Namaz və yoqa?

Farzizada Lala
Star Gazers
Published in
5 min readJun 27, 2020

Namaz qılan tanışlarımızdan tez-tez belə bir cümlə eşidirik : “İbadət etdikdən sonra sanki insan ruhən rahatlayır”. İllər əvvəl namaz qılmış şəxs olaraq deyə bilərəm ki, düz söhbətdir. Son səcdədən sonra dizlərin üstündə oturub Təşəhhüd və salamları bitirdikdə özünü ən pak, ən təmiz, daxilindəki bütün pislikdən, neqativ enerjidən arınmış hiss edirsən. Uzun müddət bu hissin Allah qarşısında borcunu yerinə yetirdiyin və İslamın 5 qaydasından ən önəmlisinə riayət etdiyin üçün mükafat olduğunu düşünmüşəm. Dinə baxış bucağım və İslam haqqında fikirlərim dəyişdikdən sonra belə bəzən məhz namaz sonunda gələn o rahatlıq hissi üçün darıxdığımı etiraf etməliyəm. Bəs, səbəb nə idi axı? Niyə məhz namaz verirdi o duyğunu mənə? Həqiqətənmi yalnız Allaha ibadət edənlərə bəxş olunan lütf idi o hiss?

Koronavirus ölkəmizə təşrif buyurandan və karantin elan olunandan bir neçə gün sonra uzun zamandır ağlımda olan mövzunu araşdırmağa başladım; Yoqa. Bu yazıda sizə yoqanın nə olduğundan və ya faydalarından uzun-uzadı danışmayacam, lakin onu bilməlisiniz ki, mən uzun zamandır axtarışda olduğum rahatlıq hissini məhz yoqada tapdım! Bilirəm, yoqa dedikdə bir çoxumuzun ağlına yaşıllıq yer tapan kimi ayaqlarımızla bardaş qurduğumuz, əl barmaqlarımızı dizlərimizin üzərinə gətirib bükdüyümüz və gözlərimizi yumub şəkil çəkdirdiyimiz poza gəlir; yuxarıdakı şəkildəki kimi. Daha yaxından tanış olduqca öyrəndim ki, həmin o pozanı yoqanın önəmli hissəsi olan nəfəsin kontrolu zamanı, digər adı ilə Pranayama zamanı alırıq. Ad demişkən, yoqa pozalarına verilən ümumi ad “asana”dır, bu yazının əsl məqsədi də sizi yoqanın bəzi asanaları ilə tanış etmək və onların bəzi namaz hərəkətləri ilə oxşarlığından məlumatlı etməkdir.

Çox hörmətli namaz qılan və ibadət edən dostlarım, sizə məyusedici bir xəbərim var. Namazdan sonra hiss etdiyiniz o yüngülləşmə və rahatlıq hissinin etdiyiniz ibadətlə əlaqəsi yoxdur. Yəni, məsələ “Bismillahir-rəhmanir-rəhim”də və ya “Allahu Əkbər”də deyil, o sözləri deyərkən durduğunuz pozalardadır, bir-birini mükəmməl şəkildə əvəzləyən namaz hərəkətlərindədir. Diqqət etsəniz, hərəkətlərin bir-birini əvəzlədiyi saniyələrdə bədənimiz aktiv olur, o aktivliyi müəyyən keçid hərəkətləri izləyir, bədənimizin tam rahatladığı hərəkətdə- səcdədə rükətlər (müəyyən namaz hərəkətlər toplusu) bitir. Eyni yoqa asanaları kimi. İstər yoqada, istər namazda etdiyin hərəkətə fokuslanmaq çox önəmlidir, çünki 1) yoqada yalnız fikrini tam verdiyin zaman faydasını hiss edirsən, 2) namaz yalnız ayələri tam diqqətinlə dediyin zaman qəbul olmuş sayılır. Fərqli olan isə fokuslanma metodlarıdır; namazda bunlar səsləndirdiyimiz ayələr və möhür daşıdırsa, yoqada fokuslanmağa kömək edən nəfəsimiz, bəzi asanalarda isə barmaq uclarımızdır.

Gəldik çatdıq yazının daha maraqlı hissəsinə. Yoqanın da, namazın da məqsədi fərqli niyyətlərlə də olsa, bədəni, zehni və ruhi rahatlığımızı təmin etməkdir. Bu əsas oxşarlıqdan əlavə, sizinlə çox bənzəyən asana və namaz hərəkətlərini bölüşmək istəyirəm.

