Pekindəki qətliamın izlərini silən Çin

Çin hökuməti Tyananmen meydanı mitinqini sona çatdıran qətliama görə məsuliyyətə cəlb olunacaqmı?

Aykhan Zayedzadeh
Poctalyon
5 min readJun 4, 2020

--

Qeyd: Bu məqalə “The Economist” portalında nəşr edilən 30 may 2019-cu il tarixli “Many Chinese know little about the bloodshed in Beijing 30 years ago” məqaləsinin tərcüməsidir.

Qoşunların etirazçıları Tyananmen meydanından və mərkəzi Pekin ərazisindən qovması üçün öldürücü qüvvədən istifadə etməsindən 30 il keçir və bu məsələni gizlətmək Çin hökuməti üçün ağır bir yükə çevrilib. Çinin təhlükəsizlik maşını 1989-cu ildə baş vermiş bu hadisələr haqqında açıq-aydın danışan hər kəsə senzura tətbiq etməyə və həbs etməyə hazırdır. Lakin 30 ildən uzun müddətdir ki, davam edən bu repressiya əməliyyatı əsgərlərin və tankların vətəndaşları əzərək Pekinin simvolik ürəyinə doğru irəlilədiyi 3–4 iyun faciəsindən fərqli olaraq soyuqqanlı və bürokratik effektivlik ilə həyata keçirilir.

Tyananmen meydanı mitinqi ilə bağlı olan ən sonuncu həbsxanaya salınma halı 2019-cu ilin 4 aprelində baş verib. Çinin cənub-qərbində yerləşən Çendu şəhərindəki məhkəmə sistemi siyasi aktivist Çen Binqədava saldığına və narahatlılığa səbəb olduğuna” görə üç il yarımadək həbs cəzası verib. Onun törətdiyi cinayət məlumdur: baytszyu alkoqollu içki butulkalarının üzərinə tankların önünə çıxan “Tank Man” ləqəbli etirazçının ikonik şəklini yerləşdirmək. Həmin şəkil və ya 1989-ci ildə Tyananmen meydanında baş verən hadisələrə hansısa bir istinad Çində siyasi bir tabudur. Çin hökuməti hər il qətliamın baş verdiyi tarixə yaxınlaşdıqca ordu tərəfindən öldürülənlərin qohumlarını, o cümlədən soyuqqanlılıqla güllələnən məktəblilərin analarını nəzarətə alır və ya şəhərdən xaricə, məcburi səyahətə yollayır.

Tyananmen meydanı qətliamını gizlətmək işi bu qadağan olunmuş məzmunu silmələri üçün xeyli insanı işə götürməyə məcbur olan internet və sosial şəbəkə şirkətləri üçün də baş ağrısıdır. Bu işçilərin Tyananmendə olanlara aid edilən istinadları tapmaları və silmələri üçün onlar ilk öncə orada nə baş verdiyini öyrənməlidir. New York Times portalı yanvar ayında bu “məzmun yoxlama fabrikləri”ndən birini əhatə edən araşdırma yayımlamışdı.

Çadır qurmuş etirazçı tələbələr.

Bir vaxtlar belə bir cəhalətin mövcudluğunun qeyri-mümkün olduğuna inanılırdı. Yüzlərlə, hətta minlərlə insan Pekin və başqa şəhərlərdə qətlə yetirilmişdi. Ən azı on minlərlə insan “əks-inqilabçı qiyam” olduğu elan edilən mitinqdə həbs edilmişdi. Şübhəlilər ev və iş yerlərindən, habelə küçələrdən oğurlanaraq polis idarələrinə aparılmışdı. Mitinq tələbə və işçiləri, iş forması geyinmiş hakimlər və polis kadetlərini, eləcə də dövlət mediasından olan jurnalistləri cəlb etmişdi. Onları birləşdirən “Biz həqiqəti çap etmək istəyirik” banneri idi. Onlar hamısı təhlükə altında idi. Onların çoxu ilə təhsillərinin dayandırılması ilə bağlı görüşlər keçirildi. Bəxti gətirməyənlər həbsxanalara salındı. Həbsxanada dəhşətli anlar yaşayan bir neçə şəxs ölkədən sürgün edildi. Milyonlarla insan bu faciələrə və onun nəticələrinə şahid oldu.

1989-cu ildə Kommunist Partiyasının rəhbəri olan Çjao Szıyan mitinq zamanı hərbi müdaxiləyə qarşı çıxdığına görə vəzifəsindən azad edilmişdi. Çjao digər dövlət xadimləri arasında aparılan müzakirələrdə etirazçıları vətənpərvər adlandırmış və onları daha güvənilən bir hökumət, daha ağır antikorrupsiya tədbirləri və konstitusiyada qeyd edilən azadlıqların qorunmasını tələb etdiklərinə görə tərifləmişdi. O, repressiyaya uğradı və 2005-ci ildə vəfat edənədək polis nəzarətində yaşadı. Çjao 1997-ci ildə, ev dustaqlığında ikən yazdığı bir məktubda qeyd etmişdi ki, xalq həmin mitinqi və partiyanın əməllərini heç vaxt unutmayacaq.

