Ulduz müharibələri: Qalaktik İmperiyanın iqtisadiyyatı

Qalaktik İmperiyanın iqtisadiyyatı bəzən Güc qədər müəmmalı ola bilir…

İlkin Axundlu
Poctalyon
6 min readMay 4, 2020

--

Qeyd: Bu məqalə Rakeş Şarma tərəfindən 26 yanvar 2020-ci ildə yazılan və “Investopedia”da yayımlanan məqalənin tərcüməsidir.

Qeyd: Məqalənin mətnində sizin üçün “spoiler” ola biləcək məlumatlar yer alır.

Son filmdə İmperator, Dart Sidius və ya Şiv Palpatin adı ilə tanınan Sit Lordunun yenidən görünməsi, şübhəsiz, bir çox sual yaratdı. Palpatin ölümündən sonra dirilməklə kifayətlənmədi, eyni zamanda tam yeni Ulduz Destroyeri donanması ilə qayıtdı və bu donanma “Death Star” kimi planetləri məhv edə bilən superlazerlərə malikdir. Vergi ödəyiciləri ilə dolu olan bir qalaktika olmadan o, bütün bunlar üçün pulu haradan əldə edir? Görünən odur ki, qaranlıq tərəf əsaslı iqtisadiyyat təklif əsaslı iqtisadiyyatdan səmərəlidir…

Qalaktik İmperiya və müasir qlobal iqtisadiyyat arasındakı oxşarlıqlar

Ulduz müharibələrində iqtisadiyyatın miqyası qalaktikdir və müasir ticarət qaydaları ilə idarə edilir. Bu sistemdə planetlər məhsulları və xidmətləri bir-birilə mübadilə edir. Ticarət yolları müxtəlif planet sistemlərini kəsib keçir. Təəccüblü deyil ki, əsas ticarət yollarının üzərində yerləşən planetlər olduqları yerə görə qazanc əldə edir.

Məsələn, qalaktikanın Orta çevrəsində yerləşən və Klon Müharibələri animasiya seriyalında istinad edilən Botavui planeti 4 əsas ticarət yolunun kəsişməsində yerləşir. Planet texnologiya ticarətilə tanınır və yerləşməsinə görə ticarət sövdələşmələri üçün məşhur bir məkandır.

Fərqli planetlərdə fərqli cəmiyyətlər tərəfindən istifadə edilən minlərlə pul vahidi mövcuddur. Lakin həm Respublika, həm də İmperiya qalaktik kreditlərdən istifadəni dəstəkləyir. Bu kreditlər iqtisadi və ticarət mərkəzlərinə daha yaxın olan daxili çevrədəki planetlərin əksəriyyətində keçərlidir.

Hansısa gəmi kosmosda daha uzağa getsə və Xarici çevrədəki planetlərə çatsa, kreditlər demək olar ki, dəyərini itirəcək. Bu halı Kvay-Qon Cinn Vattodan Padmenin kosmik gəmisi üçün hissələr almağa cəhd edəndə Vattonun Respublika kreditlərini götürməkdən imtina etməsi də sübut edir. Bu, Yer kürəsinin demək olar ki, istənilən yerində ABŞ dollarını yerli pula dəyişməyin mümkün olduğu vəziyyətdə o qədər də real görünmür. Amma, çox güman ki, Respublikanın anti-quldarlıq qanunlarını pozan planetlərə tətbiq edilən sanksiyalara görə Respublika kreditləri Tatuində keçərli deyildi.

Kvay-Qon Cinn və Vatto

Bəzi planetlərdə isə iqtisadi inkişaf o qədər primitivdir ki, barter (mübadilə) üsulu ticarətdə üstünlük təşkil edirdi. Reyin valideynləri tərəfindən tərk edildiyi Caku planetində Rey müxtəlif hissələri toplamaqla yaşayırdı. O, bu hissələri pul əvəzinə ona ərzaq verən Unkar Plutta satırdı. İnkişafın çox az olduğu planetdə vacib olan tək şey yaşamaq üçün kifayət edəcək qədər yeməkdir.

Fəaliyyətləri çoxsaylı iqtisadiyyatlara və coğrafi ərazilərə yayılan transmilli korporasiyalar kimi qalaktikalararası şirkətlər də bir neçə planetar sistem və sektorda fəaliyyət göstərir. Ancaq onların əsas istehsal əməliyyatları əsasən müxtəlif növlərin azad ticarət zonası kimi olan Korporativ Sektorda yerləşir. Xarici çevrə ərazisində yerləşən Korporativ Sektor biznesləri Senatın siyasi mexanizmlərindən azad etmək üçün yaradılmışdı. Korporativ Sektorun vergi sistemi ayrı-ayrı planetlərin vergi sistemlərinin sadələşdirilmiş versiyasıdır. Sektorda fəaliyyət göstərən şirkətlər Respublikaya, sonralar isə İmperiyaya sadəcə bir vergi ödəyir. İmperatorun dəstəyilə sektorun əməliyyatları 30 min planetar sistemi əhatə edəcək qədər genişlədi və sektoru idarə etmək üçün Korporativ Sektor İdarəsi yaradıldı.

