Qərb niyə Azərbaycana ehtiyac duyur?

İlkin Axundlu
Poctalyon
Published in
7 min readApr 21, 2020

Asiyadan gələn vacib neft və qaz resurslarının Rusiya və İrandan keçmədən Avropaya çatmasının sadəcə bir yolu var: ensiz “Gəncə dəhlizi”.

Qeyd: Bu yazı 28 may 2018-ci tarixində Luk Koffi və Əfqan Nifti tərəfindən yazılan və “Foreign Policy”də yayımlanmış məqalənin tərcüməsidir.

Asiya ilə Avropa arasında enerji və ticarət mübadiləsi axınlarının keçə biləcəyi sadəcə 3 yol var: İran, Rusiya və ya Azərbaycandan keçən. Qərbin Moskva və Tehranla münasibətlərinin qırılma nöqtəsində olması isə yüzlərlə milyard dollar dəyərindəki ticarət üçün yeganə açıq yol qoyur: Xəzər dənizi sahilindəki kiçik Azərbaycan.

Azərbaycan ərazisinin, demək olar ki, beşdə birinin Ermənistanın işğalı altında olması amilini nəzərə aldıqda ticarət üçün geriyə təxmini 90 km-lik ensiz bir boğaz qalmış olur. Biz bu ticarət boğazını bu keçidin mərkəzində yerləşən Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə istinadən “Gəncə dəhlizi” adlandırırıq. Hal-hazırda ruslar Azərbaycanın rəqibi olan Ermənistan üzərində 1980-ci illərin sonu — 1990-cı illərin əvvəllərində ortaya çıxan qanlı Dağlıq Qarabağ münaqişəsini potensial olaraq yenidən alovlandırmağa kifayət edəcək qədər təsirə malikdir ki, bu da onlara “dəhlizi” təhdid altına almaq üçün imkan yaradır.

Vaşinqton Avropanın Rusiyadan neft və qaz asılılığını azaltmasının tərəfdarıdır. Bu, ən çox da rus boru kəmərlərinin Almaniyaya çəkilməsilə Avropanın Moskvadan enerji asılılığını artıran “Şimal axını 2” layihəsi reallığa yaxınlaşdıqca daha vacib hal almış görünür. Avropanın təbii qaz tələbatının 40%-i Rusiya tərəfindən ödənilir. Rusiyadan illik olaraq, ümumilikdə, 200 milyard kub metr təbii qaz artan tələb və azalan qaz istehsalı səbəbilə Avropaya ixrac edilir.

Rusiyanın enerjidən aqressiya aləti kimi istifadə etmək təcrübəsinə malik olduğu məlumdur və Avropanın Azərbaycan, Qazaxıstan və ya Türkmənistandan aldığı hər barel neft və hər kub metr qaz Rusiyadan bir o qədər az asılı olmağı təmin edir. Hazırda regionda 3 əsas neft və qaz kəməri mövcuddur ki, onlar Rusiya və İrandan keçmədən təxmini 90 km-lik “Gəncə dəhlizi” boyu uzanır: Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə qədər uzanan və Aralıq dənizi ilə dünyaya çatan Bakı-Tbilisi-Ceyhan boru kəməri; Xəzər dənizindən Qara dənizə və dünyaya neft daşıyan Bakı-Supsa neft kəməri; Azərbaycandan Türkiyəyə, oradan da tezliklə Cənub Qaz Dəhlizi ilə əlaqələndirilərək İtaliya və Avropanın qalan hissəsinə təbii qaz daşıyacaq olan Cənubi Qafqaz qaz kəməri.

Cənub Qaz Dəhlizi əhəmiyyətli enerji resurslarını Gəncə dəhlizindən keçməklə Xəzər dənizindən Avropaya gətirmək üçün hazırlanıb. Bu layihə hazırda, demək olar ki, 100% Rusiya boru kəmərlərindən asılı olan Cənub-şərqi Avropaya rahatlıq gətirəcək.

Avropanı Asiyanın ürəyi ilə bağlayan tək şey neft və qaz kəmərləri deyil. Qərbi Avropanı Xəzər dənizi hövzəsi ilə əlaqələndirən fiber-optik naqillər də Gəncə dəhlizindən keçir. Avropanın ikinci ən uzun avtomobil yolu olan və Atlantik okeanı sahilindəki Fransanın Brest şəhərini Çin sərhədindəki Qırğızıstanın İrkeştam şəhəri ilə bağlayan E60 yolu da şərq-qərb dəmiryolu əlaqələrinin qovuşacağı Bakı-Tbilisi-Qars dəmiryolu kimi Gəncədən keçir. Bütün bunların əhəmiyyətli potensiala malik olduğu aydındır.

Əfqanıstanda davam edən kampaniya da bir daha Gəncə dəhlizinin ABŞ və NATO orduları üçün necə vacib olduğunu artıq sübut etmişdir. Müharibənin pik nöqtəsində ABŞ ordusuna məxsus yanacaq, ərzaq və geyim kimi hərbi ləvazimatlarının üçdə birindən çoxu quru və hava yolu vasitəsilə Gəncə Dəhlizindən keçmişdir.

