Narmin Aliyeva
Pragmatech
Published in
4 min readAug 19, 2020

--

Kompüter texnikasının inkişaf mərhələləri

Keçən dəfəki məqaləmdə Kompüter texnikasının yaranma tarixindən danışdım. Artıq bildiyimizə görə ENİAC(Electronic Numerical Integrator and Computer) kompüterinin yaranmasından sonra kompüter texnikası və texnologiyası sürətlə inkişaf etməyə başlamış və bir sıra mərhələlərdən keçmişdir.

Əsasasında EHM-lər (Elektron Hesablama Maşınları) 5 nəslə bölünür. Və hər nəsil kompüterlərin necə işlədiyini əsaslı şəkildə dəyişən əhəmiyyətli bir texnoloji inkişaf ilə müəyyən edilir. Gəlin həmin nəsillərə nəzər salaq:

1940–1956 : Birinci nəsil — Vakuum borusu (Vacuum Tubes)

İlk hesablama maşınlarının element bazası vakuum boruları (elektron lampaları) idi. Ümumiyyətlə, EHM-ları elektron lampaları, kondensatorlar və relelər bazasında yaradılmışdı. Elektron lampaları böyük ölçülü kompenentlər idi və demək olar ki, elə buna görə də birinci nəsil kompüterlərin çoxu böyük həcm və kütəyə sahib idilər. Elektron lampalar böyük həcmli elektrik enerjisi sərf edirdi ,tez qızırdı və bu səbəbdən əlavə soyutma sistemindən istifadə olunurdu. Birinci nəsil kompüterlər saniyədə 10–20 min əməliyyat yerinə yetirə bilirdi. Əməliyyatlar yalnız bir əməliyyat yerinə yetirilib qurtardıqdan sonra digər əməliyyat yerinə yetirilirdi. Birinci nəsil kompüterlər üçün proqramlar kompüter tərəfindən daha başa düşülən olan “maşın dilində” tərtib edilirdi. Proqramın daxil olunması və yerinə yetirilməsi mürəkkəb proseslərlə həyata keçirilirdi və proqramda meydana çıxan səhvlərin aradan qaldırılması proqramlaşdırıcı(kimlər ki kompüter arxitekurasında dərin biliyə sahib idi) tərəfindən yerinə yetirilməsini tələb edirdi.

Birinci nəsil kompüterlərə bunları göstərmək olar: EDVAC, UNIVAC, IBM-701, IBM-650 və başqaları.

IBM-650

1956–1963 : İkinci nəsil — Tranzistorlar (Transistors )

Ikinci nəsil elektron hesablama maşınlarının element bazası kimi yarımkeçirici elementlərdən istifadə olunmuşdur. Bu kompüterlərdə elektron lampaları tranzistorlaryarımkeciricilərlə əvəz olunmuşdur. 1947-ci ildə Bell Laboratories ixtirası — tranzistor, vakuum boruları kimi, elektrik dövrəsində elektrik axını idarə etmək üçün istifadə edilə bilən kiçik bir elektron cihazdır. İkinci nəsil kompüterlər vakuum boruları əvəzinə tranzistorlarla yaradıldığı üçün bu kompüterlər daha sürətli, kiçik və daha davamlı idi. İkinci nəsildə artıq yüksək səviyyəli proqramlaşdırma dilləri (Fact, MathMatic, Algol, Fortran, Cobol və s.) inkişaf edirdi və bunun nəticəsində proqramlaşdırılma olduqca asanlaşdı və həll olunan məsələlərin əhatə dairəsi genişləndi.

İkinci nəsil dövründə təqdim olunan iki proqramlaşdırma dili, Common Business-Oriental Language (COBOL) və Formula Translator (FORTRAN) bu gün də ən çox istifadə olunan proqramlaşdırma dilləri arasında qalmaqdadır.

Birinci nəsil kompüterlərə bunları göstərmək olar: Honeywell 400, IBM 7094, CDC 1604, CDC 3600, UNIVAC 1108 və başqaları.