1) Dağ pozası (Tadasana) və Qiyam

Tadasana
Tadasana

Yuxarıda gördüyünüz asananın adı Dağ pozasıdır, əsl adı ilə Tadasana. Güclü külək də əssə, zəlzələ də olsa, bir dağ kimi yerimizdən tərpənməyəcəkmişik kimi ayaqlarımızı bütün qüvvəmizlə yerə basırıq, belimizi düz saxlayaraq onurğamızı uzadırıq, nəfəsimizi rahatlaşdırırıq və bir sonrakı asanalar üçün bədənimizi hazırlayırıq. Sinir sistemini stimullaşdırmaq, boyu uzatmaq və qadınların menstrual dövrünü tənzimləmək kimi bir çox faydası var. Bəzən əllərin içi sinənin ortasında birləşdirilir və ya daha maili formada yanlara uzadılır.

Qiyam

Namazdakı bu duruşun adı isə Qiyamdır. Namaza başlamamışdan öncə niyyət edərkən, Həmd-surə və Təsbihati-ərbəə deyərkən dayandığımız duruşdur. Süni və ya şiə namazı qılmağımızdan asılı olaraq, əl hərəkətləri dəyişə, sinənin ortasında bir-birinin üzərinə gətirilə bilər.

Çox bənzəyir, elə deyilmi? Gəlin bir başqa fakt da deyim. Yoqada “Günəşə salam” (Sun salutation) deyə olduqca çətin hərəkətlər seriyası var. Tadasana həmin o “Günəşə salam”ın ilk duruşudur. Eyni zamanda, Qiyam da bütün rükətlərin birinci hərəkətidir.

“Günəşə salam”ı yadda saxlayın, çünki növbəti duruş həmin hərəkətlər seriyasına daxil olan asanalardan biridir.

2) Ardha Uttanasana və Rüku

Ardha Uttanasana

Barmaqlarımıza doğru tam əyilməzdən və bütöv bir Uttanasana-da qaldıqdan sonra bədənimizi yarım qaldırıb Ardha Uttanasana pozasında qalırıq. Qarın əzələlərimizə və onurğamıza faydalıdır. Bu duruş belimizi növbəti Plank pozasına hazırlayır. Yəni, bu asana bir hazırlıq pozasıdır.

Rüku

Bu namaz hərəkəti isə Rüku adlanır. Səcdəyə enməmişdən öncə Rüku duruşunu alırıq. Yəni, Rüku da bizi növbəti hərəkətə, Səcdəyə hazırlayır.

3) Uşaq pozası (Balasana) və Səcdə

Balasana

Uşaq pozası, əsl adı ilə Balasana, yoqada ən sevdiyim asanadır, çünki istirahət edib hərəkətlərə ara verdiyimiz pozadır :D Eyni zamanda, bədənimiz məhz bu duruşda özünü güvəndə hiss edir, çünki ana bətnindəki formasını xatırlayır. Balasanada olarkən bud, omba və ayaq biləklərimiz dartılır, beynimiz rahatlayır və stresdən azad olmamıza yardımçı olur. Bu arada, Sanskrit dilində “bala” sözünün uşaq mənasını verməsi də maraqlı faktdır.

Səcdə

Səcdə edərkən bütün ruhumuzu Allaha təslim etmiş oluruq. Allah qarşısında baş əyərək 3 dəfə “Sübhənallah” deməklə onun ən mükəmməl olduğunu buyururuq.

Səcdə rükətlərin sonunda gəldiyi kimi, Balasana pozasını da yoqa seriyalarını bitirdikdən sonra istirahət etmək üçün istifadə edə bilərik.

4. Vajrasana və Təşəhhüd

Vajrasana

Daha bir çətin olmayan yoqa asanası. Bu pozanı da rahatlamaq, nəfəsi stabilləşdirmək üçün istifadə edə bilərik. Belin aşağı hissəsində yaranan ağrılara və onurğamıza faydalıdır.

Təşəhhüd

Dilimizdə bu namaz hərəkətinin adını, təəssüf ki, dəqiqliklə tapa bilmədim. İngilis dilində “Julsa” deyilən bu duruşu Təşəhhüd və Salamları deyərkən alırıq. Salamları deyərkən boynumuzu iləri, sağa və sola doğru çeviririk. Yenə, şiə və süni namazından asılı olaraq, sağ şəhadət barmağı göstərə bilərik.

Bütün bu bənzərlikləri kənara qoysaq, namaz və yoqanın təməlində çox fərqli məqamlar var. Məsələn, namazda önəmli olan Allah və ona ibadətdirsə, yoqada önəmli olan bədənimiz və ruhumuzdur. Yoqada “Günəşə salam” veririksə, namazda Allaha təşəkkür edirik. Başqa cür baxsaq, Namaz sanki daha rahat asanaları özündə birləşdirən yoqa növüdür.

Son olaraq, əziz oxucu, bədəninə, zehninə və ruhuna qulluq etməyin hər şeydən önəmli olduğunu unutma və xüsusilə bu günlərdə sağlam qalmağa çalış! ❤

--

--