Vyetnam müharibəsinin ABŞ iqtisadiyyatına təsiri

Aykhan Zayedzadeh
Poctalyon
Published in
6 min readMay 1, 2020

Qeyd: Bu məqalə jurnalist və iqtisadi ekspert Edvin Deylin (kiçik) “The New York Times”da nəşr edilən 28 yanvar 1973-cü il tarixli “What Vietnam Did to the American Economy” məqaləsinin tərcüməsidir.

Vyetnam müharibəsində (1955–1975) iştirak edən amerikalı əsgərlər.

Vyetnamdakı müharibə ABŞ-ın İkinci Dünya müharibəsindən sonrakı ən böyük iqtisadi səhvi hesab edilir. Bu səhvin nəticələri hələ də tamamilə aradan qaldırılmayıb.

Amerikanın Vyetnamdakı iqtisadi siyasəti necə oldu ki, böyük problemlər yaratdı?

Müharibə, hər halda, iqtisadi baxımdan bir pıçıltı yaradır, səs-küy yox. Xərclənən pullar və çəkilən əziyyət uzun zamandır ki, unudulub. Hal-hazırda Hind-Çin regionunda nəhəng müharibə sonrası yardım proqramları və ya yenidənqurma layihələri yoxdur. Digər tərəfdən, heç bir “sülh dividendi” irəli sürülməyib.

Müharibənin, daha dəqiq desək, müharibənin uğursuz iqtisadi idarəsinin nəticələrinin buraxdığı miras böyükdür. Birləşmiş Ştatlar hökuməti yeni bir (qeyd: məqalə 1973-cü ildə yazılıb) üsula əl atıb — sülh şəraitində maaş və qiymətlərə birbaşa nəzarət etmək. Müharibə və onun uğursuz iqtisadi idarəsi Bretton Vudsda qurulan dünya maliyyə sisteminin süqutunda əhəmiyyətli rola malik idi.

Bu amillər uzun sürən əziyyətin iqtisadi aspektlərini əks etdirmək üçün önəmlidir. Xarici və hərbi siyasətdə olduğu kimi burada da çıxardığımız bir dərs var.

İlk olaraq, 1966-cı ildəki böyük uğursuzluğu xatırlayaq. Günahkar prezident Lindon Conson idi və o, nəhayət ki, bunu qavraya bildi.

Müharibə amerikan qoşunlarının cəbhəyə yollanması ilə “başlamışdı”. Bu illərdə ölkə iqtisadiyyatı uzun müddət davam edən stabil və qeyri-inflyasiyalı genişlənmədən sonra “tam işə götürülmə” dövrünə yaxınlaşır, işsiz kişi və istifadəsiz maşın ehtiyatı tədricən azalırdı.

Uğursuzluğun başlanğıcı 1965-ci ilin dekabr ayına təsadüf edir. Robert Maknamara rəhbərliyindəki Müdafiə Departamenti müharibənin 1967-ci büdcə ili (qeyd: 1966-cı ilin ortalarından 1967-ci ilin ortalarına qədər) üçün olan ümumi xərclərini lazımi qədər qiymətləndirə bilməmişdi. 1967-ci il üçün olan büdcənin 10 milyard dolları müharibə üçün nəzərdə tutulmuşdu, ancaq sonda bu miqdar 20 milyard dollar müəyyən edildi. Bu, 100 faizlik bir xəta idi.

Prezidentin iqtisadiyyat üzrə məsləhətçiləri Müdafiə Departamentinin proqnozlarına şübhə ilə yanaşırdılar. Buna baxmayaraq, onlar prezidentə vergiləri artırmağı məsləhət gördülər. Onlar bilirdilər ki, iqtisadiyyat tam işə götürülmə həddinə məhəl qoymadan böyüməyə davam edəcək. Bu, böyük inflyasiya təhlükəsi yaradırdı və böyük büdcə defisiti ən pis həll yolu idi. Prezident Conson yanvar ayında onların məsləhətlərini geri çevirdi.

Prezident mart ayında müharibənin xərclərini daha dəqiq hesablaya bildi. Seçkilər zamanı yüksək vergilərə qarşı olan siyasətçilərin daha çox tərəfdar toplaması faktdır. Consonun Demokratlar Partiyası müharibənin xərclərini seçicilərə açıqlamamışdı. Buna görə də onlar vergiləri artırmağa maraq göstərmədilər.

Prezident həmin il “Böyük cəmiyyət” (Great Society) qanunvericilik proqramını konqresə təqdim etmişdi. Conson vergi ödəyicilərindən müharibənin xərclərini qarşılamalarını istəsəydi, konqres buna ölkədaxili qanunvericilik proqramını ləğv edərək cavab verərdi. Hər halda, 1966-cı ilin əvvələrində vergiləri yüksəltməyi məsləhət görmək böyük bir səhv idi.