IBM-7094

1964–1971 : Üçüncü nəsil — İnteqral sxemlər ( Integrated Circuits )

Bu nəsil kompüterlərin yaradılması üçün əsas zəmin yeni element bazasının — mikroelektronikanın və inteqral sxemlərin yaranması oldu. Onlardan istifadə nəticəsində kompüterlərin qabarit ölçüləri kiçildi, iş etibarlılığı artdı, qurğuların paralel işləməsi prinsipi daha da təkmilləşdirildi. Mikrosxemlər təqribən 10 kvadrat millimetr ölçüyə malik olub, on min tranzistoru əvəz etməyə qadirdir. Bu isə maşınların sürətinin və səmərəliliyinin kütləvi şəkildə artmasına səbəb oldu. İlk dəfə kompüterlər əvvəlkilərdən daha kiçik və daha ucuz olduqları üçün kütləvi auditoriya üçün əlçatan oldu.

Üçüncü nəsil kompüterlərə bunları göstərmək olar: PDP-8, PDP-11, ICL 2900, IBM 360, IBM 370 və başqaları.

IBM-360

1971–bu günə qədər : Dördüncü nəsil — Mikroprosessor (Microprocessors)

Bu aralıqdakı illər böyük və çox böyük inteqral sxem (BİS, ÇBİS) texnologiyası ilə yaradılan kompüterləri əhatə edir. Bu cür inteqral sxemlərdə bir yarımkeçirici kristalda bir neçə yüz milyona (hətta bir milyarda) qədər texniki element (tranzistor və ya sxem) yerləşdirmək mümkündür. Bu nəsil kompüterin qabarit ölçüləri xeyli kiçilir (10–100 dəfələrlə), iş etibarlılığı isə çoxalır. Əvvəlki nəsil kompüterlərdə əməli yaddaş əsasən maqnit nüvələrində qurulduğu halda, IV nəsil kompüterlərdə əməli yaddaş, statik və dinamik yaddaş inteqral sxemlərində qurulur, nəticədə əməli yaddaşin işləmə sürəti və tutumu xeyli artmış olur.

1971-ci ildə, Intel Korporasiyasının mühəndisi, Ted Hoffa, bütün kompüter komponentlərini (CPU, yaddaş, giriş / çıxış kontrolları) tək bir çipə yerləşdirən Intel 4004 çipini hazırladı. 1940-cı illərdə bir otaq doldurmuş şey indi bir ovuc içərisinə yerləşirdi. Altair adlı ilk mikro-kompüter 1974–1975-ci ildə Intel 8080 mikroprosessoru əsasında istehsal olundu və bununla da insanlar ucuz, az enerji sərf edən, istifadə üçün həddən artıq rahat və əlavə işçi heyəti tələb etməyən, şəxsi istifadə üçün nəzərdə tutulmuş və bu səbəbdən fərdi kompüterlər adlanan kompüterlər əldə etdilər. 1981-ci ildə IBM ev istifadəçisi üçün ilk kompüterini, 1984-cü ildə isə Apple Macintosh-u təqdim etdi.

ALTAİR 8800
Macintosh

Beşinci nəsil — Süni intellekt: bu günün və gələcəyin…

Beşinci nəsil kompüterlər Suni İntellekt istifadəsinin başlanğıcıdır. Süni intellektə əsaslanan beşinci nəsil hesablama cihazları hələ inkişafdadır, baxmayaraq ki, bu gün istifadə olunan səs tanıma (voice recognition) kimi bəzi tətbiqlər var. V nəsil kompüterlərin məqsədi çox yüksək məhsuldarlığa və etibarlılığa malik olmaqla yanaşı, keyfiyyətcə yeni funksional tələblərə, o cümlədən sözlə, biliklər bazaları ilə işləməyə, süni intellekt sistemlərinin təşkilinə, istifadəçi ilə nitq və görmə vasitəsi ilə ünsiyyəti təmin etməyə, ən yeni proqram vasitələrinin yaradılması prosesini sadələşdirməyə və s. imkan verməkdir.

Mənbələr:

https://www.webopedia.com/DidYouKnow/Hardware_Software/FiveGenerations.asp#first-generation

https://www.geeksforgeeks.org/generations-of-computer/

https://www.hamisiburada.az/komputer-bloq

http://vig.prenhall.com/samplechapter/0130898155.pdf

--

--