Samir Həbibli
May 22 · 5 min read

Artıq şirkətlər və markalar sosial mediadan istifadənin önəmini anlayır. Bu səbəbdən sosial media varlığının yaradılması üçün tədbirlər görülür.

Sosial mediada təmsil olunmanın keyfiyyəti birbaşa olaraq atılan təməl addımlardan asılıdır. Buna görə yeni başlayan şəxslər və şirkətlər üçün 5 təməl addımdan bəhs etmək qərarına gəldim.

İlk olaraq niyə Rəqəmsal marketinqin markalara lazım olduğunu xatırlayaq:

  • Potensial müştərilərinizə daha yaxın və əlçatan olmaq
  • Mövcud müştərilərinizə dəstək vermək
  • Yeni xidmət və məhsullarınızı müştərilərə tanıtmaq və satmaq
  • Müştərilərinizin loyallığını qorumaq

İndi isə yuxarıda qeyd etdiyim üstünlükləri əldə etmək üçün lazım olan addımları, detalları ilə nəzərdən keçirək.

  1. Hədəf kütlənin təyini — Müştərini tanı!
  2. Rəqəmsal media analizi — Rəqibini tanı, fərqini yarat!
  3. Kanallara giriş — Yolunu təyin et!
  4. Tanıtım (Marketinq) — Məhsulunu (xidmətini) sat!
  5. Müştəri dəstəyi — Sadiqliyi təmin et!

1. Hədəf kütlənin təyini - Müştərini tanı!

Hədəf kütlənin təyini rəqəmsalda varlığı yaratmağın giriş hissəsidir.

Müştərilərinizin hansı sosial şəbəkələrdə olduğunu bilmək, onlara uyğun marka dili məzmun strategiyası qurmaq, məhz potensial müştərinizi tanıdıqdan sonra mümkündür.

İlk olaraq məhsulunuzdan kimlərin istifadə etdiyini müəyyən edin. Yaş aralığı, gender, hansı bölgədə yaşadığı, ixtisası, peşəsi, maraqları və s. ilə qruplara ayırmaq işinizi asanlaşdıracaq.

Məsləhət

Hədəf kütlənizi tanıdıqdan sonra marka dili və məzmun strategiyası yaratmaq üçün hekayələr qura bilərsiniz.

Məs: Orxan, 23 yaş, Tələbə — O, yayda vaxtını səmərəli keçirmək üçün yay məktəbi proqramları axtarır. Bunun üçün o, facebook-da xaricdə təhsil qruplarında və google-da axtarış edir.

Beləliklə siz, bir hekayə ilə yüzlərlə şəxsin ortalama yaş aralığını və maraq dairəsini təxmin edə, onlara reklam göstərmək üçün məzmun hazırlaya bilərsiniz.

Məsləhət:

Facebook üçün bir neçə fərqli kütlə yaratmaq olduqca əlverişlidir. Beləliklə hər hədəf kütlə üçün reklam yaradaraq hansının daha effektiv getdiyini yoxlaya bilərsiniz. (A/B test)

  1. Yaş (Məs: 18–25) və yer (Məs: Bakı)
  2. Maraq dairəsi (Bəyəndiyi səhifələr) və funksional hərəkətlərinə görə (Evli, nişanlı, tələbə, kart ilə alış-veriş edənlər və s.)
Target 1.
Target 2.

Təcrübəm nəticəsində deyə bilərəm ki, adətən daha detallı seçilmiş hədəf kütlələr lokal bazarda daha az effekt verir.


2. Rəqəmsal media analizi - Rəqibini tanı, fərqini yarat!

Hazırda müştərilər saysız rəqabətdə olan markaların arasından xidmət və ya məhsul seçirlər. Bazara daxil ola bilmək üçün üstünlüyünüzü ortaya qoymalısınız, üstünlük üçün isə keyfiyyətdə önə çıxmaq, müştərini məmnun saxlamaq, fərq və ya hekayə yaratmaq lazım olur.

Bu fərqləri ortaya qoymaq üçün Rəqibin müəyyən olunması və onların nə etdiyini bilməyiniz şərtdir. Yalnız bundan sonra müştərinin hansı problemini həll edə biləcəyinizi təyin edə bilərsiniz.

Diqqət

Rəqibləriniz yalnız eyni məhsul və ya xidmətləri təklif edən markalar deyil. Sizinlə eyni vaxtda eyni hədəf kütləyə xitab edən əksər marka sizin rəqibinizdir. Məsələn, bir dondurma markasının rəqibi eyni zamanda sərinləşdirici digər içkilər sayıla bilər.


3. Kanallara giriş - Yolunu təyin et!

Hədəf kütlənin müəyyən olunması və rəqib analizi ilə artıq siz müştərilərinizin hansı sosial şəbəkələrdən (Facebook, Instagram, Youtube, Linkedin, Whatsapp, Snapchat, Messenger və s.) istifadə etdiyini biləcəksiniz. Markanızı X sosial şəbəkəsində təmsil edəcəksinizsə mütləq məzmunları mütəmadi olaraq orada yerləşdirmək və cavablandırmanı təmin etmək lazımdır. Əks halda bu reputasiyanız üçün yaxşı hal deyil.