Tramp Administrasiyasının əfqan problemindəki əsas hədəfi Pakistana Taliban və ona bağlı qruplara dəstəyini sonlandırması üçün təzyiq göstərməkdir. İslamabada qarşı belə yanaşmanın mümkün nəticələrindən biri də Əfqanıstandakı ABŞ ordusunu təmin etmək üçün Pakistanın öz ərazisindən istifadəni məhdudlaşdırması və ya tamamilə ləğv etməsi ola bilər. İslamabad bu axını 2011-ci ildə 8 ay ərzində dayandırmışdı: Talibanla baş verən döyüşlərin birində Əfqanıstanla sərhədin yaxınlığında olan 28 Pakistan əsgəri ABŞ tərəfindən səhvən öldürülmüşdü. Bu yolu Gəncə dəhlizindən keçməklə Gürcüstan və Azərbaycan vasitəsilə təşkil etmək Vaşinqtonun Əfqanıstana hərbi ləvazimat daşımaq və oradan çıxarmaq mövzusundakı Moskva və İslamabaddan asılılığını azalda bilər.

Bütün bunlar Rusiyanın Gəncə dəhlizinin Qərb tərəfindən istifadəsinin qarşısının almaq üçün hər şeyi edə biləcəyi mənasına gəlir. Cənubi Qafqazda Rusiyanın təsirini artırmaq yollarından biri də müxtəlif dırnaqarası donmuş münaqişələrdən istifadədir, xüsusilə də Dağlıq Qarabağ ərazisində. Dağlıq Qarabağ uğrunda Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə əhalinin böyük hissəsini etnik ermənilərin təşkil etdiyi və Azərbaycana məxsus olan ərazilərə Ermənistanın torpaq iddiaları irəli sürməsi ilə başlamışdı. Bu münaqişə tezliklə 30 min insanın ölümü və yüz minlərlə sakinin məcburi köçkün şəklində yaşaması ilə nəticələnən müharibəyə çevrildi. 1992-ci ildən bəri Ermənistan ordusu və Ermənistan tərəfindən dəstəklənən silahlı birləşmələr beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ərazisi kimi tanınan Dağlıq Qarabağ ərazisi və ətraf 7 rayonu işğalda saxlamağa davam edir.

Gəncə Dəhlizindən keçməklə Xəzər dənizindən Avropaya enerji resursları daşıyan əsas neft və qaz kəmərləri hələ də iki tərəfin ordularının qarşı-qarşıya gəldiyi Dağlıq Qarabağ münaqişəsinin cəbhə xəttinin yaxınlığında yerləşir. Moskva bu münaqişədə baş verə biləcək mühüm alovlanmaların boru kəmərlərinin işinə mane olacağını bilir və Rusiyanın da Ermənistan üzərindəki təsiri nəzərə alındıqda, döyüşləri qızışdırmaq onun üçün çətin olmayacaqdır.

Qərbin Ermənistana təsiri isə məhduddur. Keçən ay (Qeyd: Məqalə 2018-ci il 28 may tarixində yazılmışdır.) keçmiş prezident Serj Sarkisyanın baş nazir kimi iki müddət vəzifədə olduqdan sonra yenidən iqtidarda qalmaq cəhdi kütləvi etirazlarla və müxalif lider Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə nəticələndi. Bu dəyişikliyə baxmayaraq, Ermənistanın iqtisadiyyat və təhlükəsizlik aparatı Rusiyanın təsiri altında qalmağa davam edir. Bütün populist ritorikasının əksinə, Paşinyan Yerevanın Moskvaya sadiq müttəfiq olduğunu təsdiqləmiş haldadır.

Ermənistanda baş verən son hadisələr 2003-cü ildə Gürcüstanda baş verənlər kimi rəngli inqilab və ya 2014-cü ildə Ukraynada olan Maydan hərəkatı kimi deyil. Rusiya prezidenti Vladimir Putinin Paşinyanı yeni vəzifəsinə görə təbrik edən ilk dünya liderlərindən olması da təsadüfi hal deyil. Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəfinə silah-sursat satmasına baxmayaraq, Ermənistana simpatiya ilə yanaşdığı da aydındır. Odur ki, heç kim Ermənistanın Qərbə doğru əsaslı bir addım atacağını düşünmür.

Nəhayət, Moskvanın Yerevanla güclü əlaqələri nəzərə alındıqda, ABŞ və Avropa Avrasiyanın şərqi ilə qərbini bir-birinə bağlayan mühüm ticarət, enerji və iqtisadi kanallar üçün Bakı ilə əlaqələri prioritet olaraq saxlamalıdır. Qərb Ermənistan ilə səmimi əlaqələr yaratmaq üçün cəhd göstərə bilər, ABŞ isə regiondakı strateji prioritetlərini müəyyənləşdirərkən daha diqqətli və realist olmalıdır. Ermənistan onun üçün böyük ölçüdə uğursuz nəticədir, Azərbaycan isə bütün qüsurlarına baxmayaraq daha yaxşı gedişdir.

