Ruandanın iqtisadi uğuru: Azad bazar yoxsul afrikalılar üçün niyə yaxşıdır?

Ruandada hökumət məhdud olmağa davam etsə, özəl sektor çiçəklənəcək.

Aykhan Zayedzadeh
Poctalyon
7 min readMay 18, 2020

--

Qeyd: Bu məqalə iqtisadiyyat üzrə fəlsəfə doktoru Angel Martin Oro və keyfiyyət analitiki Mark Bisbal Ariasın “Foundation for Economic Education”da nəşr edilən 27 iyun 2012-ci il tarixli “Rwanda’s Economic Success: How Free Markets Are Good for Poor Africans” məqaləsinin tərcüməsidir.

Dəhşətli münaqişə və qəddar zorakılıq dövründən keçən cəmiyyətlər bunları unudub, uğur qazanmışdır. Ruanda da buna bir nümunədir. Ruandadakı siyasi və sosial şərait 1994-cü ildə gerçəkləşən və ölkə əhalisinin 20%-nin öldürülməsi ilə nəticələnən dəhşətli soyqırımından sonra sabitləşib. Azad bazar islahatları ilə birlikdə, nisbətən sakit olan yeni mühitdə uzunmüddətli bir iqtisadi böyümə yaranmışdır.

Ruanda dənizə çıxışı olmayan, Afrikanın mərkəzi-şərqi bölgəsində yerləşən, 11 milyon əhaliyə sahib kiçik bir ölkədir. Ölkədə yaşayan əsas iki etnik qrup olan tutsilər (azlıq) və hutular (çoxluq) bir-birləri ilə vuruşurdular. Bu münaqişə Belçikanın Birinci Dünya müharibəsindən sonra ərazini ələ keçirməsindən uzun bir müddət əvvəl başlamışdı. Ruanda 1962-ci ildə Belçikadan öz müstəqilliyini qazanmışdı. Daimi sosial və etnik gərginlik əsasən tutsilərdən təşkil olunan 800 mindən çox insanın öldürülməsi ilə nəticələnmişdi.

Həmin il iqtisadiyyat 50% zəifləmişdi, ancaq iqtisadiyyat çox sürətli və sabit şəkildə bərpa edilmişdi. 1995-ci ildə ölkənin Ümumi Daxili Məhsulu (ÜDM) 35% böyümüşdü. Ruanda o vaxtdan bəri yüksək inkişaf dərəcələrini qoruyub saxlaya bilmişdir. Ölkənin inkişaf sürəti son on ildə bir dəfə olsun belə yavaşlamamışdır. Ruandanın iqtisadiyyatı 1994–2010-cu illərdə hər il ortalama 6,6% böyüyürdü. Bu, Afrikanın sub-səhra regionunda nümayiş olunan ortalamadan əhəmiyyətli dərəcədə daha çoxdur.

2001-ci ildə əldə edilən məlumatlara görə, Ruanda sakinləri gündəlik ortalama 50 sent qazanırdı. Bu göstərici 2012-ci ildə 1,50 ABŞ dollarına qalxıb. “Third Household Living Conditions Survey”in ölkədəki yoxsulluq və rifah ilə bağlı verdiyi göstəricilər də ruhlandırıcıdır. Ölkədəki yoxsulluq dərəcəsi son beş ildə 57%-dən 45%-ə düşmüşdür. Bu, kəskin bir dəyişiklikdir. Müqayisə etsək, 2002–2007-ci illərdəki dəyişiklik sadəcə 2% faiz idi. Həmçinin, ölkədə qeydə alınan ifrat yoxsulluq 37%-dən 24%-ə düşmüşdür. Doğum zamanı ana və körpələrin ölüm halları kimi göstəricilərdə də inkişaf gözə çarpandır.

Britaniyalı inkişaf iqtisadçısı Pol Kolyenin fikirlərinə görə, araşdırmanın nəticələri “dərin təsir oyadır”. Həmçinin, Kolye qeyd edib ki, Ruanda üç açar hədəfə çata bilib: sürətli inkişaf, yoxsulluq dərəcəsinin kəskin azalması və bərabərsizliyin nisbətən aradan qaldırılması.

Ruanda Afrikadakı bir istisna deyil. Beynəlxalq Valyuta Fondunun hesablamarına görə, Afrikanın sub-səhra regionunun iqtisadiyyatı 2012–2013-cü illərdə müvafiq olaraq, 5,4%–5,3% böyüyəcək. Təkmilləşmiş iqtisadiyyatlar növbəti bir neçə ildə 2%-dən artıq böyüməyəcək.

