müqayisəsini tamamlamağı bacarıblar.Polis tərəfindən intihar, nəqliyyat qəzaları, dozanı aşmaq və yıxılmaqla baş verdiyi qeyd edilən ölümlər daxil edilməmişdir.
Latın əsilli kişilər üçün polis zorakılığı nəticəsində ölüm riski ağdərili həmcinslərindən 1,4 dəfə yuxarı olmuşdur. Yerli amerikalı kişilər üçün isə bu riskin 1,2–1,7 dəfə yuxarı olduğu hesablanmışdır.
Ümumilikdə, qadınların polis zorakılığı nəticəsində öldürülməsi riski kişilərdən 20 dəfə aşağı olmuşdur. Bununla belə, qadınlar arasında da etnik mənsubiyyət və irqə görə fərqlər nəzərə çarpır.
Məsələn, tədqiqatın nəticələrinə görə qaradərili qadınların polis tərəfindən öldürülmə ehtimalı ağdərililərdən 1,4 dəfə artıqdır. Yerli amerikalı qadınların riski isə ağdərili qadınlardan 1,1–2,1 dəfə yuxarı olmuşdur.
Asiyalı və Sakit okean adalarından olan vətəndaşlar arasında isə həm kişilər, həm də qadınların hüquq-mühafizə orqanlarının güc tətbiqi nəticəsində həyatını itirmə riski ağdərili vətəndaşlardan riskinin yarısından da azdır.
Latın əsilli qadınlar da ağdərili həmcinslərindən 12–23% daha az bu taleyi yaşamalı olub. (Edvards bu nəticəni “maraqlı” hesab etsə də, əlavə araşdırma aparmadan fikir bildirməyə tərəddüd edir.)
Bütün qruplar içində gənclər arasında risk daha yüksəkdir, polis tərəfindən qətlə yetirilmə ehtimalı 20–35 yaş arasındakı vətəndaşlar üçün pik həddədir.
Tədqiqatın nəticələrinə əsasən 20–24 yaş aralığı kişilər üçün xüsusilə təhlükəlidir. Araşdırma dövründə 20–24 yaş arası qaradərili kişilər arasında polisin güc tətbiqili nəticəsində həyatına itirənlərin ümumi ölüm sayının 1,6%-ni təşkil etdiyi hesablanmışdır. Bu rəqəm “latino” və yerli amerkalı kişilər üçün isə 1,2%-dir. Lakin həmin yaş aralığında həyatını itirən ağdərili və Asiya əsilli kişilər üçün göstərici sadəcə 0,5% olmuşdur.
Tədqiqatın müəllifləri başqa amillərin də bu hadisələrə təsir göstərdiyini qeyd edirlər. Hansısa şəxsin etnik və irqi mənsubiyyət daxilində dərisinin tünd və ya açıq rəngli olması onun riskinə təsir göstərməsi mümkündür. Coğrafi faktorlar da mövcuddur, məsələn, latın əsilli vətəndaşların fərqli ştatlarda fərqli münasibət görməsi kimi.
Amma belə sualları cavablamaq üçün tədqiqatçılara əllərində olandan daha çox məlumat lazımdır. Polis saxlamaları haqqında məlumat, onların həbslə nəticələnib-nəticələnmədiyi polis müdaxilələrində hansı irqi qərəzlərin hansı səviyyədə olduğunu öyrənmək üçün çox vacib ola bilər. Bu məlumatların əldə edilməsi üçün isə ölkədəki polis departamentləri ilə daha yaxın əməkdaşlıq etmək lazımdır.