Unutmayın, Rəqəmsal marketinq şirkətin aynasıdır. Layiqli təmsil edilmirsə, istifadə etməmək daha yaxşıdır.

Yararlı:

Google My Business hər bir markanın lokalda əlçatımlı olması üçün çox vacibdir. Bu vasitə ilə sizin marka xəritədə və lokal axtarışda ön sıraya çıxacaqdır.


4. Tanıtım (Marketinq) - Məhsulunu (xidmətini) sat!

Marketinq məhsulun və ya xidmətin satışını təşviq edən, müştərinin marağını cəlb etmək üçün qurulan strategiyadır. Bu strategiyanı tətbiq etmək üçün isə Sosial media sadəcə bir alətdir. Yəni Sosial media tək başına sizin məhsulunuzu sata bilməz. Uğurlu marketinq üçün yuxarıda sadalananların (Hədəf kütlənin təyini, rəqib analizi, marka dilinin təyini, məzmunun strategiyasının qurulması, post plan hazırlanması, büdcənin təyin olunması) hər biri çox önəmlidir.

Məsləhət:

Sosial media üçün məzmunlarınızı növlərinə görə ayırıb, həftənin müəyyən günlərinə bölə bilərsiniz. Beləliklə, siz həftənin hansı günü hansı növ paylaşım edəcəyinizi əvvəlcədən biləcəksiniz.

Məs: II–IV günlər Kreativ (RTM, Maarifləndirici,), I–III-V günlər İnformativ (Xəbər, Yenilik, Kampaniya).

Sosial mediada çox paylaşım etmək yox, paylaşımın çox nəfərə çatmasını təmin etmək lazımdır.

Məsləhət:

Markanızın xidmətlərinə uyğun həftəlik və ya aylıq neçə paylaşım edəcəyinizi müəyyən etməyinizdə fayda var. Bəzi markalar gündə 2–3 (Məs: Red Bull) bəzi markalar isə həftədə 1 paylaşım (Məs: Oreo) etməklə maksimum nəticəni (qlobalda) əldə edir.

Paylaşım hazırlamaq üçün yuxarıda göstərdiyimiz növlər (Kreativ, İnformativ, Maarifləndirici və s.) sizin köməyinizə çatacaqdır. Növünü bilmək paylaşım hazırlama prosesini asanlaşdıracaq. Bu prosesi biraz da asanlaşdırmaq üçün paylaşımın hazırlanması mərhələlərinə nəzər salaq.

Sosial media paylaşımının effektiv hazırlanması üçün mərhələlər:

  1. İdeya — Pinterest, Yandex, Feedspy
  2. Mətn — Pinterest, Quora, Ekşisözlük
  3. Dizayn — Canva, Photoshop
  4. Yayımlamaq — Facebook, Instagram
  5. Reklam — A/B testing (Fərqli hədəf kütlələr, Engagement, Messages)
  6. Dəstək — Manychat, Chatfuel

Nümunə (Vodafone):

Okeanın ortasında balinanı çəkmək istəyən şəxsə zəng gəlir və o, bu anı tuta bilmir. Paylaşımın başlığı isə belədir:

“Bağışlayın ama əhatə dairəmiz genişdir”


5. Müştəri dəstəyi - Sadiqliyi təmin et!

Müraciətlərin satışa dönüşməsi müştəri dəstəyindən asılıdır. Əgər siz mükəmməl marketinq strategiyası, kreativ məzmun və böyük büdcəli reklam edib, qarşılığında müştəri dəstəyi (cavablandırma) etməsəniz bütün sadalananların hamısı boşa getmiş olacaqdır. Bunun üçün ən azı bir şəxs təyin edib, təlimatlandırmalısınız.

Müştəri dəstəyi əlavə olaraq sizin müştərilərinizin loyallığına birbaşa təsir. Vaxtında, etik və qrammatik normalarla verilən cavabı müştəri hər zaman qiymətləndirir.

Müştəri məmnuniyyəti haqqında yazdığım hekayəyə nəzər sala bilərsiniz.

Yararlı:

Əlavə olaraq Manychat və ya Chatfuel tool-ları sizin köməyinizə çata bilər. Bu sistemlərdən istifadə edərək müştərilərinizin suallarını avtomatikləşdirə bilər, postlara gələn şərhlərə avtocavab qoşa bilərsiniz. Bu Tool-lar haqqında daha ətraflı başqa bir bloq yazısı hazırlayacağam.

Qeyd olunanlar ilə bağlı hər hansı bir sualınız olarsa soruşmaqdan çəkinməyin.

Oxuduğunuz üçün təşəkkürlər.

Samir Həbibli

Rəqəmsal marketinq üzrə mütəxəssis

samirhebibli

Samir T. Həbibli —Startup girişimci və Rəqəmsal həllər üzrə mütəxəssis.

Samir Həbibli

Written by

samirhebibli

Samir T. Həbibli —Startup girişimci və Rəqəmsal həllər üzrə mütəxəssis.

Welcome to a place where words matter. On Medium, smart voices and original ideas take center stage - with no ads in sight. Watch
Follow all the topics you care about, and we’ll deliver the best stories for you to your homepage and inbox. Explore
Get unlimited access to the best stories on Medium — and support writers while you’re at it. Just $5/month. Upgrade