Bunlara əlavə olaraq, Maksim Pinkovski və Ksavye Sala-i-Martinin 2010-cu ildə yayımladığı “African Poverty Is Falling … Much Faster than You Think” adlı araşdırmada bildirilir ki, qitədəki ümumi yoxsulluq dərəcəsi ehtimal olunandan daha sürətli bir şəkildə azalır. Dünya Bankının etdiyi hesablamalar onu göstərir ki, baxmayaraq ki, bölgədə doğrudan da yüksək əhali artımı müşahidə olunur, 2005–2008-ci illərdə sub-səhra regionunda yaşayan afrikalıların ümumi sayı müasir dövrdə ilk dəfə azalmağa başlamışdır.

2012-ci ildə əldə edilən məlumatlara görə, kənd təsərrüfatı Ruanda iqtisadiyyatının 33%-ni təşkil edir.

Ruandadakı iqtisadi böyümənin səbəbi ölkə ixracatının əksəriyyətini təşkil edən və əsasən, qəhvə və çay istehsalından ibarət olan kənd təsərrüfatı sahəsində aparılan liberallaşdırma kampaniyasıdır. Bu islahatlar istehsalçılara ixracat partlayışından faydalanmağa imkan yaratdı. Beləliklə, gəlir yüksəlmiş, məhsuldarlıq isə kapital investisiyaları vasitəsilə artmışdır. Dinamik turizm və sənaye (Qeyd: məsələn, mədən və tikinti) sektorlarının da əldə edilən iqtisadi uğurda rolu olmuşdur.

Buna baxmayaraq, ölkə iqtisadiyyatı hələ də həssas və dəyişkəndir. Daha sürətli bir Ruanda uğrunda irəliləmək üçün dəyərli məhsullar istehsal etmək lazımdır, çünki məhsuldarlıq potensialı daim artır və ənənəvi sahələrdəki ixracat məhduddur.

Bu dəyişiklikliyə iqtisadi böyümənin aparıcı amili olan sahibkarlıq və yenilikçilik vasitəsilə nail olmaq olar. Ruandaya gəldikdə, ölkənin qeyri-kənd təsərrüfatı fəallığına aid olan və əsasən, şəhərətrafı əraziləri əhatə edən ev təsərrüfatı üzrə sahibkarlıq göstəricilərində diqqətəlayiq dinamika müşahidə olunub. Ölkədəki işçi qüvvəsinin yalnız 10%-nin işə götürülməsinə rəğmən, 2006-cı ildə ailələrin 30%-dən çoxu gəlir mənbəyi kimi müəssisələrə arxalanmışdır.

Bu müəssisələr az məhsuldarlıq göstəricilərinə sahib fəallığa malik olmalarına (Qeyd: məsələn, saç düzümü və digər sadə məhsulların istehsalı) baxmayaraq, yüksək savadsızlıq və yoxsulluq ilə mübarizə aparan ölkədə böyük sosial rol daşıyır. Əlavə olaraq, həmin ev təsərrüfatı müəssisələrinin verdiyi maaş kənd təsərrüfatında verilən maaşdan daha çoxdur. Bunu nəzərə alsaq, maliyyə bazarının və bank sisteminin formalaşdırılması önəmlidir, çünki bu təşəbbüslər borclara ehtiyac duyur.

Digər tərəfdən, regional ticarət inteqrasiyası Avropadan qonşu ölkələrə edilən idxalları yüngülləşdirib. Hər halda, dənizə çıxışı olmayan Ruandanın avtomobil yollarının çox keyfiyyətsiz olması və ölkədə hansısa bir dəmiryol sisteminin olmaması nəqliyyat xərclərini çoxaldır. Bu, getdikcə dəyişir. 2006-cı ildə ölkədəki avtomobil yollarının 11%-i yaxşı vəziyyətdə idi. Bu göstərici 2009-cu ildə 52%-ə qalxmışdır.

