Git Və GitHub. Ən Çox İstifadə Olunan Əmrlər (Part 2).

Sahil Appayev
Pragmatech

--

Əvvəlki məqaləmizdə versiya nəzarət sistemləri (VCS), giti digər VCS-dən fərqləndirən əsas xüsusiyyətlər və giti öz kompüterimizə qurub git server (GitHub) hesabımızla necə əlaqələndirəcəyimizdən danışmışdıq. Bu məqaləmizdə gitin iş prisipi və başlanğıc səviyyədə bilməli olduğumuz git əmrlərini ələ almağa çalışacağıq.

Giti kompüterimizdə qurub GitHub hesabımızla əlaqələndirdikdən sonra gəlin ilk remote repository-imizi (repo) yaradaq. Bunun üçün biz GitHub hesabımıza daxil olub əsas səhifədə sol küncdə “Repositories” bölməsindən “New” düyməsinə sıxmaqla yeni repository yaratmaq üçün müvafiq səhifəni açırıq.

Burada yaradacağımız reponun adını (bizim nümunəmizdə: demo), proyektin hamıya açıq (public) və ya bağlı (private) olmağını təyin edə, proyekt haqqında məlumatları əks etdirən “README” faylını, proyektimizi repo-ya yüklədiyimiz zamanı yüklənməsini istmədiyimiz faylları qeyd etmək üçün “.gitignore” faylını və lisenziya sənədi əlavə edə bilərik.

LICENSE sənədi repoda saxladığınız sənədləri qoruyan lisenziyanızı müəyyənləşdirir. Onun şərtləri seçdiyiniz lisenziyadan asılı olaraq dəyişir. Bu ünvanda 30 pulsuz lisenziyaya baxa bilərsiniz.

GitHub repo yaratdığınız zaman bu lisenziyalardan birini seçməyə imkan verir və avtomatik olaraq bu lisenziyanı repoya əlavə edir. Hər kəs lisenziya icazə verdiyi və lisenziyada göstərilən şərtlərə əməl edildiyi müddətdə lisenziyadan istifadə edə bilər. Pulsuz lisenziyaların mənası buradan qaynaqlanır. Lisenziyalar pulsuzdur ki, qoruduqları şeylər pulsuz olsun.

Description bölməsində isə proyektiniz haqqında qısa açıqlama yaza bilərsiniz.

Bundan sonra “Quick setup” bölməsində repomuzun GitHub ünvanını kopyalayır, kompüterimizdə proyektimiz olan qovluqda kontekst menyudan “Git Bash Here” düyməsini sıxmaqla git bash terminalını açırıq və lokal repomuzu yaratmaq üçün git init əmrini daxil edirik. Nəticədə gizli “.git” qovluğu yaranacaq ki, bu qovluq bizim gitlə bağlı bütün konfiqurasiya fayllarını və lokal repomuzu özündə saxlayır.

İndi isə yaratdığımız lokal ropomuzu remote repomuz ilə əlaqələnirməliyik. Bunun üçün ardıcıl olaraq tək-tək aşağıdakı əmrləri yerinə yetirməliyik.

Burada, 2-ci sətirdə dırnaq işarələri ilə ayrılmış commit mətnini etdiyiniz əməliyyata uğun olaraq təyin edirsiz və 4-cü sətirdəki url sizin remote github reponuzun ünvanı olmalıdır.

Repodakı fayllarımız gitin versiya nəzarəti altına keçmədən öncə üç mərhələdən keçir:

Untracked: fayl mövcuddur, lakin git versiyası nəzarətinin bir hissəsi deyil.
Staged: fayl git versiyasını idarə etməyə əlavə edildi, lakin dəyişikliklər təslim olunmayıb.
Commited: dəyişikliklər versiya nəzarəti üçün repoya təslim olunmuşdur.

Biz fayllarımız üzərində hər hansı bir dəyişiklik və ya yeni fayl əlavə etdikdə bu dəyişikliklər bizim “working directory”də qeydə alınır və bu zaman fayllarımız git tərəfindən untracked olaraq qeyd olunur. Biz git status əmrini verməklə faylların hansı mərhələdə olduğuna baxa bilərik. Bundan sonra untracked fayllarımızı staging area-ya əlavə etmək üçün git add faylın_adı_uzantısı_ilə və ya bütün faylları əlavə etmək üçün git add . əmrini daxil edirik. Amma yenə də fayllarımız tam olaraq gitin nəzarəti üçün təslim olunmuş sayılmır, bunun üçün biz etdiyimiz dəyişiklikləri ehtiva edən qısa mesajla git commit -m “commit mesajı” əmrini verməklə təslimatı tamamlamalıyq. Artıq bizim fayllarımız tam olaraq lokal repoda gitin nəzarətindədir.

Bundan sonra biz git push -u origin master əmrini verməklə lokal repoda olan fayllarımızı remote repomuza yükləyə bilərik. Bu əmrdə -u parametrin ilk dəfə push edəndə verməklə lokaldakı branch-in müvafiq remote branch-ini təyin edirik və növbəti push proseslərində sadəcə olaraq git push əmri fayllarımızı müvafiq branch-a yükləməyə kifayət edəcək.

Branch anlayışı, branch-larla işləmə və git ilə bağlı daha bir çox şeyə isə növbəti məqaləmizdə nəzər yetirəcəyik. Vaxt ayırıb oxuduğunuz üçün təşəkkürlər.

--

--