Ticarəti asanlaşdırmaq üçün bir sıra təşkilatlar ticarət müqavilələri imzalayır, mənfəəti maksimallaşdırmaq və Senata təsir vasitəsi kimi istifadə etmək üçün konsorsiumlar qururdu. Ticarətlə məşğul olanların və bizneslərin maraqlarını güdən Ticarət Gildiyası belə qurumların ən güclüsüdür. Onun aparıcı üvzlərindən ikisi Ticarət FederasiyasıQalaktikalararası Bank Klanıdır. Adından da göründüyü kimi Ticarət Federasiyası biznes və ticarət sahiblərinin konsorsiumudur. Qalaktikalararası Bank Klanı isə Respublikanın əksər hissələrində maliyyə münasibətlərini idarə edən bank sistemidir. Sonuncu qurum Klon Müharibələri dövründə Müstəqil Sistemlər Konfederasiyasının (Separatçı Birliyin — Separatist Alliance) Respublikadan ayrılmasında əhəmiyyətli rola malikdir. Hər iki təşkilat onun bu qurumlardan istifadə edərək gücü əlində toplayan Kansler Palpatin olduğunu bilmədən Dart Sidius tərəfindən dəstəklənirdi.

Nabunun iqtisadi blokadası necə Respublikanın İmperiya ilə əvəzlənməsinə çevrildi?

Ticarət yollarından alınan vergilərin artırılmasına cavab olaraq Ticarət Federasiyası Nabu planetini kosmik döyüş gəmisi donanması ilə mühasirəyə aldı. Bu blokadanın dəqiq səbəbi aydın deyil, amma bu barədə bir sıra fərziyyələr var.

“Darth Plagueis” romanın müəllifi Ceyms Luseno Nabunun işğalının mümkün bir səbəbini göstərir: plazma enerjisi. Lusenonun fikrincə, Nabu plazma ilə zəngin idi və Qalaktikalararası Bank Klanından alınan borcla maliyyələşdirilmiş hasilat və emal müəssisələri var idi. Planet bu plazmanı Ticarət Federasiyasına sabit bir qiymət qarşılığında satırdı. Əvəzində isə onlar qiymətləri əhəmiyyətli gəlir əldə etmək üçün yüksəldirdilər. Lusenonun romanı “Disney”in genişləndirilmiş kainatı yenidən qurmaq meyarları səbəbindən artıq Ulduz müharibələrinin bir hissəsi deyil, amma yenə də bu, məntiqli səslənir. Xatırlayarsınız ki, Nabu galaktikanın Xarici çevrəsində yerləşir və ticarət yollarına böyük ehtimal ya çox cüzi vergi tətbiq edir, ya da heç tətbiq etmir. Ticarət yollarına vergi qoyulması isə Ticarət Federasiyası üzvlərinin nəqliyyat və daşınma xərclərini artırır, mənfəəti isə azaldır.

Ticarət Federasiyasına məxsus kosmik döyüş gəmisi

Deyilənlərlə yanaşı, blokada Nabunun Ticarət Federasiyası tərəfindən işğalı üçün sadəcə bir bəhanə yaradırdı. Ticarət Federasiyası eyni zamanda Nabu Senatoru Palpatin olan Dart Sidiusun təsiri altında idi. İşğal Palpatinin Ali Kansler olmasına və özünü İmperator elan etməsinə kimi davam edən hadisələr silsiləsini başlatmış oldu.

Bunlar necə baş verdi? Palpatin planetin ticarət yollarını vergiyə cəlb etməsinə səs verərək Federasiyaya Nabunu işğal etmək üçün səbəb yaratdı. Bu işğalla Ali Kansler Valorumun zəifliyi göstərildi. Valorum etimadsızlıq səsverməsi ilə vəzifədən azad edildi (impiçment prosesi). Sonra isə Palpatin vətəni Nabunun əzab çəkməsinə görə simpatiya toplamağa başladı. Nəticədə Palpatin Qalaktika Senatını ona davam edən separatçı böhrandan çıxmaq üçün fövqəladə səlahiyyətlər verməyə razı saldı (Car Car Binks tərəfindən atılan bir addımla). Əlbəttə ki, Palpatin Dart Sidius adı ilə separatçı hərəkatın arxasındakı şəxs idi. Cedayların Əmr 66 ilə ləğv edilməsi və yeni səlahiyyətləri ilə Palpatin özünü İmperator elan etmək və qalaktikanı öz düşüncəsinə görə yenidən qurmaqda çətinlik çəkmədi.