Tənzimləyici və sosial təsisat strukturu təkmilləşdirilməsəydi, ölkənin bu nisbi biznes dinamizmini əldə etmək mümkün olmayacaqdı. 2012-ci il “Doing Business” hesabatına görə, Ruanda biznesin tənzimlənməsində 45-ci yerdə idi. Ölkə sadəcə dörd il əvvəl 148-ci yerdə qərarlaşmışdır. Ruanda “Heritage Foundation”“Wall Street Journal” tərəfindən tərtib edilən iqtisadi azadlıq indeksində Afrika ölkələri üzrə 3-cü yeri tutur. 1997-ci ildə ölkənin ümumi balı 40-dan az idi, ancaq bu, 2012-ci ildə 64,9-a qalxmışdır (Qeyd: maksimum bal 100-dür). Ruandadakı biznes və ticarət azadlığı diqqətəlayiq dərəcədə təkmilləşdirilmişdir. Ruandanın yaxşılaşdırılmış iqtisadi mühitə sahib ölkə hesab edilməsi təəccübləndirici hal deyil. Bunun səbəbi geniş liberallaşdırılma kampaniyasıdır. Dəyişiklik yaşayan ən əhəmiyyətli sahələr mülkiyyət qeydiyyatı, investorların müdafiəsi, Afrika ölkələri arasında azad ticarət və kredit almaq imkanıdır.

Qəhvə sektoru

İqtisadiyyatın liberallaşdırılmasının verdiyi faydanın ən yaxşı nümunəsi Ruandanın qəhvə sektorudur. Bir milyon yarımdan çox ailə bu sektora arxalanır.

Bu sahə sadəcə iyirmi il əvvəl ağır şəkildə tənzimlənirdi və dövlət nəzarətində idi. Bu sahə ölkənin əsas gəlir mənbəyi idi. Fermerlər öz sahələrinin ən azı dörddə birini qəhvənin becərilməsinə ayırmağa məcbur edilirdi. Dövlət idarələri bu əkin sahələrini bazar qiymətindən ucuza satın alırdı. Dövlət daha sonra qəhvələri bazarlara daha yüksək qiymətə satırdı. Fermerlər dolayı vergilərə əlavə olaraq, ixracat vergisi də ödəməli idi.

Bu ədalətsiz müdaxiləçi sistem korrupsiyaya qurşanmış hökuməti dəstəkləmiş və məmurları zəngin etmişdir. Fermerlər qanuni olaraq talanırdı. Buna baxmayaraq, sistem dayanıqsızlığına və soyqırımın dağıdıcı effektlərinə görə çökmüşdür.

Pol Kaqame hökuməti 1990-cı illərin axırlarında qəhvə sektorunu azad etmişdir. İslahatlar qanuni zəruriyyətləri ləğv etmiş və fermerlərin azad formada dünyanın hər tərəfindəki alıcılarla ticarət etmələrinə imkan yaratmışdır. Bu, təbii olaraq, kapital axınını və yenilikçiliyi stimullaşdırdı. Ruanda xalqı miqdarı yox, keyfiyyəti yüksəltməyə fokuslandı. Bununla fermer və sahibkarlar üçün biznes münasibətləri, o cümlədən ticarət imkanları yarandı, onlar daha təcrübəli olmaq üçün ruhlandılar.

Bu dəyişikliklərdən sonra qəhvə istehsalı ilə məşğul olan 50 min ailənin gəliri iki qat artdı. Tarixda ilk dəfə idi ki, ailələr öz övladlarının təhsil haqqını, səhiyyə xərclərini ödəyə, yeni paltarlar satın ala, evlərini düzəldə və kiçik bizneslərə kapital qoya bilirdi.

Karol Budro qeyd edir ki, liberallaşdırma yalnız iqtisadi imkanlar və xalqın potensialını yox, eləcə də hutular ilə tutsilər arasındakı sosial əməkdaşlıqbirliyi gücləndirmişdir.

Xarici yardım lənəti

Ruanda həkimləri bir uşağı müayinə edərkən.

Ölkədə hələ də ciddi problemlər var. Onlardan bəziləri digər aşağı gəlirli iqtisadiyyatlar üçün adi bir haldır. Bu problemlərdən ən önəmlilərinə insanların malyariya və QİÇS xəstəliklərinə yoluxması, içməli su və elektrik çatışmazlığı, o cümlədən ölkədəki işçi qüvvəsinin təqribən 70%-ni işlə təmin edən kənd təsərrüfatına güclü asılılıq aiddir.

