Məna axtarışı (2)

Tunay Novruz
5 min readJan 31, 2023

--

Ümumi bir məna axtarışının sonu yoxdur. Əslində bu cür nəticə də çox maraqlı olmazdı, bütün insanların yaşamaq üçün tək mənası, hədəfi olsa, bu heç bir mənanın olmamasından daha pis olardı. Həyatının mənasını axtaran bir süpürgə axırda tapır ki, bütün süpürgələrin var olma səbəbi zibil təmizləməkdir. Yəni sonda tapdığım məna nə olursa olsun, kütləvi bir şey olduğu üçün məyus ola bilərəm. Çünki hər kəs öz daxilində fərqli bir fərd olduğunu düşünür və tapacağı cavabın da qeyri adi bir şey olacağını gözləyir.
İnternetdən axtarıb oxuduqlarıma görə də deyə bilərəm ki, həyatın sirli bir mənası yoxdur, vardısa hələ heçkim tapmayıb (ya da tapıbılıb amma internetə düşməyib). Həyatımın mənasını internetdə tapa bilmədim, internetdə hər şeyi tapmaq mümkün deyilmiş.

Burda çətinlik ordadı ki, həmişə hansısa bir qruplaşmanın, cəmiyyətin, hansısa bir çoxluğun parçası olmuşam, həyatımın mənası kimi ağır bir mövzuda tək qalmışam və bunu tək başıma aydınlaşdırmalıyam. Hansısa mövzuda özümü harasa aid hiss etməmək çox qorxulu və çətindir.

Mənim üçün hazırlanmış bir məna və həyat yolu yoxdur. Bunu qəbul etmək birinci addımdır.

İkinci addım olaraq bu mənasız həyatı necə yaşayacağıma qərar verməliyəm. V. Frankl və adını xatırlamdağım digər çoxbilənlərin məsləhətindən yola çıxaraq, bu nəticəyə gəlmişdim ki, yaşamaq üçün bir mənaya ehtiyacım var. Biraz çıxılmaz vəziyyət yaranır, Yaşamaq üçün bir məna olmalıdır, amma görünən odur ki, mən bu mənanı tapa bilmirəm.

Öz mənanı özün yarat! Gəldiyim nəticə budur. Ev şəraitində, otaq temperaturunda lazımi məmulatlarla öz mənamı yarada bilərəm. Və yaxud imtahanlarda etdiyim ki, digər insanlardan kopyalayıb özümünküləşdirə bilərəm.

Həyat özü mürəkkəb bir şey olduğu üçün onun mənası da mürəkkəb komponentlərdən ibarət olacaq. Ətrafda yaşayan insanların nə üçün yaşadıqlarını bir siyahı halında yazıb, daha sonra özümün də ideyalarını bura əlavə edib, uzun bir mənalar siyahısı hazırlaya bilərəm. Daha sonra bu siyahıdan xoşum gələni və ya bir neçəsini seçib özüm üçün həyat qayəsi edə bilərəm. Bu üsul isə çox sadə görünür, bu qədər sadə?

Öz tapdığım nəticə məni qane etmədi çünki çox sadədir. Mənasızlıq ilə barışa bilməməyimin əsas səbəbi məchulluq idi. Gələcəyin məchul olması, nə edəcəyimi bilməməyim məndə qorxu yaradır. Necə ki, bir iş görərkən hazırlanmış bir plan ilə gedirlər, yaşayarkən də, hazırlanmış bir plana uyğun yaşamaq lazımdır. Burda indiyə qədər yaşadığım həyatın da təsiri var, çünki həmişə hanısa plan üzrə, əvvəlcədən hazırlanmış yol üzrə yaşamışam, məktəb, universitet, kariyera və s.

Bəlkə də tam əksinə indiyə qədər yaşadıqlarım, tamamilə şans hesabına baş verib. Həyat sən plan qurarkən başına gələnlərdir sözündən yola çıxsaq.