ABŞ-ın 36-cı prezidenti Lindon Beyns Conson.

1967-ci ilin yanvar ayında prezident vergiləri artırmağı təklif edir. O, konqresdən bunu ilin ortalarından sonra tətbiq etməsini istəyir. Konqres bu qərarı 1968-ci ilin iyul ayında qəbul edir.

Əzab verici hekayə buna oxşardır. İqtisadiyyat tam şəkildə fəaliyyət göstərirdi. Həmçinin, büdcə defisiti də yanlış bir vaxtda artırdı və 1968-ci büdcə ilində 23 milyard dollara çatmışdı. Bunun ardınca inflyasiya baş verdi.

Biz Consonun 1966-cı ilin ortalarında 10 milyard dollarlıq müharibə vergisi təklifini və konqresin bunu qəbul edib-etmədiyini heç vaxt dəqiq bilməyəcəyik. Bəlkə də, ABŞ iqtisadiyyatındakı problemlərin qarşısını böyük ölçüdə almaq olardı. Ehtimallar tarixin zəhəridir.

Ən pis nəticənin qarşısını almaq olardımı? İqtisadi analiz mühakimə edə bilir və bunu da mühakimə edib. Cavab — bəli. Müharibə düzgün formada maliyyələşdirilsəydi, bu, ölkənin iqtisadiyyatına zərbə endirəcək qədər böyük olmayacaqdı. ABŞ inflyasiya ilə üzləşməyəcəkdi, ancaq indi 6 faizlik inflyasiyanın olduğunu görürük.

Uğursuzluqdan çox danışdıq. İndi də müharibənin sonunda yaranan pıçıltıdan bəhs edək.

Hər şey bir-biri ilə əlaqəlidir. Şimali Vyetnamda təzəlikcə yerinə yetirilən nəhəng bombalama əməliyyatının xərcləri illik nisbətdə “sadəcə” 2 milyard dollar dəyərində idi. Müharibənin sonlarında isə, Müdafiə Departamentinin “artan xərc” termini ilə ölçsək, 6 milyard dollar xərclənmiş oldu.

Bu ədədlər müharibə xərclərinin pik nöqtəsi ilə müqayisədə kiçikdir. Təbii ki, müdafiə büdcəsi, ümumi büdcə və bütün bunları birləşdirən ümumi iqtisadiyyat üçün.

Buna baxmayaraq, bu miqdar ölkədaxili büdcə ixtisarları ilə müqayisədə çox böyükdür. Məsələn, şəhərətrafı ərazilərdə evlərin elektrikləşdirilməsi üçün verilən borclar 200 milyon dollar dəyərində azaldılmışdı. Bu, konqresdə böyük etirazlara səbəb olmuşdu.

Deyə bilərik ki, müharibənin sona çatmasının ümumi iqtisadiyyata birbaşa təsiri çox cüzi olacaq. Bu, prezident administrasiyasının yerli səbəblərdən yaranan qarşısıalınmaz federal xərclərə nəzarətini daha da asanlaşdıracaq.

“Sülh dividendi”nə gəldikdə, müharibə üçün edilən yeyintinin hamısı, demək olar ki, hərbi büdcənin daxilində xərclənib. Bu yeyinti sadəcə bahalı silahlar üçün sərf olunmayıb.

“Sülh dividendi” anlayışı ikimənalı olsa da, ümumi müdafiə xərclərinin müharibənin son beş ilində stabil qaldığı aydın şəkildə görünür (xərclər 75 milyarddan 78 milyarda qalxıb). Müharibənin gedişatı səngiməsə idi, adicə inflyasiya xərcləri kəskin şəkildə artıracaqdı.

Əlavə olaraq, müharibədən sonra Hind-Çin yarımadasına ediləcək yardımlar var. Hökumət regiona yardım göndərmək istəyən ölkələrlə səssizcə məsləhətləşməyi gözləyir. Dövlət səlahiyyətliləri hələ də deyir ki, “bollpark” miqdarı (qeyd: ən dəqiq proqnoz) 7.5 milyard dollardır. Bu məbləğ beşillik bir dövrü əhatə edir və bütün Hind-Çin yarımadası üçün nəzərdə tutulub. Yardım proqramına Birləşmiş Ştatlar hökuməti ilə yanaşı, başqaları da töhfə verəcək. Prezident Nikson bu məbləği keçən ilin fevral ayında konqresə müraciətnamədə açıqlamışdı.

ABŞ-ın 37-ci prezidenti Riçard Milhaus Nikson.