Buna əlavə olaraq, Ruanda iqtisadiyyatı onun böyüməsinə manə olan bir neçə zəif nöqtəyə malikdir. İlk olaraq, ölkə geniş səviyyədə xarici yardıma möhtacdır. Xarici yardım dövlət büdcəsinin 40%-ni və ÜDM-un 18%–20%-ni təşkil edir. İkincisi odur ki, əsasən qəhvə və çaydan ibarət olan, zəif diversifikasiya edilmiş (şaxələndirilmiş) iqtisadiyyat Ruandanı müəyyən sarsıntılar önündə daha aciz edir. Üçüncü olaraq, digər problemlərin simptomları olan xronik büdcə və ticarət defisitləri yüksək daxili və xarici borclara gətirib çıxarmışdır.

Bu problemlər bir-birlərindən müstəqil görünsələr də, həqiqət odur ki, bu məsələlərin hamısı daim qarşılıqlı əlaqədədir. Məsələn, borc probleminin gündən-günə artan inkişaf yardımına görə yaranması ehtimal olunur. Ruandanın ümumi borcunun dörddə üçünü Dünya Bankından alması faktı bu mövzunu çox yaxşı təsvir edir. Böyük inkişaf iqtisadçısı Piter Tomas Bauerin dediklərini təsdiqləyən afrikalı iqtisadçılar Dambisa Moyo və Corc Ayitteyin iddia etdiyi və prezident Kaqamenin düşündüyünə əsasən, xarici yardım proqramları kömək etmək istədikləri ölkələrə və icmalara xeyirdən çox ziyan verir. Bir tərəfdən, ehtiyatlar, adətən, qeyri-məhsuldar və hətta dağıdıcı üsulla xərclənir. Bu da yolagəlməz sosial nəticələrə səbəb olur. Digər tərəfdən, ayrılan məbləğ kasıblara çatsa belə, bu, fəlakətli asılılığa təkan verir. Bunu inkişaf etmiş ölkələrdəki rifah dövləti ayırmalarının nəticələrinə oxşada bilərik. Yoxsul ölkələrə məhsuldar investisiya və sahibkarlıq lazımdır, sədəqə yox.

Hər halda, heç bir ölkə bir gecədə inkişaf etməyib. Əslində, iqtisadi böyümə sabit inkişafdan ibarət uzunmüddətli bir prosesdir. Bu proses böyük ölçüdə səbir, eləcə də xalqın təbii fəlakət və siyasi qeyri-sabitlik kimi çoxsaylı maneələri üstələmək bacarığına ehtiyac duyur.

2020 Ruanda xəyalı

Ruandanın 4-cü prezidenti Pol Kaqame. 2000-ci ildən bəri vəzifədədir.

Ruanda hökuməti bir müddət əvvəl “2020 Ruanda xəyalı” (Rwanda Vision 2020) adlı bir təşəbbüsə start verib. Bu təşəbbüsün diqqət mərkəzində indiki kənd təsərrüfatı iqtisadiyyatını daha möhkəm və şaxələndirilmiş bir iqtisadiyyata çevirmək, o cümlədən xarici yardımlardan asılılığı aradan qaldırmaq kimi uzunmüddətli inkişaf hədəfləri var. Hökumət başa düşür ki, yoxsulluğun çarəsi azad bazardır, dövlət fəallığı deyil.

Beləliklə, “2020 Ruanda xəyalı”nın xülasəsində qeyd edildiyi kimi, dövlət məhsulların və xidmətlərin təminatına müdaxilə etməyəcək. Özəl sektor bunları daha səmərəli və rəqabətli şəkildə edə bilər. Aktivlər məhsul və xidmətlərin qiymətlərinin azalması, müştərilərə edilən təklifin genişləndirilməsi və xarici investorları cəlb olunmasına dəstək məqsədilə özəlləşdiriləcək. Həmçinin, əhalinin və məhsulların azad hərəkəti də təbliğ ediləcək.

Ruandanın üzləşdiyi problemlərə baxmayaraq, bazarameylli iqtisadi siyasət indidən öz bəhrəsini verir.

Ruanda ölkənin uğurunun uzun müddət davam etməsinə nail olması üçün iqtisadi azadlığı artırmalı və məhsuldar fəallığın önündəki səddləri dağıtmalıdır. Üstəlik, Qərb ölkələri də afrikalı istehsalçılara ziyan vuran ticarət maneələrini aradan qaldırmalıdır.

Ruandada dövlət kiçik olmağa davam etsə, özəl sektor çiçəklənəcək və Ruanda xalqı qlobal bazardan daha da çox faydalanacaq.

--

--

Aykhan Zayedzadeh
Poctalyon

I’m writing from Baku, Azerbaijan. My interests include history and economics. I’m a Classical Liberal.