Başa düşdüm ki, eləməyə çalışdığım şey, karyera planlaması və ya hansısa işi həll etmək üçün hazırladığım planlar kimi, yaşamaq üçün də bir plan hazırlamaqdır. Fərz edək ki, uzun bir vaxt sərf etdim və növbəti 10 il necə yaşayacağımı bütün detalları ilə planladım. Bu halda yaşamaqdan heç bir zövq ala bilməyəcəm, çünki yaşayacağım hər şeyi qabaqcadan bilmiş olacam.

Son Nəticə (natamam):
Əlbəttə gələcəkdə bu haqda olan düşüncələrim dəyişəcək.

  1. Heçnəyin mənası yoxdur və sonda hər şey yox olacaq. Bununla barış!
  2. Həyat, yaşamaq əlimizdə olan bir hədiyyə kimidir, ondan zövq almaq olar.
  3. Yaşamaq üçün xüsusi bir mənaya,hədəfə ehtiyac yoxdur. Əgər mütləq olmalıdır deyirəmsə: insan həyata mənanı özü qatır, yaradır.
  4. Həyatın müxtəlif zamanlarında fərqli mənaları ola bilər. Həmişə bir şey üçün yaşamaq deyilən şey yoxudur. Eyni anda bir neçə fərqli şey üçün yaşamaq da olar.

Optimistik nihilizm haqqında

Əslində bütün bu yazdıqlarımı qısa bir adı var imiş: optimistik nihilizm. Loru dildə desək stəkanın dolu tərəfindən baxmaq, amma əvvəl axır o stəkan səni öldürəcək. Bu həyatda heçnəyin mənası yoxdur, elə buna görə də çalış həyatdan zövq alasan.

Carpe diem təhlükəsi haqqında
Yaxşı başa düşdük ki, sonda bizi heçlik gözləyir və biz həyatdan zövq almalıyıq. Onda bacardıqca həzz arxasında qaçaq? həyat bir gündü o da bugündü- kimi yaşayaq? Əlbəttə hedonist olan beynimiz bizi bu cür axmaq bir ideya ilə zövq arxasınca qaçan bir köləyə çevirə bilər. Həyat qısa anlıq zövqlərdən ibarət deyil. Tez tələsik aldığımız zövq bizə ölənə qədər bəs etməyəcək, üstəlik xoşbəxtlik, zövq gözləntimiz də daim natamam qalacaq və ya həmişə daha çoxunu istəyəcəyik. Bunu aktual bir nümunə ilə müqayisə edə bilərəm. 30 saniyəlik bir youtube videosu da bizi xoşbəxt edə bilər, 2 saatdan çox çəkən, klassik(super qəhraman filmlərini nəzərdə tutmuram) uzun bir film də. Fərq orasındadır ki, carpe diemçilik bizi 30 saniyəlik sonsuz sayda olan videoların aludəçisi edəcək. 2 saatlıq filmdən sonra özümü həm dincəlmiş, həm zövq almış hiss edirəm, filmin sonu var, üstəlik filmdən sonra bir müddət oturub onu təhlil də edirəm. Yenə zövq almış oluram amma bu zövq uzun bir müddətə yayılıb və aram-aram, dozasında gəlir. Eyni 2 saatı youtube shorts videosu izləyərək keçirsəm, özümü yorğun, vaxtımı boşa keçirdiyim üçün vicdan əzabı və sonuna çatmamıdığım üçün tamamlanmamış hiss edirəm. Yaxşı nümunə olmaya bilər, amma fərz edək ki, hər günü son gün imiş kimi yaşadım və gələcək üçün xüsusi nəsə etmədim. Biraz vaxt keçdikdən sonra hiss edəcəyim şey eyni youtube da hiss etdiyim kimi olacaq, yorğunluq, peşmanlıq və vicdan əzabı.

