Sənə sertifikat veririk. Daha neyniyək səninçün?

Samir Karimov
Pragmatech
Published in
2 min readMar 10, 2020

İki min çoxdanıncı ildə bir seminara dəvət etmişdilər. Mövzunu mənim öhdəmə buraxmışdı təşkilatçılar. Mən də “HTML5 Api-lər və CSS3-lə gələn yeniliklər” deyə bir mövzu seçmişdim.Əlqərəz seminara iştirak kifayət qədər çox idi.Sevinmişdim ki bu qədər öyrənməyə həvəsli kütlə var. Sual verdim

“Neçə nəfər mövzuya hakimdir?”

Cəmi 3 nəfər əl qaldırdı

“Bəs neçə nəfər HTML və CSS ilə işləyib bu vaxta qədər?”

15–20 nəfər əl qaldırdı.

“Bəs neçə nəfər ümümən veb proqramlaşdırma sahəsi ilə maraqlanır?”

30–35 nəfərdən reaksiya gəldi

“Geriyə galanlar siz niyə gəlmisiz bəs bu seminara?” (hardasa 20–30 arasında kütlə)

“Müəllim sertifikat verillər eeee”

O gün hələ də sovetdən qalma sertifikat ya da kağıza olan heyranlığımızın öz gücünü qoruduğunu anladım. Dövr dəyişsə də hələ də o beyinlərdə ki yersiz və heç bir ciddi əsası olmayan diplom və sertifikat həvəsinin ölmədiyini gördüm. Sovet dövrünü yaşamış ya da araşdıran kütlə çox yaxşı bilir ki o dövrdə sertifikat ya da diplom həqiqətən həyat qarantiyası mənasına gəlirdi. Çünkü rejim universitetlərdə və texnikomlarda işə qəbul edə biləcəyi miqdarda kadr yetişdirirdi və bu kadrların heç vaxt boş qalmasına icazə vermirdi. Hətda kadrın öz ixtiyarında belə deyildi işləməmək. Təhsil keyfiyyətinə nəzarət də eyni dərəcədə ciddi idi. İndiki dövrdə isə bu sadaladıqlarımın heç biri olmadığı üçün diplom bir məna kəsb etmir. Hələ də qəpiy quruşa bəzəy düzəy verilərək çap edilmiş, tanınma əhatəsi digər məhəlləyə keçməyən sertifikat əldə etmək üçün dəridən qabıqdan çıxmaq (Bu əksər hallarda valideynlərin təkidinə görə məcburiyyət halına gəlir) heç məntiqli yanaşma deyil.

Mən təhsil sahəsindəyəm uzun illərdir.Ona görə özümü də içəri qataraq deyirəm ki gəlin təhsil işçiləri və şirkətləri olaraq etiraf edək ki bizim cah cəlalla verdiyimiz sertifikatın ciddiyətinə heç özümüz inanmırıq nəinki şirkətlər. Buna görə də artıq təhsil keyfiyyətimizi sertifikatla yox başqa meyarlarla ölçməyi yoxlamalıyıq.Kiminsə evinin divarında ya da anaların “mücrü”-sündə olmaq gözəl bir duyğudur amma bundan daha çoxunu verə bilərik hələ də proqramlaşdırma kimi çox geniş və həyəcanverici bir sahədə.

Necə? Onu da gələn yazıda qeyd edərəm.

--

--