Yumurta

Haci Haydarov
Poctalyon
4 min readMay 15, 2020

--

Qeyd: Bu hekayə Endi Veyer (Andy Weir) tərəfindən 2009-cu ildə yazılmış “The Egg” adlı qısa hekayənin tərcüməsidir.

Öləndə yolda evinə gedirdin.

Avtomobil qəzası idi. Xüsusi qeyd olunacaq bir şey yoxdur, sadəcə ölümcül idi. Geridə yoldaşını və iki övladını qoydun. Ağrısız ölüm idi. Həkimlər sənin üçün əllərindən gələni etdilər, amma alınmadı. Bədənin çox parçalanmışdı, inan mənə, ölməyin daha yaxşı oldu.

Və beləliklə mənimlə tanış oldun.

— Nə… nə oldu? — deyə soruşdun, — Haradayam mən?

— Öldün, — dedim. Söhbəti uzatmağın mənası yoxdur.

— Orada bir… yük maşını vardı, sürüşürdü…

— Aha, — dedim.

— Mən… mən öldüm?

— Aha, amma məyus olma hamı ölür, — dedim.

Ətrafına baxdın. Heç bir şey yox idi. Sadəcə sən və mən.

— Haradır bura? — deyə soruşdun, — Axirətdir?

— Təqribən. — dedim.

— Sən Tanrısan? — deyə sual verdin.

— Aha, mən Tanrıyam.

— Uşaqlarım…yoldaşım, — dedin.

— Nə olub onlara?

— Yaxşı olacaqlar?

— Bunu eşitmək istəyirdim səndən, — dedim, — bir az əvvəl ölmüsən və ailən üçün narahat olursan, bu, yaxşı bir şeydir.

Mənə heyrətlənmiş kimi baxdın. Sənə Tanrı kimi görünmürdüm. Bir adam kimi görünürdüm və ya bir qadın. Dəqiq olmayan bir nüfuz sahibinə, yaradandan daha çox ədəbiyyat müəlliminə bənzədirdin.

“Darıxma, — dedim, — yaxşı olacaqlar. Uşaqların səni hər xüsusiyyətinlə mükəmməl biri kimi xatırlayacaqlar. Sənə nifrət edəcək vaxtları olmadı. Yoldaşın zahirən ağlar kimi görünəcək, amma daxilən rahat olacaq. Dürüst olaraq deməliyəm ki, evliliyin dağılırdı. Özünü yaxşı hiss edəcəksənsə, deyə bilərəm ki, rahatladığı üçün özünü günahkar hiss edəcək.”

— Hə, — dedin, — Bəs indi nə olur? Cənnətə, cəhənnəmə, bir yerə gedirəm?

— Heç biri, — dedim, — Reankarnasiya olacaqsan.

— Hə, — dedin, — deməli, Hindular düz imiş.

— Bütün dinlər bir formada düz idilər, — dedim, — Gəl mənimlə.

Boşluqda gəzə-gəzə məni izlədin.

— Hara gedirik?

— Xüsusi bir yerə getmirik, — dedim, — sadəcə gəzə-gəzə danışmaq xoşdur.

— Bəs onda bütün bunların məqsədi nə idi? — deyə sual verdin, — Yenidən doğulduğum zaman boş bir lövhə olacağam? Körpə kimi. Beləliklə, bütün təcrübələrimin, bu həyatda etdiklərimin heç bir mənası və təsiri olmayacaq.

— Heç də elə deyil! İçində bütün keçmiş həyatlarının bilik və təcrübələrini daşıyırsan. Sadəcə indi onları xatırlamırsan.

Dayandım və səni çiyinlərindən tutdum.

— Ruhun təsəvvür etdiyindən daha gözəl və daha böyükdür. Zehnimiz insan varlığının yalnız kiçik bir hissəsini ehtiva edə bilər. Bu, suyun isti olub-olmadığını bilmək üçün barmağını stəkana batırmaq kimi bir şeydir. Sən özünün çox kiçik bir hissəni böyük bir dəryaya qoyursan və götürəndə bütün təcrübələrinlə birlikdə götürürsən.