Gəncə dəhlizinə çıxışı əldə saxlamaq 2017-ci il ABŞ Milli Təhlükəsizlik Strategiyasın ilk səhifəsində qeyd edilən “prinsiplərə əsaslanan realizm”in mahiyyətini təşkil edir. Azərbaycan dünyada həm Rusiya, həm də İranla sərhədə malik yeganə ölkədir. Ölkənin özünü idarəetməsini qorumaqla Tehran, Moskva və Vaşinqton arasında balansı saxlamaq Azərbaycan liderləri üçün həmişə çətin bir iş olmuşdur. Amma ABŞ-Ermənistan əlaqələrinin əksinə, 1990-cı illərin əvvəllərindən bəri ABŞ-Azərbaycan əlaqələri - ən nəzərə çarpanları enerji sahəsi və 11 sentyabr 2001-ci ildən etibarən terrorizmlə mübarizə olmaqla - bir sıra sahələri əhatə edəcək qədər inkişaf etmişdir. Hətta Azərbaycan Əfqanıstana göndərdiyi hərbi qulluqçuların sayını artırmışdır. Azərbaycan 120 nəfərlə İspaniya (8 nəfər), Niderland (100 nəfər) və Norveç (54 nəfər) kimi NATO ölkələrindən daha çox sülhməramlı əsgəri Əfqanıstana göndərmişdir.

Azərbaycan sülhməramlıları Əfqanıstana yola salınır, yanvar 2018 (Mənbə: Azernews)

ABŞ-Azərbaycan münasibətlərində hələ də mübahisəli məqamlar var. İnsan hüquqları məsələsi davamlı bir problem olaraq qalmaqdadır və son illərdə bir sıra peşəkar jurnalistin həbsi də mətbuat azadlığı ilə bağlı narahatlıqları artırmışdır. Vaşinqton insan hüquqlarının inkişafı ilə bağlı təzyiq göstərməyə davam etməli olsa da, siyasətçilər hansısa məsələyə görə ABŞ-ın regiondakı çoxsaylı maraqlarının qarşısını kəsə biləcək bir xarici siyasətin həyəta keçiriləsinə icazə verə bilməzlər.

Birləşmiş Ştatlar dünyada ticarət boğazlarından qlobal ticarətin fasiləsiz və təhlükəsiz axınının təminatçısı kimi çıxış edən əsas supergücdür. ABŞ ixracatını da əhatə edən qlobal ticarətin azad fəaliyyəti sadəcə beynəlxalq iqtisadiyyata deyil, eyni zamanda ABŞ iqtisadiyyatına da çox böyük fayda verir. Odur ki, ABŞ-ın geostrateji prioritetləri baxımından Gəncə dəhlizi ilk sıralara yaxın yer tutmalıdır.

Tramp Administrasiyasının Milli Təhlükəsizlik Strategiyası davamlı müttəfiqlərlə yaxşı əlaqələrin saxlanılması ehtiyacını vurğulayır. Bu, xüsusilə də, Cənubi Qafqaz üçün əhəmiyyətlidir. Regiondakı gərginliyin azalması zəruri enerji, kommunikasiya və ticarət koridorlarının təhlükəsizliyini təmin etmiş olar.

Gəncənin ticarət və kommersiya mərkəzi olması bir vaxtlar Avrasiyanı kəsən İpək yoluna qədər uzanır. Hətta bu gün də dirçəlməyə çalışan Rusiyanı, güclənən İranı və iqtisadi olaraq inkişaf edən Çini nəzərə alan hər hansı bir strategiya bu 90 km enindəki dəhlizi ağlında saxlamalıdır.

Luk Kaffi (Luke Coffey) Heritage” Fondunun bir hissəsi olan Xarici Siyasət üçün Duqlas və Sara Alison Mərkəzininin direktorudur. “Heritage” Fondu ilə çalışmazdan əvvəl o, Birləşmiş Krallıq Müdafiə Nazirliyində dövrün Müdafiə naziri olan Liam Foksun yanında xüsusi məsləhətçi olmuş və Parlamentin İcmalar palatasında Mühafizəkar Partiya üçün müdafiə və təhlükəsizlik mövzularında məsləhətçi kimi fəaliyyət göstərmişdir. 2005-ci ildə Əfqanıstana ABŞ ordusu daxilində getmiş və Bürünc Ulduz medalı ilə mükafatlandırılmışdır.

Əfqan Nifti Vaşinqtonda yerləşən Xəzər Siyasəti Mərkəzinin direktorudur. O, daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən yaradılan ADA Universitetində fakültə koordinatoru və Corctaun Universitetində tədqiqat köməkçisi kimi çalışmışdır. 2013–2015-ci illərdə Xəzər Strategiya İnstitutunda enerji və strategiya eksperti kimi fəaliyyət göstərmişdir.

--

--