Buna baxmayaraq, xalq unudur. Bu unutma prosesinin bir hissəsi valideynlərin uşaqlarına siyasətə azca belə qarışmasına qarşı çıxmasına görədir. İndiki partiya rəhbərliyinin arzusunu ağıla gətirmək çox da çətin deyil: bütün Çin 1989-cu ilin vurğunluğu, dəhşəti və ümidlərini unutsun ki, heç bir dissident ayağa qalxmasın. Həmin partiya rəhbərliyi xaricilərin də 1989-cu il hadisələrini unutmasını istəyir. Kommunist dövlət xadimləri axıdılan qanlar Pekin küçələrindən təmizlənərkən belə iddia edirdilər ki, guya mitinq mülki münaqişə yaranmasın, partiyada birlik yaransın və Çin sabit qalsın deyə yatırılmışdı. Onların bugünkü arqumentlərinin mahiyyəti odur ki, Çin zorakı qüvvədən istifadə etməsinə rəğmən yox, məhz zorakı qüvvədən istifadə etdi deyə uğur qazanıb.

Tyananmen meydanında törədilən qətliam.

Qərb bu iddiaya birmənalı yanaşır, inanmır və irəli sürür ki, şiddət, paranoya və dözümsüzlük Çin dövlətini bu günə kimi durmadan zəiflədir. Bu isə partiya xadimlərini dəli edir. Xaricilərin qeyri-rəsmi həmkarlar ittifaqlarında işləyən tələbələrin dindar, feminist, envayromentalist və ya solçu olmalarından asılı olmayaraq bütün müstəqil düşünən insanlara qulaq asması onları qəzəbləndirir.

Çinin liderləri dünyanın onların ölkəni demək olar ki, hər bir vətəndaşın qane olduğu bir majoritar razılıq ilə idarə etdiklərinə inanmasını istəyir. Onlar bu ssenariyə ölkənin qərbində yerləşən Sincan bölgəsindəki amansız distopiyanı da əlavə etməlidirlər. Ən azı bir milyon türkdilli müsəlman uyğur “yenidən təhsil düşərgələri”nə göndərilib. Partiya rəhbərliyi inad edir ki, çinlilərin əksəriyyəti bunları dəstəkləyir, görülən işlərin radikal İslamı və terrorizm təhlükəsini aradan qaldırmaq üçün verilməli olan qurban olduğuna inanır.

Kommunist rəhbərlər arzuladıqları şeylərdə diqqətli olmalıdırlar. Çin çox gizli bir ölkədir və ölkə iqtisadiyyatının böyüməsindən faydalanan kütlənin ümumi məmnunluq dərəcəsini könüllü razılıq dərəcəsi ilə səhv salmaq çox asandır. Buna görə də status-kvoya verilən dəstəyin nə qədər sabit olması naməlumdur. Tyananmen meydanı qətliamının ildönümü həmişəkindən fərqli olaraq, hər hansı bir etirazın baş verməməsi ilə keçsə, bu, sadəcə Çin milləti üçün yox, bütün demokratik dünya üçün təhlükəli bir an olar. Partiyanın özündənrazı, avtoritar üsulları Qərbdə təcəssüm olunan universal dəyərlər üçün bir maneədir. Prezident Donald Tramp bir çoxuna görə həmin dəyərlərə özgə bir şəxs olsa belə, bu, həqiqətdir. 30 il əvvəl Pekində baş vermiş hadisələri o, dəhşətli zorakılıq tətbiqi ilə sona çatdırılmasına baxmayaraq, “möhkəm, güclü bir hökumət”in bir “qiyam”ı boğması kimi qələmə verib.

Təbii ki, əcnəbilər sıravi bir çinlinin varlandıqca Qərbin təmin etdiyi azadlığı arzuladığını düşünmələri ilə göstərdikləri narsissizmə görə məsuliyyət daşıyırlar. Çindəki müxalifət önəmlidir. Qərb hökumətləri məhz buna görə Çin xalqı ilə yox, dövlət rəhbərliyi ilə münaqişədə olduqlarını söyləyə bilirlər. Heç də hər çinli partiya-dövlətin cəsusu hesab olunmur. Onlar Qərbdə tələbə və biznes əməkdaşı kimi qəbul olunurlar. Partiya minnətdar olmalıdır ki, bəzi vətəndaşlar şəffaf, güvənilən bir hökumət istəyirlər və propaqandaya inanmırlar. Dövlət xadimləri islahatçıları onların əleyhdarları ilə üz-üzə qoyan partiyadaxili ixtilaflara tolerant yanaşmalıdır. Onlar xoşbəxt olmalıdırlar ki, çətin senzura əməliyyatına ehtiyac qalmayacaq. Nə 4 iyunda, nə də ki başqa bir gündə. Xalqı tərəfindən birmənalı olaraq dəstəklənən, sərt şəkildə birləşmiş, milliyətçi bir Çin avtoklav dünya üçün bir dəhşətdir.

--

--

Aykhan Zayedzadeh
Poctalyon

I’m writing from Baku, Azerbaijan. My interests include history and economics. I’m a Classical Liberal.