Buna baxmayaraq, verilən məlumatlara əsaslansaq, ABŞ-ın yardım proqramına ayırdığı illik məbləğ Şimali Vyetnam üçün ayrılan 7.5 milyard dollarlıq proqram ilə birlikdə hər il Cənubi Vyetnamda xərclənən məbləğdən daha kiçikdir.

Hal-hazırda aparılan hesablamalardan ən yaxşısı iddia edir ki, müharibəni sonlardırmaqla hərbi xərclərdə edilən qənaət yardım proqramlarına xərclənən məbləğdən qat-qat böyük olacaq.

Beləliklə, sonuncu miras.

Beynəlxalq tərəfdən, müharibənin Birləşmiş Ştatların ödəniş balansında nəhəng bir defisitin yaranmasında birbaşa rolu var idi. Bu da dolların devalvasiyaya uğramasına və Bretton Vuds maliyyə sisteminin sona çatmasına səbəb olmuşdur.

Müharibənin xərclərinin düzgün ödənilməməsi Amerikanın ticarət tərəzisinin (ixrac və idxal) “yellənməsinə” — iqtisadiyyatın illərlə davam edən müntəzəm artımından sonra nəhəng bir defisitə gətirib çıxarmışdı. Buna görə də Birləşmiş Ştatlarda inflyasiyanın baş verməsinə şərait yaranmışdı. Bu, hətta ödənişlərin balansına da pis təsir göstərib.

Bundan əlavə, müharibə beynəlxalq maliyyə danışıqlarının ab-havasına mənfi təsir göstərirdi. Bu, şübhəsiz ki, maliyyə psixologiyasının inkişafına da yaxşı təsir etmirdi. “Vyetnam keçmiş maliyyə sistemini darmadağın etdi” demək mübaliğədir. Bu, sadəcə sistemin süqutuna səbəb olan amillərdən biridir. Təbii ki, bu süqutdan daha yaxşı bir sistem yarana bilər.

Əsas miras isə, güman ki, ölkədaxilidir.

Müharibə uğursuz şəkildə maliyyələşdirildi. Buna görə də Birləşmiş Ştatlar hökuməti 1960-cı illərin sonlarında iqtisadiyyatı idarə edə bilmirdi. Bu, başqa vaxtlarda və başqa yerlərdə də olmuşdu. Yenə də bundan yadda qalacaq bir dərs çıxardacağıq.

1969-cu ilin əvvəllərində — inflasiya partlayışının pik nöqtəsində hakimiyyətə Respublikaçı administrasiya gəldi. Bu prezident administrasiyası müharibəni səngitməyə başlamışdı. Administrasiya iqtisadiyyatı klassik xəzinə və maliyyə qısqacları ilə sıxırdı. Müharibəni sakitləşdirmək cəhdləri əslində büdcəyə qoyulan məhdudiyyətləri yüngülləşdirmək üçün edilmişdi. Bu, bəzi Respublikaçı siyasətçilərin dediyinin əksinə, ABŞ-ın 37-ci prezidenti Riçard Nikson kimi sonradan yaranan maliyyə böhranının “səbəbkarı” deyildi.

Çıxardığımız dərs, təbii ki, indiki dövrdə adi bir şeydir. Klassik məhdudiyyət maliyyə böhranına və işsizliyə səbəb oldu. Bu, bir qədər mülayim bir maliyyə böhranı olsa da, hər kəsin proqnozlaşdırdığından daha dərin olmuşdu. Hər halda, inflyasiya dayanmadı. Nəticə idarəetmədə bir təcrübə idi. Bu təcrübəni kifayət qədər uğurlu, ya da şübhəsiz uğursuz olmayan bir təcrübə adlandıra bilərik. Gələcəkdə oxşar bir riskə daha böyük ehtimal vermək daha məqsədəuyğundur, çünki 10–15 il əvvəl buna heç kəs inanmazdı.

İqtisadiyyat yenə idarə edilə bilinməyəcək hala düşsə, buna nəzarət etmək hər hansı bir hökumət üçün qıvraq bir ehtimaldır. İndiki təcrübədə olduğu kimi, o vaxt da ümid edilirdi ki, məhdudiyyətlər daha gec — fundamental məhdudiyyətlər tətbiq ediləndən sonra qoyulacaq.

Bunun düzgün və ya yanlış bir vaxtda tətbiq edilməsindən asılı olmayaraq, nəzarət artıq bizim irsimizin bir hissəsidir və avtomatik şəkildə pis qarşılanmır. Bu, fərdin fəlsəfəsindən və o fəlsəfənin bu çətin keçən illərdə necə təkamül etməsindən asılı olaraq, Vyetnam travmasından sonra buraxılan məmnunedici bir mirasa belə çevrilə bilər.

--

--

Aykhan Zayedzadeh
Poctalyon

I’m writing from Baku, Azerbaijan. My interests include history and economics. I’m a Classical Liberal.