Ulduz müharibələri iqtisadiyyatı və Nasist Almaniyası

Ulduz müharibələrinin yaradıcısı Corc Lukas bir dəfə Qalaktik İmperiya fikirlərinə Nasist Almaniyasının estetik və tematik elementlərini də daxil etdiyini demişdi. Bu müqayisə olduqca maraqlıdır, çünki həm Nasist Almaniyası, həm də Qalaktik İmperiya iqtisadi böhran sonrasında qurulmuşdur.

Həqiqətən də, Qalaktik İmperiya ilə Nasist Almaniyası arasında bir sıra iqtisadi və siyasi oxşarlıqlar var. Məsələn, Nasist Almaniyası mübaribəyə hazırlığı və hərbi gücü ilə xarakterizə olunurdu. Milli Əmək Xidməti hər kişi cinsindən olan almanın təşkilatda 6 aylıq icbari təlimlərdən keçməsinə nəzarət edirdi.

Milli qulluq zamanı yerinə yetirilən tipik tapşırıqlara meşələrin salınması, fermalarda xəndəklərin qazılması və avtomobil yolu şəbəkəsinin yaradılması aid idi. “Autobahn” da bu dövrdə salınmış və alman ordusunda say 100 min nəfərdən 300 minə qədər artmışdı. Ticarət birlikləri qadağan edilir və hər kəsdən nasist rəhbərlər tərəfindən nəzarət olunan mərkəzi əmək təşkilatlarına üzv olmaq tələb olunurdu. Nasist partiya həm də irqin “saf”lığına verdikləri əhəmiyyətlə tanınır.

Qalaktik İmperiya da müharibəyə hər an hazır oxşar iqtisadiyyata malik idi. Planetləri məhv edə bilən superlazerə malik kosmik stansiya olan “Death Star” iqtisadiyyatın hərbiləşdirilməsinə ən uyğun nümunədir. Əlavə olaraq, Orta və Xarici çevrədə olan bütün planetar sistemlər klonların və döyüş maşınlarının hazırlanmasına həsr olunmuşdu.

Ulduz müharibələri prikvel triologiyasında Respublikadakı ticarət birlikləri xatırlansa da, belə birliklərin xatırlanmasına orijinal triologiyada rast gəlinmir. Çox güman ki, onlar Qalaktik İmperiya tərəfindən qadağan elan edilib (ya da Corc Lukas bunu hələ düşünməyib). Əslində, maşınların istehsalı prosesi əməyə əsaslanmır. Bunun əvəzinə prosesdə droidlərin özləri üstünlük təşkil edir. Məsələn, “Ulduz müharibələri Epizod II: Klonların hücumu” filmində bəşəriyyətin maşınlarla dolu gələcəyinə nəzər salınır. Bir səhnədə isə Padme, Anakin Skayvolker, C3POR2D2 Geonosisdəki droid istehsalı zavodundan çıxmağa çalışarkən az qala öldürülürlər.

Geonosisdə Anakin Skayvolker və Padme Amidala

Maraqlıdır ki, Əsas Dünyalardan uzaqlaşdıqca iqtisadiyyatlar daha az maşın əsaslı olmağa başlayır. Xarici çevrədəki planetlərdə kənd təsərrüfatı və enerji istehsalı kimi başqa sahələr üstünlük təşkil edir. Bu fərqlər memarlıqda da müşahidə edilir. Məsələn, Əsas Dünya Koruskant göydələnlər və uçan avtomobillərə malik yüksək texnologiyaya malik cəmiyyətdir. Xarici çevrədəki planet Tatuin isə müqayisədə bir o qədər primitivdir. Tatuində bir çox bina kərpicdən tikilmişdir. Bu planetlərin talelərindəki fərqlər Koruskantda mövcud olan güclü mərkəzləşmiş hökumətin iqtisadi gücünə sübutdur.

Nasistlərin qatı irqçi olduğu kimi İmperiya da açıq şəkildə qeyri-insan növlərə qarşı ksenofobik idi. Digər növlərin üzvləri də bəzən İmperiya daxilində irəli gedə bilirdilər, Böyük Admiral Travn (“Chiss” idi) kimi. Amma qeyri-insan növlər onların əksinə işləməsi üçün yaradılmış bir sistemdə addımlamaq üçün daha çox çalışmalı idilər.

--

--