Tələsmədən tələs

Ulvien Abd
Pragmatech
Published in
3 min readJun 5, 2020

Hindilinin biri bir gün qalxır səfalət içində yaşayan xalqına səslənir: “Gedirəm, dünyanı iki dəqiqəyə xilas edib, gəlirəm!”. Aradan illər keçir, adamın dəri qırışını ütü açmaz, boynu bükülmüş vəziyətdə qayıdır vətəninə, yoxsul xalqa bu dəfə də “Gedirəm, ölkəmi xilas edib, dönəcəm!” deyir. Növbəti qayıdışında da “Sizi dəyişməkdən başlamalıyam!” deyəndə, uşağın biri daşı ona fırladıb: “Əvvəlcə özüvü dəyiş!” deyir. Teyxa ibrətlik.

Tövsiyə etmək, işin əhlində həqiqi, əhli olmayanda kibirli səslənir. Yazılımın on qızıl qaydası və ya dörd addımda yeddi addım adında bir mətn gözləntiniz varsa, lövbərinizi başqa sahillərdə salın.

Bu yazının əsli on il əvvəlki bacarıqlarıma su tökdürən, paslanmış dil bilgisiylə və kifayət qədər qəmgin idi. Məsələn, “ Ağcaqanadın, nəzər xəttimi şüşəyə qonaraq pozmasıyla, Günəşin yarım dərəcəlik əyilməsi baş verdiyini fərq etmiş azansız küçə və səmərəsiz düşüncələrdə gəzinən şüur, bir göz çırpıntısında eyvandakı gərçəyinə qayıtmışdı. İllərin uçub gedən, ikinci onluqdan sonra fərqini itirən aralıqlarına nəzər yetirəndə, üslubsuzluğun və təcrübəsizliyin axmaq seçimlərini çiyninə yükləyib, səni bundan sonra tələsməyə, bunun üçün də yollar; bəlkə də hiylələr — axtarmağın zəruriliyinə məcbur edən məchul bir çıxılmazlığın əlini tutataq qarşında dayanır.”.

Kifayət qədər uzun misaldan sonra, məğzə keçməyə niyyətlənək, alınmasa da, əməllər niyyətlərə görədir. Yazılım, 17 və 25 yaşımdakı iki uğursuz cəhddən sonra, ilk dəfə ciddiyyətlə və həyat təcrübəsi əlavəsiylə başladığım bir peşənin yarı texniki, yarı fəlsəfi adıdır, el arasında proqramlaşdırma. Lakin bu sahədə saqqalsız olduğumuz üçün “necə yazılımcı olmamaq olar?” başlıqlı bir nəsihətnamə, həqiqi səslənə bilməyin yeganə səmimi yoludur. Və bunu çox qısa izah etməliyəm, az yatın (60 illik ömrünü gündə 8 saat yatırsansa, 20 il yuxuda olmusan), mənəviyyatla balans qurun (kişi, iki məsələyə cavab tapanda özünü tapır, əsl Vətəni — İmanı və məşğul olacağı həqiqi iş -Peşəsi), hər gün ən azı bir səhifə oxuyun (bir neçə ildən sonra oxuduqlarınızın böyük əksəriyyətini oxumasaydınız, heçnə itirməyəcəkdiniz qənaətinə gələcəksiniz, amma bu qənaətə gələ bilmək üçün oxumalısınız) və istəyə görə siyahını davam etdirə bilərsiniz.

Feynmanlar, Pomodorolar, NLP-lər bunları qoy qırağa, sənin üçün ən effektiv öyrənmə üsulu, sənə ən rahat və mümkün olanıdır. Bilgini müşahidə elə, sonra özünə ən uyğun hala görə şəkilləndir, proqramlaşdırmaya necə öyrənməli olduğunu proqramlaşdırmaqla başla, daha böyük miqyasda elə həyat tərzini də. İslam alimləri bildiyin halda əməl etməməyi ən böyük qüsurlardan sayıblar, çünki əsl bilgi tətbiqatla özünü tamamlayır, buna qədər bilgi xam maddədir və öz qayəsi olan praktikada istifadəyə gəlib çatmayıb. Bunun üçün gündə nə qədər öyrənəcəksənsə, onun iki qatı əməlinə vaxt ayırmadınsa, ya hər şeyi biləcək qədər cavansan, ya da park skamyasında sıxılan qoca.

Tələsmədən tələs. Köhnə Çin atalar sözü. Hər sıxıntı, gələcək olan bir genişlənmənin xəbərçisidir. Üç il proqram öyrənməyə çalış, söz verirəm, proqramçı olmama şansın yoxdur, əsas sağlıq olsun. Yoxsa, tələsdirilən Zaurun axrını özüvüz gördünüz.

Öyrənmə, məlumatın, ifadə etdiyi mənası ilə birlikdə dərk edilməsidir. Bunun üçün ən qısa yol görüntülü təsəvvürlə dərkə çalışmaqdır. Çünki insan öyrənməyə dadaraq və müşahidə edərək başlayır, bu onun ən trivial, beləliklə də ən təcrübəli olduğu yoldur. Ən çox qarşılaşdığımız problemlərdən biri də, bir nəzəri təlimi keçdikdən sonra, eyni anda “həm hər şeyi bilirəm, həm də heçnə bilmirəm” duyğusudur. Bu hiss nəzəri bilginin əməli qarşılıq tapmadığı anlarda peyda olar və nə istədiyinizi dəqiq bilmirsinizsə, çaşmanız mütləqdir. Daha bir önəmli məqam, yuxarılarda bir yerlərdə də ötəri toxunduğumuz öyrətmə və ya öyrənmə mərhələsi, təbibin tərifi kimi xəstəyə özəl olmalıdır, böyük çoxluğa görə dərman istehsalı necə absurddursa, hamı üçün ortaq üslubda öyrənmək də onun yaxın qohumlarındandır.

Amma sizə bildiyim bir şeyi qəti əminliklə deyim: siz — siz olun, növün sonuncusu olaraq, 90'ların səhvlərindən nəticə çıxarın, motivasiya bəlasına düşməyin, əks halda motivasiya adlı geydirmə itmə qüvvəsindən asılı olacaqsınız və böyük ehtimal uğur üfüqlərə doğru uzaqlaşacaq. Hər gün yalnız özünüzün daha yaxşı versiyası olun. Öyrənməli olduğunuz sahənin ustadlarının da ayaq izindən getməyi unutmayaq ki, hansı yolu gediriksə, ilk öncə təqlid etməli, daha sonra təhqiq edib özümüzə məxsus olmalıyıq. Brodski deyirdi ki, mənim yazı üçün üç vasitəm var, stol, stul və stil. Yəni irfan əhli böyüklərin dediyi kimi, üsulsuz vüslat olmaz.

Müəllifin yaşı cavan olsa da, ruhən təqaüdçüdür, elə ki, biraz sürtünsən aşacaq, yazıları vergül qanaxmasından keçinəcək, sızlayıb-sızlayıb ürəyinizi sıxacaq — buna görə havada uçuşan zarafatlarla, sosyal mesajlarla, intellektual təəssürat təəssübkeşliyiylə tıxa basa doldurulmuş zəngin bir mətnlə doyurulmadınızla, minnətinizə görə, təşəkkür.

--

--