Necəsə ortada bir yerdə qərarlaşmaq lazımdır. Bu həyatı ikinci dəfə yaşamayacağımı bilirəm, amma önümdə ən az 15–20 il olduğunu fəz etsək (maşın vurmasa) deməli quracağım planlar, və zövqlərim də buna uyğun olmaldır. İki ehtimal var, geri qalan ömrümün ilk hissəsində bütün həyəcan və zövqləri əvvəl yaşayaram, həyatda ancaq kef çəkərəm. İkinci hissədə isə peşmanlıqlar, əzab əziyyətlər. Və ya əziyyəti də, zövqü də balanslı olaraq bütün vaxta paylaya bilərəm.

Yaşaya bilməyəcim o qədər şey var ki, necə özümü yaxşı hiss edim?

Məsələnin digər tərəfi isə belədir. Önümdə çox az vaxt və imkan var. Amma internet sağolsun qarşıma minlərlə fərqli həyat tərzi çıxarır. Mən isə onların hamısını yaşamaq istəyirəm. Alpinist olub yüksək dağlara çıxmaq, sörfinqi öyrənib okeanda dalğalar üstündə sörf etmək, kosmosa çıxmaq, amerikan tərzi hovuz partilərində axşamlamaq, şeir yazmaq, roman yazmaq, bir musiqi alətində çox yaxşı ifa etmək, məhşur olub hamı tərəfindən tanınmaq, ucqar bir meşədə kənd həyatı yaşamaq, səyyah olub bütün dünyanı gəzmək və buna oxşayan minlərlə başqa şey (instagrama baxıb bu siyahını uzatmaq olar)...

Yaşaya bilməyəcim o qədər həyat var ki, bütün bunlara çata bilməyəcəyimi düşünəndə məyus oluram və ruhdan düşə bilirəm. Bu cür hisslər sosial mediada başqalarının həyatını gördükcə daha da çoxalır.

Mənə elə gəlir bu da zövq arxasınca qaçan beynimizin həddindən çox dopamin üçün bizi saldığı başqa bir tələdir. Bu bir növ kef üçün yaşamağa oxşayır, digər yazıda da qeyd etdiyim kimi, kef, xoşbəxtlik məqsəd deyil nəticədir. Əlimizdə olanları qoyub olmayanlara fokuslansaq və həmişə onlar haqqında düşünsək, əlimizdə olan yüzlərlə şansı da qaçırmış olacağıq.
Yuxarıdakı düsturu biraz genişlədək:
Bu həyatda heçnəyin mənası yoxdur, elə buna görə də bu həyatdan zövq almağa çalışmaq lazımdır, üstəlik yaşaya bilməyəcəyin minlərlə seçimə baxmayaraq əlindəki çox az olanla da xoşbəxt ola bilərsən. Ya da elə həmişə nəyəsə çata bilmədiyin üçün məyus olub, səfil bir həyat yaşamaq…

Bu fikirlər tamamlanmayıb, və uzun müddət də natamam qalacaq. Mən həyatın sirrini tapmış müdrik qoca deyiləm, məncə elə bir adam yoxdur. Nə qədər ölçüb biçsəm də, hesablasam da həyat həmişə sürprizlərlə doludur, gələcəkdə fərqli hadisələr, fərqli insanlar bütün planları poza bilər və ya mütləq ki, pozacaq. Mənim həyata baxışım həmişə olduğu kimi yenə dəyişəcək. Bunları niyə yazıram? İndiyə qədər heç bir mövzu haqqında fikirlərimi harasa yazmamışam, və vaxt keçdikcə dəyişirəm, fikirlərim də dəyişir, amma geri qayıdıb baxanda dəyişmiş fikirlərimin çoxusu keçmişdə qalır və unduram. 10 il sonra bu yazını oxuyub, necə dəyişdiyimi görəcəm, bir növ keçmişdəki beynimə qısa bir baxış keçirəcəm (başıma ildırım düşməsə).

Telegram kanalında arada bir ağlıma gələnləri paylaşıram: https://t.me/virtual_agac

Optimistik nihilizm haqqında baxdığım, və xoşum gələn video:
https://youtu.be/MBRqu0YOH14

--

--

Tunay Novruz

Oxuduqlarımı, düşündüklərimi, öyrəndiklərimi arada bir yazıram...