Son 48 ildə bir insanın bədənində idin, buna görə də dayanıb ucsuz-bucaqsız şüuraltını araşdırmağa şansın olmayıb. Burada lazımınca qalsaq, hər şeyi xatırlamağa başlayacaqsan. Amma hər ruh dəyişəndə bunu etmək mənasızdır.

— Bəs onda mən neçə dəfə reankarnasiya olmuşam?

— Çox. Lap çox və hər dəfəsində müxtəlif bir həyatda, — dedim, — Bu dəfə isə 540-ci ildə Çində kəndli bir qız olacaqsan.

— Necə necə? — deyib kəkələdin, — Məni zamanda geriyə göndərirsən?

— Texniki olaraq hə, zaman sənin bildiyin formada yalnız sənin kainatında mövcuddur. Mənim gəldiyim yerdə vəziyyət bir az başqadır.

— Sənin gəldiyin yerdə?

— Aha, — dedim və davam etdim, — Mən də bir yerdən gəlirəm və orada mənim kimi başqaları da var. Bilirəm ki, oranın necə olduğunu bilmək istəyəcəksən, amma, açığı, desəm də, anlaya bilməyəcəksən.

— Hmm… — dedin biraz məyus olaraq, — Əgər zamanda geriyə gedirəmsə, bir nöqtədə özümlə də qarşılaşa bilərəm.

— Təbii ki, hər zaman olur. Amma hər iki həyatında da sadəcə o həyatını xatırladığın üçün fikir vermirsən.

— Onda bütün bunların nə mənası var?

— Ciddisən? — deyə sual verdim, — Ciddi olaraq məndən həyatın mənasını soruşursan? Səncə, bu, bir az çeynənilmiş sual deyil?

— Məncə, çox ağlabatan sualdır, — deyə dirəndin.

Gözlərinin içinə baxdım: “Bütün bu kainatı yaratmağımın tək məqsədi sənin yetişməyindi.”

— İnsanları demək istəyirsən? İnsanların daha yetişmiş olmağını istəyirsən?

— Yox, bütün bu kainati sadəcə sən böyü, yetiş və dahiləş deyə yaratdım.

— Sadəcə mən? Bəs bütün digər insanlar?

— Səndən başqa heç kim yoxdur, — dedim, — bu kainatda sadəcə sən və mən varıq.

Mənə boş bir ifadəylə baxdın: “Bəs dünyadaki o qədər insan…”

— Hamısı sən və sənin müxtəlif reankarnasiyalarındır.

— Gözlə, mən hamıyam!

Kürəyinə bir təbrik silləsi vuraraq dedim: “İndi hər şey yerinə oturdu.”

— Mən dünyada yaşamış bütün insanlaram?

— Bəli və bundan sonra yaşayacaqlar.

— Mən Abraham Linkolnam?

— Con Vilkes də həmçinin. — əlavə etdim.

— Mən Hitlerəm? — dedin dəhşətlə.

— Və öldürdüyü milyonlarsan.

— Mən İsayam?

— Və onu izləyən hər kəs.

Bir anlıq susdun.

— Nə vaxtsa birinə pislik etsən, özünə etmiş olurdun. Yaşadığın və yaşatdığın bütün xoşbəxt anları da özün üçün yaşayırdın. İstənilən insan tərəfindən yaşanmış bütün pis və yaxşı xatirələr sənin təcrübələrindir.

Fikrə getdin.

— Niyə? — dedin, — Bunları niyə edirsən?

— Çünki bir gün sən də mənim kimi olacaqsan, bu sənsən, sən də mənim kimisən. Sən mənim övladımsan.

— Nə?! — dedin inanmayaraq, — Mən tanrıyam?

— Xeyr, hələ yox. Sən rüşeymsən, hələ yetişirsən. Bütün zamanlarda bütün insanların həyatını yaşadıqdan sonra doğulacaq qədər böyümüş olacaqsan.

— Deməli bütün kainat, — dedin, — sadəcə…

— Bir yumurtadı, — dedim, — indi isə növbəti həyatına başlamaq vaxtıdır.

Bununla da səni öz yoluna göndərdim.

--

--