Daha sürətli öyrənmək üçün qeydlər

Nasir Nasirli
Pragmatech
Published in
3 min readJun 21, 2020

Məktəb, universitet vaxtı bizə öyrədilməyən mühüm bir şey var: beynimizin limitsiz qabiliyyəti. Demək olar ki hər şeyi müəyyən zaman çərçivəsində öyrənmək mümkündür. İstər musiqi, istər yeni insan dili, istər yeni kompüter dili olsun. Yetər ki motivasiya olsun və düzgün öyrənmə texnikası istifadə olunsun.

Motivasiya insanın özünə bağlı məsələdir. Kimində bu pul ola bilər(ki mən yaxşı motivasiya saymıram), kimində özünü təsdiq vasitəsi(bax mən C++ kimi çətin dili 6 aya “öyrəndim”), kimində sadə maraq ola bilər. Özünə uyğun motivasiya varsa növbəti məsələ öyrənmə texnikasının olmasıdır.

İndiyə kimi öyrəndiyim və dəfələrlə sınaqdan keçirdiyim metodlar haqqında yazacağam. 2016-cı ildə Courserada ən reytinqli kursları axtararkən Barbara Oakley-nin “Learning how to learn” adlı kursuna rast gəlmişdim və həmin kursdan çox şey öyrənmişəm. Deməli insan beyni həqiqətən limitsiz potensiala malikdir, amma istismar qaydası bir az fərqlidir. Barbara xanım deyir ki, bizim beynimizin RAM-ı(random access memory) çox azdır, təxminən 4 bit informasiya saxlayır. Yəni biz eyni anda 4 xırda detalı emal edə bilirik. Buna o “chunking” adı verir. Əsas məsələ böyük bir tamı hissələrə bölüb ona sahib olmaqdır. Bunun üçün əvvəlcə böyük şəkli görmək, içində hansı detalların vacib olmasını tapmaq lazımdır.

İkinci vacib məsələ “illusion of competence”dir. Kitabı oxuyursan, mövzu tanış gəlir və çox səhv olaraq belə nəticəyə gəlirsən ki, mövzuya hakimsən, amma bu kompetensiya yanılqısıdır. Bunu yoxlamağın ən yaxşı yolu bildiyini kiməsə izah etməkdir, izah etməyə başlayan kimi görürsən ki bildiyin bir şey yox imiş. Kompetensiya yanılqısından hər zaman qaçmaq lazımdır.

Növbəti vacib detal bilmədiyin, anlamadığın bilginin, tapşırığın üzərində saatlarla vaxt itirməməkdir. Bir müddət üzərində işlədin, gördün alınmır, dur gəz, kofe iç, uzağa bax, tullan düş. Bir müddət tapşırıqdan uzaqlaşmaq lazımdır. Tapşırığa sonradan qayıtdıqda ona başqa perspektivdən baxırsan, tapşırıq asan həll olunan hala gəlir. Hətta sonradan deyirsən ki, bu qədər asan tapşırığı niyə əvvəldən həll edə bilməmişəm.

Vaxt demişkən, bizim beynimiz bir tapşırıq üzərində yalnız 25–30 dəqiqə fokus ola bilir. Bunu izləmək və istifadə etmək çox asandır. Pomodoro texnikası adlı texnikanı istifadə etməklə bu prosesi avtomatlaşdırmaq mümkündür. Bunu mobil tətbiqlərlə çox rahat etmək olur. İşə 25 dəqiqə intensiv fokus olursan, 5 dəqiqə fasilə edirsən. Dörd dəfə 25+5 dəqiqəlik dövrdən sonra 15 dəqiqəlik fasilə edirsən. Burada ən vacib məsələ fokusun qırılmamasıdır. Smartfon təyyarə rejimidə olmalıdır, işdən ancaq ya ev yananda, ya da özünüz yananda ayrıla bilərsiz.

İşə təxminən belə fokuslanmaq lazımdır.

Bir neçə il əvvəl Skot Yanq(Scot Young) adlı şəxsin TED çıxışına baxmışdım, MIT-nin 3–4 illik təhsil proqramını evdə özbaşına bir il ərzində tamamlamışdı. Sonradan Skotun sürətli öyrənmə texnikasına aid kitabını da oxudum, sizlərə də onun bloqunu izləməyi və kitabını oxumağı məsləhət görərdim. Skot çoxdan məlum olan Feynman texnikasının fanatıdır. Bu metodun əsas mahiyyəti odur ki, öyrəndiyini elə sadə dilə çevirmək lazımdır ki, onu 5 yaşlı uşağa başa sala biləsən.

Riçard Feyman 20-ci əsrin ən güclü fiziklərindən və ən yaxşı müəllimlərdən sayılır. Onun adına bağlı olan texnikanı tətbiq etməklə çox yüksək nəticələr almaq mümkündür.

Yekunda onu demək istəyirəm ki, insan beyni kompüterdir, amma fərqli işləyir. Hər insanda da fərdi fərqlər mövcuddur. Öz beyninizi kəşf etməli, yuxarıdakı metodların bir neçəsini yoxlaya bilərsiz.

--

--