Pseudocode(Psevdokod) nədir və onu niyə yazırlar

Zahra Alizada
Pragmatech
Published in
3 min readAug 15, 2020

Proqramlaşdırmaya yeni başlayan insanlar üçün dərhal proqram yazmaq kifayət qədər çətindir. Buna görə, insan dili ilə proqramların ilkin kodu arasında ara mərhələlər icad edildi. Bunlardan biri də psevdokoddur.

Pseudocode(Psevdokod) nədir?

Psevdokod elə bir dildir ki, onun köməyilə siz öz kodunuzun bütün məntiqini göstərə bilərsiniz. Bu adi bir insan dilində bir kompüterə verilən əmrlərin yazılışıdır. Nəticədə proqramçı gündəlik dil ilə proqramlaşdırma dili arasında aralıq forma əldə etmiş olur.

Nə üçün sizin Pseudocode-dan(Psevdokod) istifadə etməyiniz məsləhətdir?

Elə ağır layihələr var ki, psevdokoddan istifadə etmədən siz onların öhdəsindən gələ bilməzsiniz. Psevdokod yazılması sizə imkan verir ki, potensial problemləri əvvəlcədən düşünəsiniz. Bunun sayəsində siz sırf məntiq və proqramın icrası qaydalarını müşahidə edə bilirsiniz və bu zaman kodunuzun işə salınmasından narahat olmursunuz.

Həqiqi kodu yazmadan əvvəl psevdokod yazmaq layihələrinizi daha sürətli başa çatdırmağa kömək edəcək. Bunu proqramınızın bir eskizi kimi düşünə bilərsiz. Kod yazma mərhələsinə başladıqda isə nə edilməsi lazım olduğunu uzun müddət düşünməyə ehtiyac qalmayacaq, çünki bunu əvvəlcədən müəyyən etmiş olursunuz.

Ən yaxşı cəhəti odur ki, psevdokod heç bir proqramlaşdırma dilindən asılı deyil. Sizin yazdığınız məntiq hər kəs tərəfindən tətbiq oluna bilər və istənilən dildə reallaşa bilər. Bu isə sizə təkrar istifadə və yaratdığınız tətbiqin arxitekturasını daha da yaxşılaşdırmaq sərbəstliyi verir.

Psevdokodun daha az diqqət çəkən xüsusiyyətlərindən biri də onu digər insanlarla bölüşmək imkanıdır. Bəzən əlinizdə bir çox layihələrdə istifadə edilə bilən spesifik bir məntiq parçası olur, amma bu layihələrin hamısı fərqli dillərdə yazılmış olur. Psevdokod sayəsində bu məntiqi digər proqramçılarla bölüşə bilərsiniz, onlar isə həmin məntiqi istədikləri dildə realizə edə bilərlər.

Psevdokodu necə yazmalı

Bir proqramçının əsas vəzifəsi belədir: fikirləri kompüterlərin başa düşə biləcəyi bir dilə tərcümə etmək. Bunun necə baş verdiyinə nəzər salaq.

Əvvəlcə biz bir strategiya yaratmaq istəyirik, bundan sonra proqramın ayrı-ayrı hissələri haqqında düşünməyə başlayırıq. Belə ki, biz istəyirik ki, oyun 64x64 ölçülü xanaları olan məhdud bir sahədə baş versin. Bu da aşağıdakı şərtin ödənməsini nəzərdə tutur:

- oyundakı hər bir iştirakçı bu sahədən kənara çıxmamalıdır.

- hər bir simvolun xəritədə yerini təyin edən koordinatları var.

- iştirakçının sahənin daxilində olduğundan əmin olmaq üçün, onun sahənin dörd tərəfindən birini keçib-keçmədiyini yoxlamaq lazımdır.

İndi psevdokodu yaza bilərik (və ya bir proqramlaşdırma dilini kifayət qədər bilsək sadəcə kodu):

- Bölmənin x koordinatı birdən azdırsa, x-i 1-ə bərabər edin.

- Bölmənin y koordinatı birdən azdırsa, y-i 1-ə bərabər edin.

- Bölmənin x koordinatı 64-dən çoxdursa, x-i 64-ə bərabər edin.

- Bölmənin y koordinatı 64-dən çoxdursa, y-i 64-ə bərabər edin.

Nəticədə, bu cümləni: “Oyundakı hər hansı bir xarakter 64x64 sahə daxilində olmalıdır” — hər biri bir operatordan ibarət olan dörd bölməyə ayırmış olduq.

Proqramlaşdırmanı öyrənərkən ilkin mərhələdə ən çətin və vacib olanı fikirlərin insan dilindən proqramlaşdırma dillərinə çevrilməsini öyrənməkdir.

Pseudocode(Psevdokod) yazarkən diqqət yetirməli əsas məqamlar

proqramın icrasının məntiqi

proqramınızın mürəkkəb hissələrinin təfərrüatları

ardıcıl formatlaşdırma

Unutmayın ki, bu “eskiz” ilk növbədə sizin şəxsi istifadəniz üçündür, ona görə də onu sizin üçün münasib olan şəkildə yazın. Bu real kodu yazarkən daha aydın düşünməyə kömək edir. Proqramınızın bütün məntiqləri əvvəlcədən planlaşdırıldıqda, məhsuldarlıq və optimallaşdırma ilə bağlı sınaqlar keçirməyə daha çox vaxtınız qalır. Üstəlik, siz daha dərin kodlaşdırma apardığınız zaman beyninizi həddən artıq gərgin işləməsinə ehtiyac olmayacaq.

Psevdokod haqqında siz nə düşünürsünüz? Ona vaxt sərf etməyə dəyərmi, yoxsa dərhal əsas kodu yazmağa başlamaq daha yaxşıdır? Fikirlərinizi şərhlərdə paylaşın!

Mənbə:

www.geeksforgeeks.org

https://whatis.techtarget.com

--

--